"İndi aşıq musiqimiz dünyada daha yaxşı tanınmağa başlayıb və layiqincə təbliğ olunur"

"İndi aşıq musiqimiz dünyada daha yaxşı tanınmağa başlayıb və layiqincə təbliğ olunur"

Norveçdə fəaliyyət göstərən Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAGT-NAYO) Azərbaycanın qədim və zəngin mədəni irsinə daxil olan aşıq sənətinin xaricdə təbliği istiqamətində növbəti layihəni həyata keçirib. SİA-nın xəbərinə görə, əsasən norveçlilər və Norveçdə yaşayan əcnəbilər üçün nəzərdə tutulmuş bu layihə Oslo Universiteti ilə NAYO-nun əməkdaşlığı çərçivəsində həmin universitetin kitabxanasında keçirilib.

Tədbirdə Oslo Universitetinin professor və müəllim heyəti, eyni zamanda norveçli və əcnəbi tələbələr iştirak ediblər.

Norveç Konservatoriyasının tələbəsi olan həmyerlimiz Əhməd Mirzəyevin ifasında aşıq havalarımız və dünya klassik irsinin dəyərli nümunələri canlı olaraq səsləndirilib. Ə.Mirzəyevin ifasını tədbirə toplaşan əcənəbilər böyük maraqla qarşılayıblar. Aşıq musiqisini norveçlilərin də xüsusi diqqətinə səbəb olub.

Aşıq sənətinin təbliğini nəzərdə tutan "Lunsj med Kultur" layihəsi çərçivəsində gerçəkləşən bu tədbirdə Azərbaycan haqqında kitab və suvenirlərin də nümayiş olunduğunu deyən NAYO-nun sədri Ramil Əliyev bildirib ki, şifahi xalq sənətimizin dəyərli nümunəsi olan aşıq musiqimizin YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilməsi Azərbaycan mədəniyyətinin uğurudur.

"İndi aşıq musiqimiz dünyada daha yaxşı tanınmağa başlayıb və layiqincə təbliğ olunur. Biz də diaspor təşkilatı olaraq xalqımızın bu nadir mədəni incisinin Avropada təbliğini həyata keçirmək məqsədi ilə silsilə layihələri reallaşdırırıq" deyən R.Əliyev əlavə edib ki, təşkilatın gələcək layihələrində də bu musiqinin yer almasına səy göstəriləcək.

Bu günlərdə öz ecazkarlığı ilə hər kəsi heyrətə gətirən Azərbaycan xalçasının da YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin Norveçdə yaşayan azərbaycanlıları sevindirdiyini deyən R.Əliyev qeyd edib ki, biz gələcək layihələrimizdən birini də bu sənət növünə həsr edəcəyik.

Onun sözlərinə görə, bu dəfə keçirilən tədbirdə də Azərbaycan xalçasının kiçik ölçülü nümunələri sərgilənib və xalçaların rəngarəngliyi tədbiri daha da maraqli edib. NAYO-nun üzvü, Norveçdə musiqi təhsili alan Əhməd Mirzəyev isə bildirib ki, bir azərbaycanlı sənətçi olaraq milli musiqimizin Avropada təbliğindən qürur duyur."

Bu yaxınlarda Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə Azərbaycan 1-ci Beynəlxalq Aşıq Festivalı keçirilməsi məni çox sevindirdi. Mən də bu layihəyə öz töhvəmi Norveçdə NAYO-nun təşəbbüsü ilə aşıq sənəti ilə bağlı keçirilən mədəni layihədə çıxışımla verməyə çalışdım. İstədim ki, istər piano, istərsə də sazla ifa etdiyim milli musiqilərimizi layiqincə səsləndirərək onların gözəlliyini və bənzərsizliyini əcnəbilərə çatdırım"-deyə Ə.Mirzəyev bildirib.

O deyib ki, bir azərbaycanlı olaraq Norveçdə aşıq sənətinin daha geniş və əhatəli təbliği üçün konsert proqramı və konfrans keçirilməsini, Azərbaycandan da buraya aşıqlar dəvət edilməsini çox istərdim.

Bütün xəbərlər Facebook səhifəmizdə