Azərbaycan Avropanın ən böyük və etibarlı enerji tərəfdaşıdır ANALİTİK

Azərbaycan Avropanın ən böyük və etibarlı enerji tərəfdaşıdır ANALİTİK

“Cənub Qaz Dəhlizi” həm ölkəmizin iqtisadi inkişafına, həm də Avropanın enerji təhlükəsizliyinin təmininə töhfə verir

Artıq bəlli olduğu kimi, Prezident İlham Əliyev mayın 29-u Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak edib və bu tarixi hadisədə ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müşaviri Sandra Oudkirk, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) baş katibi Məhəmməd Barkindo, Qaz İxrac Edən Ölkələr Forumunun baş katibi Yuri Sentyurin və BP Group Upstream-in baş icraçısı Bernard Luney də iştirak ediblər. Həmçinin, Böyük Britaniyanın baş naziri Tereza Meyin, Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın mərasim iştirakçılarına müraciətləri oxunub. Beləliklə, Azərbaycan növbəti dəfə beynəlxalq aləmə öz əhəmiyyətini və iqtisadi qüdrətini nümayiş etdirmiş olub. Söz yox ki, bu, hər bir azərbaycanlı üçün fərəhdoğurucu və qürurlandırıcı hadisədir. Belə ki, Azərbaycan hələ 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzalamaqla Avropanın enerji təhlükəsizliyinin mühüm bir həlqəsinə çevrilib. Ötən əsrin 90-cı illərində mürəkkəb geosiyasi vəziyyətlə üzləşən Azərbaycan bütün bunlara baxmayaraq zəngin təbii sərvətlərindən istifadə etmək haqqında strateji qərar qəbul edə bildi. Ümummilli Liderimiz Heydər Əliyevin üzaqgörən siyasəti nəticəsində bu çətinliklərdən çıxan ölkəmiz Avropada enerji təhlükəsizlik tələbatlarına töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. Məhz “Əsrin müqaviləsi” Azərbaycanı Avropaya çıxarmaqla onun milli neft strategiyasının hədəflərərini müəyyənləşdirdi.

“Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeni səhifə olmaqla ölkəmizə öz təbii sərvətlərini Avropa bazarlarına nəql etmək imkanı verir

Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün öz uğurlu nəticələrini göstərir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan “Əsrin müqaviləsi” Azərbaycanın XX əsrdə imzaladığı böyük müqavilədirsə, Prezident İlham Əliyev tərəfindən imzalanan və artıq reallaşdırılmış “Cənub Qaz Dəhlizi” yeni əsrin- 21-ci əsrin nəhəng razılaşmasıdır. “Cənub Qaz Dəhlizi” bu baxımdan, yürüdülən siyasətin davamı olmaqla eyni zamanda Prezident İlham Əliyevin siyasi iradəsinin təcəssümüdür. Xatırladaq ki, hələ 2011-ci ci ildə Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo arasında keçirilən görüş zamanı “Cənub Qaz Dəhlizi” ilə bağlı Birgə Bəyannamə imzalanmışdı. Bu Azərbaycanla Avropa Komissiyası arasında çox mühüm sənəd idi. Orada təkcə enerji sahəsində deyil, ümumiyyətlə Azərbaycanla Avropa Birliyi arasında sosial-mədəni və digər istiqmətlər üzrə əməkdaşlıqdan bəhs edirdi.

O da sirr deyil ki, Azərbaycan bu gün Avropanın ən böyük və etibarlı enerji tərəfdaşlarından biridir və təkcə iqtisadiyyata deyil, enerji təhlükəsizliyinə də öz töhfəsini verməkdədir. Belə status isə ölkəmizin dünyada mövqeyini yüksəkltməklə yanaşı onun etibarlı tərəfdaş olaraq sambalının göstəricisinə çevrilib. “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yeni səhifə olmaqla ölkəmizə öz təbii sərvətlərini Avropa bazarlarına nəql etmək imkanı verir. Çünki uzun müddət idi ki, Azərbaycanın malik olduğu enerji ehtiyatlarının Avropanın təhlükəsizliyi istiqamətində istifadəsi haqqında müzakirələr gedirdi. Bu baxımdan, qənaətə gəlmək olar ki, artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas iştirakçı kimi fəaliyyət göstərir. Yəni bu əməkdaşlıq artıq ona gətirib çıxarıb ki, Azərbaycan Avropa ölkələri ilə ən yüksək səviyyədə strateji əməkdaşlıq formatında öz fəaliyyətini davam etdirəcək.

Prezident İlham Əliyev tərəfindən aparılan bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasındadır

Digər tərəfdən, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycan bu istiqamət üzrə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına hər zaman hazırdır. Əslində son illərdə Azərbaycan bu rolu mükəmməl şəkildə həyata keçirir. Ümumiyyətlə, bu layihənin işə salınması Avropanın Azərbaycanın enerji resurslarına çıxışını təmin edəcək. Eyni zamanda, reallaşdırılmış layihə Avropanın Azərbaycan arasında daha dərin iqtisadi əməkdaşlığa imkan verəcək. “Cənub Qaz Dəhlizi” həm Azərbaycanın iqtisadi inkişafına, həm də Avropanın enerji təhlükəsizliyinin təmininə töhfə olacaq. Çünki məsələ həm də ondadır ki, Avropa İttifaqı ilə Azərbaycan ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. 2006-cı ildə Brüsseldə imzalanmış “Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” Azərbaycanla Avropa Birliyi arasında enerji əməkdaşlığının strateji xarakterini rəsmiləşdirib və bu tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün əsas sahələri müəyyən edib. Bu baxımdan “Cənub Qaz Dəhlizi” yeni qaz mənbələrini təmin etməklə Avropanın enerji təhlükəsizliyini möhkəmləndirəcək. Enerji resurslarının nəqlinə başlandığı gündən diversifikasiya siyasətinə üstünlük verən Azərbaycanın atdığı qətiyyətli addımlar regionun və dünyanın enerji təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb. Prezident İlham Əliyev tərəfindən aparılan bu siyasətin əsas uğuru Azərbaycanın da daxil olduğu Avropanın enerji təhlükəsizliyini təmin edəcək məkanın formalaşmasındadır. Bu siyasət artıq ona gətirib çıxarıb ki, bu gün Azərbaycan təkcə Avropa ölkələrinin deyil, bir çox böyük ölkələrin əsas tərəfdaşına çevrilib. Bu baxımdan yeni nəhəng enerji layihələrinin düşünlməsi və həyata keçirilməsi heç kimi narahat etməməlidir.

Çünki Azərbaycan Avropa Birliyinə vahid platforma kimi baxır və ölkəmiz üçün Avropa Birliyi ölkələrinə enerji nəql etmək məhz AB-nin enerji təhlükəsizliyinin təmin olunması deməkdir. Əlbəttə ki, Avropada da bu siyasətin miqyasını çox gözəl başa düşürlər.

Bədxahların cəhdlərinin əbəs olduğunu bir neçə gün öncə açılışı olan “Cənub Qaz Dəhlizi” layihəsi sübuta yetirdi

Amma belə uğurlu strategiya müəyyənləşdirən ölkəmizin bədxahları da az deyil. Misal üçün, o məlumdur ki, Avropada Azərbaycanın müstəqil olaraq Avropa Birliyi ilə əməkdaşlığına mane olan bir neçə müxtəlif siyasi qruplar mövcuddur. Onlar Azərbaycanın iqtisadi-sosial sahədə qazandığı uğurlarını, beynəlxalq maliyyə dairələrində Azərbaycanın etibarının yüksəlməsini həzm edə bilmirlər. Odur ki, Azərbaycanın müstəqil siyasəti, beynəlxalq çağırışlara müdrik yanaşması bu qrupları tez-tez hərəkətə gətirir.

Təbii ki Azərbaycan kimi enerji ehtiyatları ilə zəngin olan ölkələr bir az gücləndikdən və müstəqil siyasət yeritməyə başladıqda bu “dostlar” ona öz şərtlərini diqtə etməyə çalışırlar. Azərbaycanın tarixi torpaqları işğal edən Ermənistanın və ona bu işdə kömək etmiş himayədarlarını nəzərə alsaq, bu ikili yanaşmanın səbəbi aydın olur. Amma bədxahların bu cəhdlərin əbəs olduğunu bir neçə gün öncə açılışı olan “Cənub Qaz Dəhlizi” layihəsi sübuta yetirdi. Əksinə, daha bir mühüm məqam budur ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması ölkəmizə marağı daha da gücləndirib. Artıq belə bir proqnozlar da irəli sürmək olar ki, bu əməkdaşlıq çərçivəsində Avropa ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllinə də ciddi diqqət yetirməlidir. Çünki problemin həllinə bu ölkələrin təsir etmək imkanları böyükdür. Məlumdur ki, sülh danışıqları prosesində Ermənistan bütün öhdəliklərinin yerinə yetirilməsindən boyun qaçırır. Bu, Ermənistanın gerçək siyasətidir və bu ölkənin hakimiyyəti bütün danışıqlardan qaçaraq vaxtı uzatmaq və vəziyyəti indiki kimi saxlamaq niyyətindədir. Beynəlxalq birlik işğalçı dövlətə qarşı ciddi addımlar atmalıdır. Çünki Azərbaycan həmişə bütün beynəlxalq təsisatlardakı toplantılarda bütün torpaqlarımızın, o cümlədən Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı məsələsini qaldırır. Belə ki, Avropa ölkələrinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində rolu mühümdür və bu istiqamətdə səylərini artırılması zəruridir. Regionda təhlükəsizliyin təmin olunmasının əsas şərtlərindən biri isə Azərbaycanın ərazi bütövlüyünün bərpası və separataçı meyllərin qarşısının qətiyyətlə alınmasıdır. Məhz bu kimi faktorları da nəzərə alarsaq, güclü iqtisadiyyatı olan Azərbaycanın növbəti bir nəhəng layhəni gerçəkləşdirməsi onun sosial, hərbi və s. istiqamətlərdəki gücünü daha artırmış olacaq. Artıq bu reallıq da göz önündədir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə