Qarabağda baş verən iğtişaşlar Paşinyanın sifarişidir ANALİTİK

Qarabağda baş verən iğtişaşlar Paşinyanın sifarişidir ANALİTİK

Yaxud, erməni baş nazirinin bu postda uzun müddət qala bilməyəcəyini sübut edən faktlar hansılardır?

Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanın Dağlıq Qarabağdakı rejimin danışıqlarda tərəf kimi tanınması tələbini irəli sürməsi bir daha onun münaqişənin həlli ilə bağlı radikal mövqeyindən xəbər verir. Digər tərəfdən, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yaradılmış oyuncaq “respublikada” son günlər baş verən iğtişaşlar, xüsusilə güc strukturlarının istefası tələbi həm də belə deməyə zəmin yaradır ki, artıq Paşinyan Serj Sarkisyandan qalan Qarabağ klanını da silib-süpürmək niyyətindədir. Məhz bu amil onun separatçı respublikanın rəhbərliyini dəyişdirərək, oraya öz adamlarını yerləşdirmək, sonradan isə separatçı qurumun danışıq aparan tərəfə yönəltmək marağını ortaya qoymaqdadır. Hələ müxalifətdə olarkən, daim Robert Koçaryan və Serj Sarkisyanı münaqişədə tutduqları mövqeyə görə tənqid edən Paşinyan hələ aprel döyüşləri zamanı hər nə qədər də real olmasa da, Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış qondarma rejimin müstəqilliyinin tanınmasına tərəfdar olmuşdu.

Paşinyanın ard-arda buraxdığı siyasi səhvləri onun baş nazir postunda çox qalmayacağından xəbər verir

Ona görə də belə qənaətə gəlmək olar ki, onun bu barədə fikirlər yürütməyə cəhd göstərməsi Paşinyanın danışıqlar prosesini pozmaqda maraqlı olduğunun göstəricisidir. Həmçinin, N.Paşinyan Azərbaycanın işğal altında olan ərazisinə səfər etməklə hər şeyin əvvəlki kimi olacağını nümayiş etdirməyə çalışıb.

Başqa tərəfdən, erməni baş nazirinin Gürcüstana səfəri zamanı ermənilərin kompakt yaşadığı Axalkalakiyə səfər etməsi və oradakı kütlənin yalnız Ermənistanın bayrağını qaldırması bir daha belə deməyə zəmin yaradır ki, Paşinyanın ard-arda buraxdığı siyasi səhvləri onun baş nazir postunda çox qalmayacağından xəbər verir.

Daha bir məqam Paşinyanın buraxdığı səhvləri ərəfəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevin mayın 16-da Naxçıvana səfərində irəli sürdüyü qətiyyətli bəyanatlarıdır. Daha dəqiq desək, Ermənistanın yeni hakmiyyətinin sərt ritorikası fonunda İrəvanın 50 km.də işğalçılara verdiyi mesajlar xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezidentin Naxçıvandan birbaşa Ermənistana yönələn mesajları, Azərbaycan ərazisinə səfər edən baş nazir Paşinyanın Şuşada verdiyi bəyanatlarına qarşı sərt xəbərdarlığı idi...

İşğalçı ölkə bilməlidir ki, təkcə, Dağlıq Qarabağ cəbhəsində deyil, Naxçıvan istiqamətində də ağır məğlubiyyətə uğraya bilər

Çünki işğalçı ölkədə “məxməri inqilab”ın eyforiyasında olan baş nazir Nikol Paşinyan və qurduğu kabinet Dağlıq Qarabağ danışıqlarında masada olan təkliflərin dəyişdirilməsinin ehyamını vurur. Bununla paralel işğal olunmuş ərazilərimizdə hərbi təlimlər keçirirlər. Göründüyü kimi, rəsmi İrəvanın həm siyasi, həm də hərbi müstəvidə ölkəmizə qarşı təxribatları yeni müstəviyə keçir. Dövlət başçımızın məhz Naxçıvanda müasir və güclü ordunun olmasını qeyd etməsi, İrəvana bu istiqamətdən də təkcə müdafiə deyil, hücum əməliyyatları keçirə bilməsini xatırlatdı. Bu bəyanatdan işğalçı ölkə bilməlidir ki, təkcə, Dağlıq Qarabağ cəbhəsində deyil, Naxçıvan istiqamətində də ağır məğlubiyyətə uğraya bilər. Məhz bu kimi amillər Nikol Paşinyanın siyasi ölümünü sürətləndirməkdədir. Onun hakimiyyəti qısamüddətli olmaqla yanaşı, həm də Ermənistanı düşdüyü dalana daha sərt şəkildə sıxışdıracaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə