Mübariz Qurbanlı: “Ermənistan işğalçı olduğu halda yenidən hərbi çağırışlar edirsə, bu onun iştahasının daha böyük olduğuna işarədir” - AÇIQLAMA
"Həştərxan görüşü və burada Rusiya prezidentinin iştirakı rəsmi Moskvanın İrəvana təsirinin hansı gücə malik olduğunu bir daha göstərdi". SİA-ya açıqlamasında bu sözləri deyən millət vəkili Mübariz Qurbanlı dekabr ayının əvvələrində Qazaxıstanın Astana şəhərində keçiriləcək sammit və burada müzakirə mövzusu olacaq Dağlıq Qarabağla bağlı müxtəlif fikirlər söyləməyin mümkün olduğunu bildirib.
Millət vəkilinin fikrincə, siyasi iradə ortaya qoyulduğu halda müəyyən nəticə də əldə etmək mümkündür: "Həştərxanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşündə hərbi əsirlərin və həlak olmuş əsgərlərin cəsədlərinin dəyişdirilməsi barədə razılıq onu göstərir ki, siyasi iradə olduqda, daha doğrusu, Ermənistana təsir üçün siyasi iradə olduqda nəticə qazanmaq, müəyyən irəliləyişə nail olmaq mümkün olur. Müşahidə edirik ki, Ermənistana lazımı səviyyədə təzyiq olduqda bu ölkə geri çəkilir. Həştərxan görüşü və burada Rusiya prezidentinin iştirakı rəsmi Moskvanın İrəvana təsirinin hansı gücə malik olduğunu bir daha göstərdi. Məhz Rusiyanın təsiri ilə Ermənistan hərbçilərimizin cəsədlərini geri qaytarmağa məcbur oldu. Əlbəttə ki, əldə olunan uğurlar Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Prezidentimizin apardığı uğurlu siyasətin nəticəsi də danışıqların növbəti mərhələsində öz müsbət nəticəsini verməlidir".
Astanada münaqişənin həlli ilə bağlı ciddi müzakirələrin olacağını gözlədiyini deyən M.Qurbanlı qeyd edib ki, ATƏT-in Minsk qrupunun üzvləri, ABŞ dövlət katibi Hillari Klinton və bir sıra dövlət başçılarının sammitdə olması Dağlıq Qarabağ probleminin həlli üçün müəyyən ümidlər oyadır: "Belə olan halda Astanada Ermənistana müəyyən təzyiqlərin olacağını düşünürəm. Bu təzyiqlər nəticəsində Ermənistan danışıqlarda baza prinsipləri ilə əlaqədar olan razılaşmalara müvafiq addımlar atmağa sövq ediləcək. Gözləntilərimizə baxmayaraq, hər halda hər şeyi zaman göstərəcək".
Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyaya son səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi seperatçı bəyanatlara da toxunan millət vəkili bir neçə gün öncə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatı xatırladıb: "Bəyanatda tərəfləri hərbi ritorikadan çəkinməyə çağırış səslənib. Hərbi ritorikadan çəkinməyə çağırış isə xüsusi olaraq Ermənistana ünvanlanıb. Ermənistan prezidenti olduqca aqressiv bir çıxış edib. Hamı bilir ki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. İşğala məruz qalan tərəfin öz torpaqlarını azad etməsi ilə bağlı bəyanatlar verməsi çox normaldır. Bu Azərbaycanın haqqıdır. Amma Ermənistan işğalçı olduğu halda yenidən belə çağırışlar edirsə, bu onun iştahasının daha böyük olduğuna işarədir. Bu bəyanatlar isə bütün sahələrdə işğalçıya qarşı təzyiqlərin olmasını zəruri edir. Ermənistan prezidentinin Moskvada səsləndirdiyi fikirlər problemin həllinə yardım etmir və danışıqlar prosesində əngəllər yaradır. Ümid edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri bu barədə ciddi düşünməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB