“Azərbaycan potensialından maksimum yararlanmaq niyyətindədir" MÜNASİBƏT
“Dünyada elə dövlətlər var ki, onlar kiçik olmaqlarına baxmayaraq regionun siyasi və iqtisadi mənzərəsini dəyişməyə qadirdirlər. Belə dövlətlərdən biri də Azərbaycandır. Yeni müstəqillik qazanan, ərazisi kiçik olan Azərbaycan İran, Rusiya, İsrail, Türkiyə və ABŞ kimi güclü fiqurların maraqlarının kəsişdiyi Cənubi Qafqaz kimi çox çətin bir regionda yerləşir”. SİA-nın verdiyi məlumata görə, bunu politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan xarici siyasətinin əsas resurslarından birini enerji resursları təşkil edir: “Malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Azərbaycanın güclənməsini nəzərdə tutan müxtəlif layihələr nəinki Avropanın qaz təminatında aparıcı fiqurlardan olan Rusiya tərəfindən, hətta enerji siyasətində özünü bizə müttəfiq adlandıran Qərb dairələrinin də zaman-zaman maneəsi ilə üzləşib. Misal kimi, "Nabucco” layihəsinin adını çəkə bilərik”.
Z.Məmmədov əlavə edib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ilk növbədə prezident İlham Əliyevin adı ilə bağlıdır: "Bakı-Tiflis-Qars dəmiryolu layihəsində olduğu kimi “Cənub Qaz Dəhlizi”nin reallaşmasında da İlham Əliyevin prinsipial mövqeyi, diplomatik çevikliyi xüsusi rol oynadı. Reallaşması müxtəlif dairələr tərəfindən şübhə altında alınan, buna baxmayaraq, reallaşdırılan regional layihələr Bakının regiondakı statusunu siyasi-iqtisadi cəhətdən daha da möhkəmləndirir. Ölkəmiz Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Avropanın arasında yerləşərək, sahib olduğu potensialından maksimum şəkildə yararlanmaq niyyətindədir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB