Elçin Mirzəbəyli: "Prezidentin xəbərdarlığı Ermənistana verilən şansdır" MÖVQE

Elçin Mirzəbəyli: "Prezidentin xəbərdarlığı Ermənistana verilən şansdır" MÖVQE

"Prezident İlham Əliyev ötən gün Ramazan ayı ilə bağlı təşkil edilən iftar süfrəsində çıxışında Ermənistanda uzun illər boyu qanunsuz yollarla hakimiyyətə sahiblənmiş və kütləvi etiraz aksiyaları nəticəsində istefaya məcbur edilmiş hərbi-cinayətkar xuntanın quldur, qaniçən, insanlıq əleyhinə cinayətlər törədən, bəşəri dəyərlərə, qanunun aliliyinə, beynəlxalq hüquqa meydan oxuyan rejimin nəinki azərbaycanlıların, hətta ermənilərin də düşməni olduğunu bəyan edib, dünyanı bu rejimin cinayətkar mahiyyətinə və əməllərinə diqqətlə yanaşmağa çağırıb”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, cinayətkar rejimin bəlli bir zaman kəsiyində himayə olunması terroru dövlət siyasətinə çevirən, qəddar uşaq qatillərindən ibarət cinayətkar qrupun hakimiyyətinin ömrünün uzanmasına səbəb olub: “Bunun ziyanı isə yalnız Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılan danışıqlar prosesinə, regionda davamlı sülhün və əmin-amanlığın bərpa olunmasına deyil, həm də erməni xalqına və onun mənafeyinə dəyib. İşğal faktoru üzərindən yürüdülən militarist siyasət, neofaşizm təbliğatı, qonşu dövlətlərə qarşı ərazi iddialarının, qonşu xalqlara qarşı dözümsüzlüyün təşviqi və yarıtmaz idarəçilik Ermənistanı regionda həyata keçirilən bütün layihələrdən kənarda qoyub, əhalinin ölkədən qaçmasına, yaxud olduqca ağır, məşəqqətli sosial şərtlər altında yaşamasına zəmin yaradıb”.

Siyasi şərhçi söyləyib ki, Azərbaycanın öz ədalətli mövqeyinə, təbii resurslarına, insan potensialına söykənərək yürütdüyü sabit və uzaqgörən siyasət dövlətimizin başçısının da qeyd etdiyi kimi, Ermənistanı iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Bu dalandan yeganə çıxış yolu isə işğala son qoyulması, dinc birgəyaşayışdır: “Azərbaycanın işğal edilmiş ərazilərində, Dağlıq Qarabağda formalaşdırılmış separatçı, cinayətkar rejimə qarşı həyata keçirilən etirazlar da buradakı real vəziyyət haqqında Prezident İlham Əliyevin bu günədək səsləndirdiyi fikirlərin təsdiqidir. Azərbaycan Prezidenti ən yüksək kürsülərdən dəfələrlə bəyan edib ki, işğal altındakı torpaqlarımızda yaşayan etnik ermənilər İrəvandakı cinayətkar rejimin və onun Xankəndidəki oyuncaq əlaltılarının girovlarıdır. Bu ərazilər beynəlxalq və milli hüququn nəzarətindən kənarda terror qruplarının və digər qanunsuz hərbi birləşmələrin təlim mərkəzinə çevrilib”.

E. Mirzəbəyli qeyd edib ki, Prezident İlham Əliyevin ötən gün söylədiyi kimi əgər Ermənistanın yeni hakimiyyəti baş verənlərdən nəticə çıxaracaqsa, öz xalqının mənafeyi naminə konstruktiv mövqe nümayiş etdirəcəksə, şübhəsiz ki, o zaman dayanıqlı sülh mümkün olacaq: “Prezident İlham Əliyevin xəbərdarlığı Ermənistana və onun yeni hakimiyyətinə verilən şansdır. Bu şansdan istifadə etməklə münaqişənin dinc və ədalətli həllinə nail olmaq mümkündür. Bu halda Ermənistan bir dövlət kimi mövcudluğunu qoruya, iqtisadiyyatını inkişaf etdirə, erməni xalqının rifahını təmin edə bilər. Əks təqdirdə, Azərbaycanın ardıcıl siyasəti, iqtisadi və hərbi gücü, daim artmaqda olan geosiyasi əhəmiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün əsas vasitəyə çevriləcək. Bu halda isə Ermənistanı indikindən daha acınacaqlı bir perspektiv gözləyir".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə