Yeni Azərbaycan Partiyasının yaranmasının 18-ci il dönümü ilə bağlı təntənəli mərasim keçirilib - İLDÖNÜMÜ

Yeni Azərbaycan Partiyasının yaranmasının 18-ci il dönümü ilə bağlı təntənəli mərasim keçirilib - İLDÖNÜMÜ

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 18-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Hyatt Regency otelinin "Quba" zalında baş tutan tədbirə YAP-ın yaradılmasında Ulu Öndərlə çiyin-çiyinə mübarizə aparmış ziyalılar, bu gün partiyanın siyasi-ideoloji xəttini müəyyənləşdirən funksionerlər, hökumət və dövlət nümayəndələri, Milli Məclisin deputatları, media mənsubları və digər nümayəndələr qatılıblar.

SİA-nın məlumatına görə, bu gün keçirilən tədbirdə YAP-ın icra katibi Əli Əhmədov, onun müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, həmçinin partiyanın üzvü olan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, təhsil naziri Misir Mərdanov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov da qatılıblar.

Tədbirdə çıxış edən YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov partiya sədrini və üzvlərini Yeni Azərbaycan Partiyasının yaranmasının 18-ci ildönümü münasibətilə təbrik edib. O, 7 noyabr parlament seçkilərində qalib gəlmiş 71 YAP üzvünü qələbə münasibəti ilə təbrik edib və YAP-ın yaranmasından keçən 18 ilin şərəf və ləyaqət ili olduğunu vurğulayıb: "Yeni Azərbaycan Partiyasının (YAP) 18 illik tarixi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarına, Azərbaycan xalqına sadiqlik nümunəsidir. 18 il Azərbaycanın möhkəmlənməsi, qüdrətlənməsi və dünyada tanınması ilidir. 18 ildir YAP Azərbaycan miqyasında siyasi nəhəngdir".

Əli Əhmədov qeyd edib ki, keçən əsrin 90-cı illərinin əvvəllərində YAP-ın yaradılması tarixi zərurətdən doğub. Partiyanın yaradılmasından altı ay sonra onun qurucusu ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldi və onun partiya ilə bağlı ümidləri həyata keçməyə başladı. YAP sədrinin müavini bildirib ki, bundan sonra da YAP-ın məqsədi Azərbaycan xalqına xidmət, ölkənin beynəlxalq arenada nüfüzunun yüksəldilməsi, ölkə Prezidenti İlham Əliyevin siyasətinin dəstəklənməsi olacaq.

YAP-ın İdarə Heyətinin üzvü Zahid Qaralov YAP-ın yaradılması, ölkə ziyalılarının partiyanın ilk sədri Heydər Əliyevi Bakıya çağırması və YAP-ın ölkə həyatında oynadığı roldan danışıb: "Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan cəmiyyətində böyük sevinclə, maraqla qarşılandı. Buna görə də, qısa bir zaman kəsiyində Azərbaycanın bütün şəhər və kəndlərində Yeni Azərbaycan Partiyasının özək təşkilatları yaradıldı və minlərlə insan partiya sıralarında birləşərək həm də Ümummilli liderimizə dərin sevgisini göstərdi. Məhz xalqımızla Yeni Azərbaycan Partiyası arasında mövcud olan bu birlik ölkəmizin üzləşdiyi çətinliklərdən xilas olmasında mühüm rol oynadı. O dövrün hadisələri hamımızın yaxşı yadındadır və məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası yaradılandan 6 ay sonra hakim partiya oldu. Azərbaycan xalqı öz taleyini Ümummilli liderimiz Heydər Əliyevə və Onun sədri olduğu Yeni Azərbaycan Partiyasına etibar etdi. Ulu öndərimiz də 10 ildə gecə gündüz, istirahətsiz çalışaraq, Azərbaycanı yuxarıda sadalığımız böyük faciələrdən qurtardı, onu inkişaf yoluna çıxardı. Təbii ki, bu uğurların əldə olunmasında da Yeni Azərbaycan Partiyasının xidmətləri müstəsna olmuşdur və Ümummilli liderimiz də bunu həmişə yüksək qiymətləndirmişdir. Heydər Əliyevin uzaqgörənliyi bir daha öz reallığını göstərdi: YAP-a qədər yaranmış və YAP-ın Təsis Konfransından sonra yaranan partiyaların demək olar ki, çoxu dağılıb, partiyacıqlara çevrilib".

YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov çıxışında partiyanın yaranma tarixinə toxunub: "Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan etibarən Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin formalaşdırılması istiqamətində fəaliyyət göstərib". E.İbrahimov bildirib ki, YAP qarşısına qoyduğu vəzifələrin həllinə nail olmaq məqsədilə öz fəaliyyətində müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsiplərinə əsaslanıb: "Bu gün artıq YAP 520 min nəfərdən artıq insanı öz ətrafında birləşdirir və regionun ən güclü siyasi təşkilatıdır. Eyni zamanda, YAP hazırda dünyanın əksər ölkələrinin partiyaları ilə sıx əməkdaşlıq qurub və bununla da beynəlxalq əlaqələrini genişləndirməkdədir. İnanıram ki, Sədrimiz İlham Əliyevin rəhbərliyi ilə YAP gələcəkdə də böyük uğurlar qazanacaq"- deyə E.İbrahimov vurğulayıb.

Xatırladaq ki, YAP-ın təsis qurultayı 1992-ci il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasında keçirilib. Təsis qurultayında Heydər Əliyev partiyanın sədri seçilib və YAP qısa müddətdən sonra Azərbaycanda hakim partiyaya çevrilib. Hazırda partiyaya prezident İlham Əliyev sədrlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə