"100 yaşlı Azərbaycan ordusu böyük sınaqlardan keçib" ŞƏRH

"100 yaşlı Azərbaycan ordusu böyük sınaqlardan keçib" ŞƏRH

“Azərbaycan silahlı qüvvələri özünün hazırlıq vəziyyətinə və texniki təminatına görə, dünyanın 50 ən güclü ordusu sırasındadır. Azərbaycanlı gənclərdə hərbi xidmətə maraq həddindən artıq böyükdür. Azərbaycan xalqı ilə ordu arasında çox sıx bağlılıq var”. Bu fikirləri SİA-ya Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə Azərbaycan ordusunun 100 illik fəaliyyəti ilə bağlı danışarkən deyib.

O bildirib ki, Azərbaycan xalqının ordu quruculuğu hərbiyə bağlılıq xalqımızın genetik proqramında, yaddaşındadır.

Onun sözlərinə görə, istər böyük dövlətlərimizin, xanlıqlarımızın olduğu dövrdə, hətta hərbi xidmətə çağırılmadığımız çar dövründə belə Azərbaycan xalqı özünü döyüşkən, hərbiyə bağlı insan kimi göstərib.

Müstəqillik dövründə qısa bir zamanda Azərbaycan silahlı qüvvələrinin yaradıldığını deyən komitə sədri söyləyib ki, onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda qətiyyətlə vuruşublar.

A. Mirzəzadə qeyd edib ki, Azərbaycan ordusu böyük sınaqlardan keçib: “Azərbaycan xalqının dəyərli oğulları sovet dövründə də general rütbəsinə qədər gəlib çatır, özlərini hər zaman çox intizamlı hərbiçi kimi göstəriblər. Hətta müstəqillik dövründə dağınıq yaranan dəstələr vahid komandanlıq olmasa da, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın daha çox ərazisinin işğal olunmasının qarşısını ala biliblər. Ordumuz böyük bir sınaqlardan keçib, döyüşlərdən mətanətlə çıxıb. 2 il bundan öncə Dağlıq Qarabağda aprel hadisələri ordumuzun gücünü bir daha göstərmiş oldu. Azərbaycan ordusu hər zaman suverenliyimizin müstəqilliyimizin keşiyində durub. Biz bununla hər zaman fəxr edə bilərik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə