Bəhruz Quliyev: “Paşinyan pafosdan uzaq durmalı və imitasiyadan əl çəkməlidir” AÇIQLAMA

Bəhruz Quliyev: “Paşinyan pafosdan uzaq durmalı və imitasiyadan əl çəkməlidir” AÇIQLAMA

“Bu gün Azərbaycanın istər regionda, istərsə də beynəlxalq aləmdə tutduğu mövqeyi və əhəmiyyətli rolu ilk öncə onu təsdiq edir ki, ölkəmizdə mövcud olan dövlətçilik quruluşu, aparılan müstəqil siyasət bir çox ölkələrin özlərinə arzuladıqları bir reallıqdır”. Bu fikirləri SİA-ya “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin çıxışını şərh edərkən deyib.

Siyasi ekspert qeyd edib ki, dünyanın Azərbaycana etibarlı, ciddi tərəfdaş kimi baxması dövlətimizin son illərdə formalaşdırdığı imicinin bariz göstəricisidir: “Azərbaycan dünyanın qəbul etdiyi demokratik, inkişaf etmiş, iqtisadi potensialı yüksək, siyasi gücü, hərbi qüdrəti olan dövlət kimi bütün sahələrdə öz sözünü deməkdədir. Artıq ölkəmiz istər təşəbbüskar, istərsə də iştirakçı olaraq qlobal layihələrdə öncül yerini tutmaqdadır. Azərbaycanla müqayisədə isə Ermənistan terrora dəstək verən, eləcə də beynəlxalq hüquq normalarına məhəl qoymayan və geridəqalmış ölkə imicini qazanıb. Ona görə də Ermənistan beynəlxalq əhəmiyyətli layihələrdən təcrid vəziyyətindədir. Bu gün Azərbaycanla Ermənistanı müqayisə etdiyimizdə Prezidentin dediyi kimi, ortada nə qədər nəhəng bir fərqin olduğunu müşahidə edə bilərik. Ümumiyyətlə, cənab İlham Əliyevin çıxışını onun uzagörən siyasətinin məntiqi nəticəsi kimi də dəyərləndirə bilərik”.

B.Quliyev məsələyə digər tərəfdən yanaşaraq bildirib ki, Serk Sarkisyanın başçılıq etdiyi quldur rejim getdi və onu "xalqın içindən çıxan" Nikol Paşinyan əvəzlədi: "Əgər indiki hakimiyyət həqiqətən də Ermənistanı illər uzunu düşdüyü bəladan xilas etmək istəyirsə, ritorik, ambisioz, iddialı fikirlərdən kənarda durmalı, gerçəkliyi dərk edib, doğru qərar verməyi bacarmalıdır. Yəni yeni hakimiyyətin ölkəni düşdüyü ağır vəziyyətdən çıxararaq dünyaya inteqrasiya etdirmək, demokratik və müstəqil quruluşunu bərpa etmək fikri varsa, pafosdan, süni imitasiyalarından əl çəkməlidir. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda danışıqlar masasına ciddi tərəf kimi oturmalıdır. Yəni, hazırkı hakimiyyət yenə də Serj Sarkisyanın sərsəm fikirləri ətrafında "bəyanatlar" verəcəksə, hərbi xunta rejiminin ideyalarını davam etdirəcəksə, bu zaman Ermənistan düşdüyü vəziyyətdən də acınacaqlı vəziyyətə düçar olacaq, məhvə doğru sürətlə sürüklənəcək. Paşinyan ciddi siyasətçi imicini formalaşdırmağa məcburdur, xüsusilə Azərbaycanın gücünü nəzərə almalıdır. Çünki o hakimiyyəti ələ aldıqdan sonra Azərbaycanın sərt və möhkəm silləsini görməmişdi. Təkcə, Naxçıvanda qüdrətli Ordumuzun hərbi istehkamlarını möhkəmləndirməsi, döyüş mövqeyində strateji nöqtələrinin bərkidilməsi artıq Ermənistanda ciddi təşviş yaradıb. Eləcə də erməni mətbuatı Azərbaycan Ordusunun gücü barədə müəyyən fikirlər dərc etməkdədir. Necə deyərlər, bu reallıq Paşinyana sadəcə, yüngül bir ismarıc idi. Ona görə də erməni ictimaiyyətinin təlaşa düşməsi faktını bu ölkənin yeni hakimiyyəti anlamalıdır. Onlar anlamalıdırlar ki, Azərbaycan işğal altındakı torpaqlarını hər an azad edə bilər”.

Siyasi ekspert Azərbaycanın qüdrətinin yalnız Silahlı Qüvvələr kontekstində deyil, o cümlədən, regional siyasətdə də lider olduğunu bildirib və qeyd edib ki, Ermənistanın Avropaya münbit çıxışı yalnız ölkəmizlə konstruktiv dialoqdan keçir: “Məhz liderlik faktoru dediyimizdə bu amillər də nəzərə alınmalı, ölkəmizin təşəbbüskar və təşkilatçılıq fonundakı fəaliyyəti xüsusilə vurğulanmalıdır. Ölkə başçımız “Biz ardıcıl siyasət aparmaqla ərazimizin bütövlüyünü bərpa edəcəyik” fikirlərini də həmin istiqamətdə doğru yönəldib və Ermənistanın yeni hakimiyyətinə mesajını, tövsiyələrini çatdırıb. Təbii ki, Paşinyan bütün bunlar barədə düşünməli, pafosdan, imitasiyadan uzaq durmalı, real və ciddi şəkildə danışıqlara qatılmalı, Azərbaycan Prezidentinin tövsiyələri əsasında əvvəlki rejimin iddialarını, xülyalarını rədd etməlidir. Bütövlükdə götürəndə, Paşinyan bilməlidir ki, əgər o Dağlıq Qarabağ separatçılarının danışıqlara tərəf kimi cəlb edilməli olduğunu iddia edirsə, onda “DQR”-in büdcəsinin formalaşmasında iştirakına, ordusunun Dağlıq Qarabağda mövcudluğuna son qoymalıdır. Yəni o, doğrudan da “DQR”in “müstəqil subyekt” olduğunu iddia edirsə, bu zaman Ermənistan qoşunlarını oradan çıxarmalı, Azərbaycanın Dağlıq Qarabağla təmaslarına mane olmamalıdır. Məhz bundan sonra Azərbaycan Dağlıq Qarabağla hər hansı danışıqlar apara və problemi həll edə bilər. Lakin bildiyimiz qədər, işğal faktı ortadadır və bu faktorun arxasında dayanan Ermənistan dövlətidir. Ona görə də Azərbaycan separatçı “DQR”lə deyil, yalnız Ermənistan tərəfi ilə danışıqlar apara bilər. Paşinyan məhz bu reallıqları dərk etməlidir. Çünki onun başqa bir çıxış yolu da yoxdur”.

Bütün xəbərlər Facebook səhifəmizdə