Millət vəkili: “Xəzəryani ölkələrdən ibarət iqtisadi birliyin yaradılması ilə bağlı ideya çoxdandır ki, gündəlikdə var”- AÇIQLAMA
"Ötən gün ölkəmizdə keçirilən Xəzəryanı ölkələrin başçılarının III Zirvə Toplantısı Xəzərin statusu ilə əlaqədar problemin həlli istiqamətində çox ciddi bir addım oldu". Bu sözləri SİA-ya millət vəkili Aydın Mirzəzadə açıqlamasında deyib.
Tərəflər arasında fikir mübadilələrinin aparıldığını və dövlət nümayəndələrinin danışıqlar nəticəsində ortaya gətirdikləri məsələlərlə bağlı öz mövqelərini bildirdiklərini xatırladan millət vəkili deyib ki, bu danışıqlar ölkələr arasındakı mövqeləri müəyyən qədər yaxınlaşdıra bilib: "Düzdür, hələ də müəyyən fikir ayrılıqları var. Xəzərin statusi ilə bağlı tam qərara gəlindiyini demək olmaz. Amma tərəflər bu problemin həlli üçün bundan sonra da səy göstərəcəklərini bildiriblər. Bir faktor da var ki, bu tip görüşlər təkcə hüquqi status məsələsinin müzakirəsi ilə məhdudlaşmır. Dövlət başçıları bir-biri ilə görüşərək ikitərəfli münasibətləri müzakirə edir və artıq digər sahələrdə olan probemlərin həlli ilə bağlı müəyyən addımlar atırlar. Bundan əlavə, Xəzər bölgəsinin hüquqi statusu ilə bağlı bu gün həll ediləsi kifayət qədər məsələlər var ki, bura Xəzərin təbii ehtiyatlarından istifadə, ekologiyanın qorunması, humanitar və digər məsələlər daxildir. Onlar daima gündəlikdədirlər".
Açıqlaması zamanı toplantının yekun sənədlərinə də toxunan A.Mirzəzadə söyləyib ki, yekun bəyanata əsasən tərəflər qısa bir zamanda hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı təkliflərini qətiləşdirəcəyini bildirəcəklər. O hesab edir ki, sammit Xəzərlə bağlı olan problemlərin həlli üçün geniş imkanlar açıb.
O vurğulayb ki, belə bir sammitin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var. Millət vəkilinin sözlərinə görə, bu cür toplantıların Bakıda reallaşması Azərbaycanın bir ölkə kimi yüksək siyasi nüfuzunun artmasına və beynəlxalq tədbirlər keçirilməsində müəyyən təcrübəsi olduğunu ortaya qoyur.
Ölkələr arasında iqtisadi birliyin yaranma ehtimalı ilə bağlı sualı da cavablandıran millət vəkili bildirib ki, bu ölkələrdən ibarət birliyin yaradılması ilə bağlı ideya çoxdandır ki, gündəlikdə var: "Çünki bu beş ölkə arasında iqtisadi əməkdaşlıq günü-gündən artır. Azərbaycan qalan 4 ölkə ilə həm siyasi, həm də iqtisadi əməkdaşlığa dair daima öz addımlarını atır və qarşı tərəfdən də eyni münasibət görür. Yəni məhz bu beş ölkəni birləşdirəcək təşkilatın yaranması ölkələrin siyasi iradəsindən asılıdır. Bunu gələcək göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB