Milli Məclisin növbədənkənar sessiyasında 23 məsələyə baxılacaq

Milli Məclisin növbədənkənar sessiyasında 23 məsələyə baxılacaq

Sabah Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək. SİA-nın xəbərinə görə, iclasın gündəliyinə 23 məsələ daxildir.

Bunlar "Normativ hüquqi aktlar haqqında" Konstitusiya qanununda, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət sirri haqqında”, “Sərhəd qoşunları haqqında”, “Dövlət sərhədi haqqında”, “Mülki müdafiə haqqında”, “Dövlət rüsumu haqqında”, “Qeyri Hökumət Təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Siyasi partiyalar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Təhsil haqqında”, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında”, “Bədən tərbiyyəsi və idman haqqında” və s. qanunlara, o cümlədən Əmək, Vergi məcəllələrinə dəyişiklik layihələridir.

Deputatlar yeni hazırlanan “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” (I oxunuş), “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” (III oxunuş), "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında" (II oxunuş), “Məşğulluq haqqında” (II oxunuş) qanun layihələrinə də baxacaqlar.

Bundan başqa, iclasda Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsi də müzakirə olunacaq.

Qeyd edək ki, növbədənkənar sessiya müddətində ümumilikdə üç plenar iclasın keçirilməsi nəzərdə tutulur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə