Cəmaləddin Quliyev: “QKTC-də qəzetlərin öz mətbəələri və yayım sistemləri olduğundan hansısa problemlərlə qarşılaşmırlar” - AÇIQLAMA
"Səfərin Quzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqilliyinin 27-ci ildönümü ərəfəsində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyıb". SİA-ya açıqlamasında bu sözləri "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev 10-16 Noyabr 2010-cu il tarixlərində Azərbaycan media təmsilçilərinin Quzey Kıprıs Türk Cümhuriyyətinə (QKTC) səfərinin yekunlarına münasibət bildirərkən deyib.
QKTC-də əhali sayının o qədər də çox olmadığını deyən baş redaktor bildirib ki, əhalinin sayına uyğun olaraq mətbu nəşrlərin sayı da azdır: "Quzey Kıprıs Türk Cümhuriyyətində təxminən 10-15 arası gündəlik qəzet işıq üzü görür. Buraya həm partiya mətbuatı, həm də digər mənsubiyyəti olan nəşrlər daxildir. Bir neçə qəzet müstəqil olaraq fəaliyyət göstərir. Burada bizim üçün ən önəmli olan təcrübə isə qəzetlərin yayım sistemidir. Redaksiyalar qəzetləri özləri çap edir, özləri də yayırlar. Azərbaycan mətbuatında isə heç bir qəzetin özünəməxsus belə bir yayım sistemi yoxdur. Qəzetlərin özlərinin mətbəələri var. Bu da qəzetlərin həm formatı, həm çap olunma vaxtı ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycanda bir çox mətbəələr qəzetlər qarşısında belə bir şərt qoyublar ki, qəzeti axşam saat 10.00-da və yaxud 12.00-da təhvil versinlər. Quzey Kıprıs Türk Cümhuriyyətində qəzetlərin öz mətbəələri və yayım sistemləri olduğundan hansısa problemlərlə qarşılaşmırlar. Hər bir qəzetin öz ofisi var və təbii ki, bu da Türkiyə mətbuatından gələn bir təcrübədir".
QKTC-də həm partiya, həm universitet, həm də müstəqil nəşrlərin olduğunu bildirən C.Quliyev ölkədə dövlət mediasının da fəaliyyət göstərdiyini dilə gətirib: "Bayraq" böyük bir qurumdur. Qurumun həm türkdilli, həm də xarici yayımları var. Qurumun həm radio, həm efir tezlikli, həm internet portalları, həm büllütenləri var. Quzey Kıprıs Türk Cümhuriyyətində səfərdə olan nümayəndə heyətimiz bu qurumun rəhbəri ilə görüşüb. Görüşdə qurumun özünümaliyyəşmə səviyyəsi ilə maraqlandıq. O, bizə birdirdi ki, qurumun özünümaliyyəşmə səviyyəsi çox aşağıdır. "Bayraq"ın rəhbəri bunun 1-2 faiz həddində olduğunu söyləyib.
Partiya nəşrləri də təbii ki, bu və ya digər formada xidmət etdikləri partiyadan maliyyələşir. Reklam gəlirləri də çox yüksəkdir. Azərbaycanda olduğu kimi, Quzey Kıprıs Türk Cümhuriyyətində də bayram günlərində təbriklər və elanlar artır. Azərbaycan qanunvericiliyinə görə, qəzetin müəyyən hissəsi reklama ayrıla bilər. Quzey Kıprıs Türk Cümhuriyyətində qəzetlər özlərinin mətbəələri olduğunu görə, səhifələrin sayını artıra bilərlər. Bizə verilən məlumata görə, özlərini çox çətinliklə saxlayan nəşrlər də var".
Qeyd edək ki, Azərbaycan media təmsilçiləri 10-15 noyabr 2010-cu il tarixlərində Quzey Kıprıs Türk Cümhuriyyətində (QKTC) səfərdə olublar. Bu səfər Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı "Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi" layihəsi çərçivəsində həyata keçirilib. Əsas məqsəd beynəlxalq aləmdə və ətraf region dövlətlərində mövcud olan media təcrübəsinin öyrənilməsi, söz və mətbuat azadlığının inkişafı yönündə təcrübə mübadiləsinin aparılması olsa da, Azərbaycan media təmsilçiləri qardaş ölkənin müstəqilliyinin elan edilməsinin il dönümünə həsr edilmiş tədbirlərə də qatılmış, QKTC-nin rəsmi qurumları ilə görüşlər keçiriblər.
Həmçinin, QKTC-də ali təhsil müəssisələrində təhsil alan tələbələrlə görüşlərn təşkili də səfərin maraqlı hissələrindən olub. Səfər və onun yekunlarına dair maraqlı faktları Azərbaycan oxucusuna çatdırmaqla oxucuların əhəmiyyətli informasiyalar əldə edəcəklərinə ümid edirik.
Məlumat üçün bildirək ki, səfərdə olan nümayəndə heyətinin tərkibi KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, MŞ sədrinin müavini Müşfiq Ələsgərli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Azərbaycan" qəzetinin baş redaktor müqavini Zeynal Zeynalov, "Olaylar"İA-nın rəhbəri Yunus Oğuz, "Trend" İA-nın baş redaktoru İlqar Hüseynov, "Ekspress" qəzetinin sahibi Müşfiq Səfiyev, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev və "Oxu məni" qəzetinin baş redaktoru Emin Axundovdan ibarət olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB