Noyabrın 27-28-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək Dünya Azərbaycanlı Gənclərin I Konqresi çərçivəsində "Virtual həftə sonu məktəbi"nin təqdimatı olacaq. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təqdimat mərasimi tədbirin ikinci günü baş tutacaq. Bu yeni layihə barədə iştirakçılara və qonaqlara Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev məlumat verəcək.
Layihənin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlara və gənclərə müasir informasiya texnologiyaları vasitəsilə ana dili, Azərbaycan tarixi, mədəniyyəti və coğrafiyasının tədris edilməsi, soydaşlarımızın milli ruhda tərbiyə olunmasına xidmət etməkdir. "Virtual həftə sonu məktəbi" xarici ölkələrdə yaşayan və Azərbaycan haqqında yetərli bilgisi olmayan hər bir azərbaycanlı gəncə virtual məkanın imkanlarından istifadə edərək ana dilini öyrənmək, doğma Vətənin tarixini, coğrafiyasını, ədəbiyyatını və mədəniyyətini mənimsəmək imkanı yaradır.
Qeyd edək ki, bu ideya ilk dəfə olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ilin noyabrın 17-19-da Bakıda keçirilmiş Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında irəli sürülüb. Qurultay çərçivəsində türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, türk dünyasının mədəni irsinin təbliği, türk gəncliyinin qarşısında duran vəzifələr, onların milli ruhda tərbiyə olunması problemləri, müasir qloballaşma proseslərinin xalqlarımızın həyatına təsiri ilə bağlı da məsələlər müzakirə edilib.
Layihənin həyata keçirilməsinə 2009-cu ildə başlanılıb. Bu zaman müxtəlif ölkələrin bu sahədəki təcrübəsi öyrənilib. Layihə Azərbaycan Təhsil Nazirliyinin müvafiq tədris proqramları, dərs vəsaitləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test vəsaitləri əsasında hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB