Elmir Vəlizadə: "Sərginin açılış mərasimlərində prezidentimizin iştirak etməsi ölkə rəhbərliyinin sərgiyə verdiyi əhəmiyyəti göstərir"

Elmir Vəlizadə: "Sərginin açılış mərasimlərində prezidentimizin iştirak etməsi ölkə rəhbərliyinin sərgiyə verdiyi əhəmiyyəti göstərir"

Bu gün 16-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnfomasiya Texnologiyaları sərgisinin açılışına həsr olunan mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, "Huavei Tech İnvestment Co LTD" Azərbaycandakı nümayəndəliyinin direktoru Fu Quoksin, İtesa Caspian şirkətinin direktoru Fərid Məmmədov, sərginin meneceri Rəna Abutalıbova iştirak ediblər.

Tədbiri giriş sözləri ilə açan Elmir Vəlizadə bildirib ki, bu konfransa Azərbaycanda prezident səviyyəsində diqqət ayrılıb və artıq neçə illərdir ki prezidentimizin bu sahəyə göstərdiyi qayğı göz qabağındadır: "16 illik tarixə malik olan bu sərgi Xəzər regionunda hər il dünya ictimaiyyətinin diqqətini cəlb edən aparıcı İKT forumu hesab olunur. Son bir neçə ildə sərginin açılış mərasimlərində prezidentimizin iştirak etməsi, ölkə rəhbərliyinin sərgiyə verdiyi əhəmiyyəti göstərir".

Nazir müavini konfransda iştirak edənlərin sayının getdikcə artdığını deyib və bunu konfransa olan marağın artması ilə əlaqələndirib. Onun sözlərinə görə, sərgidə iştirak edənlərin sayı 40 faizə qədər artıb.

Sərgi haqqında məlumat verən müavin onu da qeyd edib ki, iqtisadiyyatın önəmli sahəsi olan İKT sahəsinin inkişafına beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycan Respublikası Rabitə və İnformasiyav Texnologiyaları Nazirliyi (RİTN) də xüsusi qayğı göstərir: "Sərgi 4 gün davam edəcək, iştirakçılar bu müddət ərzində ən yeni texnologiyalarla tanış olacaqlar. Builki sərgidə 15 ölkədən 115 nümayəndə iştirak edəcək. Təbii ki bu sahənin inkişafına RİTN də böyük dəstək verir".

Sabahdan etibarən Bakı Ekspo Mərkəzində başlayan sərgiyə iştirakçıları pulsuz aparan marşrut fəaliyyət göstərəcək. Marşrut hər yarım saatdan bir Nərimanov metro stansiyasının yaxınlığından Bakı Ekspo Mərkəzinə doğru hərəkət edəcək.

Qeyd edək ki, bu il sərgi ilə paralel Azərbaycanda nazirlər şurasının 43-cü iclası keçiriləcək. İclasda əməkdaşlıq və başqa məsələlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə