“Şərq xalqlarının Bakı qurultayı – 1920: tarix və reallıqlar”

“Şərq xalqlarının Bakı qurultayı – 1920: tarix və reallıqlar”

Bu gün AMEA Rəyasət Heyətinin konfrans zalında AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutunun birgə təşkilatçılığı ilə "Şərq xalqlarının Bakı qurultayı – 1920: tarix və reallıqlar" adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb.

SİA-nın xəbərinə görə, konfransda Azərbaycan, Niderland, Rusiya, Böyük Britaniya, Almaniya, Yaponiya, İran, Türkiyə, Özbəkistan və Gürcüstandan alimlər iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professorGövhər Baxşəliyeva 90 il öncə baş tutmuş Şərq xalqlarının Bakı qurultayının Bakıda kommunistlərin təşəbbüsü ilə keçirildiyini və bu qurultayda 37 ölkənin nümayəndəsinin iştirak etdiyini nəzərə çatdırdı. O, bu qurultayın Şərq xalqlarının milli oyanış, azadlıq hərəkatında çox vacib rol oynadığını və qurultayın materiallarının zaman-zaman yenidən araşdırılmasının, hadisələrə obyektiv yanaşmağın vacibliyini qeyd etdi.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, AMEA Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Şərq xalqlarının Bakı qurultayının tariximizin silinməz səhifəsi olduğunu və onun hansı qurum tərəfindən keçirilməsindən asılı olmayaraq, tariximiz olduğuna görə vaxtında açılmamış sirlərinin arxiv sənədləri vasitəsilə üzə çıxarılmasının vacibliyini qeyd etdi.

Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutunun Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktoru, Amsterdam və Leiden Universitetlərinin professoru Turac Atabəki konfransın böyük əhəmiyyətini vurğulayaraq AMEA ilə birgə artıq 4-cü konfransı təşkil etdiklərini söylədi. O, təmsil etdiyi institutun arxivləri haqqında məlumat verərək bugünkü konfransın təşkilində böyük əməyi olan AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidinin Niderlandın Beynəlxalq Sosial Tarix İnstitutu ilə 20 ilə yaxın sıx əməkdaşlıq etdiyini qeyd etdi.

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru tarix elmləri doktoru, professor Dilarom Alimova, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynov, Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universitetinin professoru Yavuz Aslan, Qazaxıstan Tarix İnstitutunun direktoru, professor Səttar Məcidov çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən danışdılar.

Sonra "Şərq xalqlarının I qurultayı (1920)" adlı tarixi-sənədli film nümayiş etdirildi. Konfrans öz işini 24 noyabr 2010-cu il tarixədək AMEA Şərqşünaslıq İnstitutunda davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə