Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 2010-cu il noyabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

 

Müraciətlər barədə MSK katibi Natiq Məmmədov və Komissiya üzvləri məlumat verib. İlk olaraq 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən "Qarabağ" seçki blokunun namizədi olmuş Nəsir Məmmədlinin dairədə nəticələrin ləğv olunması ilə bağlı müraciətinə baxılıb. Namizədin özü də iclasda iştirak edib. O, sözügedən seçki dairəsində seçki saxtakarlığı ilə bağlı kifayət qədər video və fotogörüntülərə malik olduğunu bildirib. N.Məmmədov isə bildirib ki, ekspert qrupunu araşdırmaları müraciətin əsassız olduğunu üzə çıxarıb. O, müraciətin təmin olunmaması ilə bağlı təklif səsləndirib. Təklif MSK üzvləri tərəfindən səs çoxluğu ilə qəbul olunub. 

 

Daha sonra 85 saylı Şamaxı seçki dairəsindən namizəd olmuş Vəhdət Partiyasının sədri Tahir Kərimli və Vəfalı Fətullayevin nəticələrin ləğvi barədə müraciətlərinə baxılıb. MSK katibi N. Məmmədov müraciətdə qeyd olunan seçki məntəqələrində səslərin yenidən hesablandığını bildirib. O, qeyd edib ki, prosesdə maraqlı olan çoxsaylı insanlardan alınan izahatlar nəticəsində müraciətdə əksini tapan iddiaaların əsassız olduğu ortaya çıxıb. N.Məmmədov 85 saylı Şamaxı seçki dairəsinin yalnız bir seçki məntəqəsində ciddi pozuntuların olduğunu diqqət çatdırıb. Tahir Kərimli və Vəfalı Fətullayevin də iştirakı ilə keçirilən müzakirələrdən sonra müraciətin təmin olunmaması ilə bağlı təklif səsə qoyularaq qəbul olunub. Bir seçki məntəqəsinin nəticələri isə ləğv olunub.

 

10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədləri olmuş İlham Hüseynli və Qorxmaz İbrahimlinin dairədə nəticələrin ləğv olunması barədə müraciətləri isə qismən təmin olunub. Belə ki, həmin dairənin 10 saylı seçki məntəqəsinin nəticələri ləğv edilib. Müraciət ümumilikdə təmin olunmayıb. 114 saylı Şəki kənd deçki dairəsinin namizədləri olmuş Əvəz Kərimov və Şərqiyyə Seyidova, eyni zamanda 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin namizədi olmuş İbrahim Əhmədzadənin müvafiq seçki dairələrində nəticələrin ləğvi barədə müraciətləri əsassız sayılaraq təmin olunmayıb.

 

MSK-nın bugünkü iclasında daha iki seçki məntəqəsinin nəticələri ləğv olunmaqla bu cür məntəqələrin sayı 5-ə çatıb. Qeyd edək ki, indiyədək 51 saylı Qusar, 72 saylı Yardımlı-Masallı, 78 saylı Lerik seçki dairələrinin hərəsindən bir seçki məntəqəsində seçkilərin nəticələri ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə