Nazirlər Kabineti "Aviasiya ilə əlaqədar axtarış və xilasetmə bölmələrinin yaradılması və işlərinin aparılması Qaydaları"nı təsdiq edib
Nazirlər Kabineti "Aviasiya ilə əlaqədar axtarış və xilasetmə bölmələrinin yaradılması və işlərinin aparılması Qaydaları"nı təsdiq edib. Nazirlər Kabinetindən SİA-ya verilən məlumata görə, qaydalar Azərbaycanın hava məkanının bütün istifadəçilərinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, hava hərəkətinə xidmət üzrə yerli təşkilatlara, hava limanları və aerodromlara şamil olunur. Sənədə əsasən aviasiya qəzasına məruz qalan hava gəmisinə və bu hadisədən sonra sağ qalanlara kömək məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin, Müdafiə Nazirliyinin, Dövlət Mülki Aviasiya Administrasiyasının, Dövlət Sərhəd Xidmətinin və aviasiya axtarış-xilasetmə bölmələrinə malik olan digər təşkilatların iştirakı ilə axtarış və xilasetmə işləri aparıla bilər. Müdafiə Nazirliyinin aviasiya hadisəsinə məruz qalan hava gəmisi, həmçinin bu quruma məxsus olan ərazilərdə axtarış və xilasetmə ilə bağlı işlər müvafiq olaraq Müdafiə Nazirliyinin müraciəti və razılığı ilə həyata keçirilə bilər.
Aviasiya hadisəsi baş verdikdə, qüvvə və vasitələrin idarə olunması, əlaqələndirilməsinin təmin edilməsi məqsədi ilə Fövqəladə Hallar, Müdafiə, Daxili İşlər, Səhiyyə, Nəqliyyat nazirlikləri, Respublika Baş Prokurorluğu, Dövlət Mülki Aviasiya Administrasiyası, Dövlət Sərhəd Xidməti, "Azərbaycan Hava Yolları" QSC və digər təşkilatlardan ibarət Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzi yaradılmalıdır.
Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzi yaradılmadığı təqdirdə, Fövqəladə Hallar Nazirliyi Vahid əlaqələndirici axtarış və xilasetmə mərkəzinin səlahiyyətlərini yerinə yetirəcək. Aviasiya qəzasına məruz qalan hava gəmilərinə və aviasiya hadisəsindən sonra sağ qalan şəxslərə onların milli mənsubiyyəti və statusundan, habelə aşkar edildiyi şəraitdən asılı olmayaraq kömək göstərilməlidir.
Aviasiya axtarış-xilasetmə bölmələrinin hazırlığı müvafiq mərkəzi icra hakimiyyəti orqanları və digər təşkilatlar tərəfindən təsdiq edilməklə Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış proqramlara əsasən həyata keçirilməlidir.
Qərarda axtarış və xilasetmə işlərinin başlanması barədə qərarın qəbulu, işlərin təşkili və aparılması, axtarış-xilasetmə avadanlığından istifadə, əməliyyatların planlaşdırılması, şəxsi heyətin və təlimlərin hazırlanması, Xəzər dənizinin Azərbaycana məxsus sektorunda qəzaya uğramış hava gəmisinin axtarışı və bir sıra məsələlər əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB