Siyasi ekspert: “Ermənistan Dağlıq Qarabağ münaqişəsinin qondarma soyqırımın 100-cü ildönümünə kimi həll olunmasını istəmir”
"Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana, Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyaya səfəri Astana görüşü öncəsi həyata keçirilən siyasi gedişlərdir". SİA-ya açıqlamasında bu sözləri siyasi ekspert Elman Nəsirli dekabr ayının 1-2-də Qazaxıstanın Astana şəhərində keçiriləcək ATƏT-in zirvə toplantısı öncəsi Dağlıq Qarabağ problemi ətrafında baş verən siyasi proseslərə münasibət bildirərkən deyib.
Astana görüşündə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı "yol xəritəsi"nin tərəflərə təqdim olunacağının istisna edilmədiyini deyən ekspert bildirib ki, rəsmi İrəvan da bunun fərqindədir. "Yol xəritəsi"ndə spesefik prinsiplərin yer aldığını deyən E.Nəsirli bildirib ki, razılıq əldə olunan məsələlər hüquqi baxımdan təsdiqini taparaq gündəlikdən çıxarılır: "Hansı məsələlər razılaşdırılmayıbsa, onlar gündəlikdə saxlanılır və bütün diqqət bu məsələlərə yönəldilir. Bu isə Ermənistanın mənafeyinə, tutduğu qeyri-konstruktiv mövqeyə uyğun deyil. Ermənistan cəhd edir ki, son nəticədə problemin həlli ilə bağlı ciddi bir addım atılmasın".
E.Nəsirlinin fikrincə, Ermənistanın bu mövqeyində qalmasında bir sıra faktorlarla yanaşı 2015-ci ildə 100 yaşı qeyd ediləcək qondarma erməni soyqırımı da mühüm rol oynayır: "Ermənilər 2015-ci ildə "yubiley"ə hazırlaşırlar və konkret nəticələrlə gəlmək istəyirlər. Dünyanın daha çox ölkəsinin parlamentində qondarma soyqırımın qəbulunu hədəfləyiblər. Əgər Qarabağ probleminin həllində ciddi irəliləyiş əldə olarsa, bu Türkiyə-Ermənistan sərhədinin açılmasına gətirib çıxarar. Sərhədlərin açılması isə qondarma soyqırım məsələsinin arxa plana keçməsi ilə nəticələnə bilər. Bütün bunlar isə ermənilərin qondarma soyqırımın yüz illik yubileyini qeyd etməsi ilə bağlı planlarına daban-dabana ziddir. Elə buna görə də, ermənilər çox istəyəcəklər ki, növbəti beş il ərzində danışıqları uzatsınlar və razılaşdırdığı hər hansı bir məsələni də növbəti bir görüşdə yeni bir məsələ kimi irəli sürsünlər. Azərbaycan diplomatiyası da, hərbi elitası da bütün bunların hamısını diqqətlə izləyir. Azərbaycanda formalaşmış vəziyyətə adekvat addımlar atmaq niyyətindədir. Prezident İlham Əliyev cəbhə bölgəsinə son səfərində bir daha vurğuladı ki, Azərbaycan istənilən halda və qısa müddətdə ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Atılacaq addımlar da siyasi situasiyaya uyğun olaraq müəyyənləşdiriləcək".
Dağlıq Qarabağ probleminin həllindən sonra regionda vəziyyətin kökündən dəyişəcəyini deyən E.Nəsirli hesab edir ki, problemin həllini tapması, eyni zamanda Türkiyə-Ermənistan sərhədlərinin açılmasından sonra beynəlxalq iri güclər rəsmi İrəvana "erməni soyqırımı" məsələsini qabartmağa imkan verməzlər: "Bunun baş verməməsi üçün isə Ermənistan qeyri-konstruktiv mövqeyində qalmaqda davam edir. Hər halda bu onların tutduğu xətdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB