"Paşinyan hakimiyyətini möhkəmləndirmək üçün Qarabağ klanına sarsıdıcı zərbə vurmağa çalışacaq"
Son günlər Azərbaycanın işğal edilən Dağlıq Qarabağ bölgəsində ermənilər arasında hərbi xuntaya qarşı etirazlar başlayıb. Bəzi yerlərdə artıq separatçı rejimlə əhali arasında ciddi toqquşmalar da baş verib. Bəzi siyasi ekspertlər Dağlıq Qarabağda baş verənlərin Ermənistanın yeni baş naziri Nikol Paşinyanın separatçı rejimi dəyişmək üçün atdığı hansısa bir addım kimi dəyərləndirirlər. Söhbət etdiyimiz müsahiblərimiz də bu amili istisna etmədilər.
Politoloq Qabil Hüseynli:
- Şübhəsiz ki, qondarma Dağlıq Qarabağ rejimində iğtişaşlar və kütləvi etiraz aksiyalarının başlanılması Paşinyanın separatçı rejimi dəyişmək üçün atdığı bir addımdır. Bundan əvvəl başlanılan hərəkatı keçmiş sabiq prezident Ter-Petrosyan dayandırdı, Paşinyana və S.Sarkisyana müraciət edərək, burada İrəvandakı hadisələrə bənzər hadisələrin təkrarlanmasının faciəvi olacağını söylədi. Faciəvi deyəndə, o Azərbaycan Ordusunun hücum edə biləcəyini nəzərdə tutmuşdu. Nəticədə, gözlənilən qarşıdurma dayandırıldı. Amma bu dəfə, düşünürəm ki, insanlar B.Saakyanın qurduğu rejimdən cana doyublar. İrəvanın hərbi kontingenti ordadır və hər şeyə nəzarət edir. Qondarma Saakyanın hərbi xuntası dövründə insanların maddi durumu çox pisləşib və əhali dilənçi vəziyyətində yaşayır. Bu baxımdan, insanlar ayağa qalxır. Bir sözlə, son nəticədə, mütləq Xankəndidə hakimiyyət dəyişikliyi baş verəcək və Paşinyan hakimiyyətini möhkəmləndirmək üçün Qarabağ klanına sarsıdıcı zərbə vurmağa çalışacaq.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov:
- Azərbaycanın işğal altında olan ərazilərində mövcud siyasi hakimiyyətə qarşı aksiyalar Qarabağda yaşayan ermənilərin nə qədər acınacaqlı durumda yaşadıqlarının təzahürüdür. Cinayətkar Serj Sarkisyanın yaratmış olduğu cinayətkar siyasi rəhbərliyin əlində, faktiki olaraq, Qarabağda yaşayan erməni əhalisi girova çevrilibdir. Bu cinayətkar siyasi hakimiyyət zaman-zaman öz çirkin niyyətlərini Dağlıq Qarabağda və ətraf rayonlarda həyata keçiribdir. Biz, hər zaman bəyan etmişik ki, öz torpaqlarımızı işğaldan azad edəcəyik və faktiki olaraq, cinayətkar siyasi hakimiyyətin əsarətində olan və Azərbaycan vətəndaşları olan Qarabağda yaşayan erməni xalqını da həmin cinayətkar hərbi xuntanın əsarətindən azad edib, birgəyaşayışı təmin edəcəyik. Düzdür, hələ bu narazılıqlar və aksiyalar oradakı erməni əhalisinin özü tərəfindən idarə olunmur və burada, şübhə etmirəm ki, Nikol Paşinyanın və beynəlxalq erməni lobbisinin birbaşa rolu vardır. Bako Saakyan, faktiki olaraq, Sarkisyan rejiminin yetirməsidir və hazırkı hakimiyyət üçün arzu olunan şəxs deyildir və o səbəbdən də, onu devirməklə hazırkı siyasi hakimiyyət öz adamını hakimiyyətə gətirməyi hədəf götürmüşdür. Hazırda Qarabağda yaşayan xalqın narazılığının təkcə separatçı rejimə deyil, birbaşa Ermənistanın özünə qarşı çevrilməsinə inanmıram. Baxmayaraq ki, orada ermənilərin həyat şəraiti, dolanışığı acınacaqlıdır, faktiki olaraq, istismar edilir, heç bir demokratiyadan, azadlıqdan danışmaq belə mümkün deyildir, amma vəziyyətin nəzarətdən çıxmasına inanmıram ki, erməni lobbisi imkan versin. Sadəcə, vəziyyət gərginləşəcəyi təqdirdə, biz məqamı düzgün idarə etməliyik. Hərbi, kriminal, quldur rejimin əlindən və daşnak-erməni lobbisinin əsarətindən Qarabağdakı erməni əhalisini də azad etməliyik, ədaləti bərpa edib öz faktiki ərazilərimizdə qanunlarımızın təmin edilməsinə nail olmalıyıq. Fikirləşirəm ki, Azərbaycan dövləti bu məqamda daha çevik və düşünülmüş addım atmalıdır və bütün beynəlxalq hüququn imkanlarını işə salaraq, dünya birliyi tərəfindən qəbul edilən ərazilərinə nəzarətin bərpası istiqamətində fəaliyyətini gücləndirməlidir. Hətta bu məqamda hərbi gücün tətbiqi də faydalı ola bilər.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB