Prezident İlham Əliyev İSAF-ın iclasında iştirak edib

Prezident İlham Əliyev İSAF-ın iclasında iştirak edib

Portuqaliyanın paytaxtı Lissabonda NATO-nun zirvə toplantısı çərçivəsində Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) töhfə verən ölkələrin dövlət və hökumət başçılarının iclası keçirilib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iclasda iştirak edib. Prezident İlham Əliyev iclas başlamazdan əvvəl dünya ölkələrinin liderləri ilə görüşüb.

NATO ölkələrinin dövlət və hökumət başçılarının, habelə Əfqanıstan prezidenti Həmid Kərzainin, BMT-nin baş katibi Pan Gi Munun, Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun və digər beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etdikləri iclasda çıxış edən NATO-nun baş katibi Anders Foq Rasmussen deyib ki, ötən illərdə Əfqanıstan böyük inkişaf yolu keçib, ölkədə geniş bərpa və quruculuq işləri aparılıb, təhlükəsizlik gücləndirilib, idarəçilik təsisatları möhkəmləndirilib. Əfqanıstanın bu inkişafında iclasda iştirak edən tərəflərin hər birinin payı var.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib. Dövlət başçısı bildirib ki, Azərbaycanın Şimali Atlantika Alyansı ilə əməkdaşlığı faydalıdır. Ölkəmizin NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramında və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında fəal olduğunu deyən prezident İlham Əliyev Azərbaycanın NATO-nun dünyada sülhyaratma əməliyyatlarında da yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Azərbaycan prezidenti sülhməramlı qüvvələrimizin NATO-nun Əfqanıstanda apardığı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatına hərbi və mülki sahədə töhfə verdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə