Elman Nəsirli: “Əgər dörd postsovet ölkənin mövqeləri üst-üstə düşərsə, tək qalan İran da mövqeyini dəyişməyə məcbur olar” - MÜNASİBƏT
"Bakı sammitindən sonra ümidlər var ki, Türkmənistanın mövqeyi də dəniz sərhədləri ilə bağlı digər üç postsovet ölkənin mövqelərinə yaxınlaşsın". SİA-ya açıqlamasında bu sözləri deyən siyasi ekspert Elman Nəsirli Xəzəryanı dövlət başçılarının zirvə toplantısında iki mühüm addımın atıldığını və bunların təhlükəsizlik haqqında əməkdaşlıq müqaviləsi ilə birgə Bakı bəyannaməsinin olduğunu söyləyib. Təhlükəsizlik haqqında əməkdaşlıq müqaviləsi ilə Xəzərdə mütəşəkkil cinayətkarlıq, qeyri-qanuni miqrasiya, silahlanma kimi təhlükələrə qarşı razılıq əldə edildiyini qeyd edən E.Nəsirli bundan sonra 5 Xəzəryanı ölkənin əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcəyini deyib.
Bu zirvə toplantısının Xəzər problemlərinin həll edilməsi istiqamətində sayca ikinci böyük toplantının olduğunu vurğulayan ekspert birinci toplantının 2003-cü ilin noyabr ayında keçirildiyini xatırladıb. Həmin vaxt beş ölkənin Xəzərdə təbii mühitin qorunması ilə bağlı konvensiyaya imza atdıqlarını vurğulayan E.Nəsirli təhlükəsizliklə bağlı əməkdaşlıq müqaviləsinin bu baxımdan irəliyə doğru atılmış növbəti bir addım olduğunu söyləyib: "Xəzəryanı ölkələrdən üçü, Azərbaycan, Rusiya və Qazaxıstan dənizin dibinin bölüşdürülməsi ilə bağlı razılığa gəliblər. Bu istiqamətdə 2001-2003-cü illərdə konkret addımlar atılıb. Türkmənistanın mövqeyində müəyyən dəyişikliklər hiss olunur. Türkmənistanın keçmiş prezidenti Saparmurat Niyazov olduqca radikal mövqe sərgiləyirdi və Azərbaycanın dəniz sərhədləri ilə bağlı iddiaları var idi, eyni zamanda orta xətt prinsipini qəbul etmək istəmirdi. İranın mövqeyi isə ondan ibarətdir ki, Xəzər dənizi beş Xəzəryanı ölkə arasında bərabər bölünməlidir. İranın mövqeyində hələ ki, dəyişiklik hiss olunmur. Türkmənistanın yeni prezidenti Qurbanqulu Berdiməhəmmədov prinsip etibarilə orta xətt prinsipini qəbul edir. Amma hesab edir ki, yeni metodologiyalarla sərhədlər müəyynləşdirilməlidir. Bakı sammitindən sonra ümudlər var ki, Türkmənistanın mövqeyi də dəniz sərhədləri ilə bağlı digər üç postsovet ölkənin mövqelərinə yaxınlaşsın. Əgər dörd ölkənin mövqeləri üst-üstə düşərsə, tək qalan İran da mövqeyini dəyişməyə məcbur olar və yekun konvensiyanın imzalanmasına imkan verən dəyişikliklərin ortaya çıxması istisna deyil. Bu baxımdan bu sammitdə imzalanan sənədlər cox vacibdir".
İran prezidenti Mahmud Əhmədinejad və Rusiya prezidenti Dmitri Medvedevin "Xəzərin problemlərini yalnız region ölkələri həll etməlidir" deməsinə də münasibət bildirən ekspert qeyd edib ki, xüsusilə İran ABŞ-ın Xəzərdə təmsilçiliyinə qarşıdır: "İranı narahat edən məsələ məhz ABŞ faktoru ilə bağlıdır. Rusiya da istər ABŞ-ın, istərsə də NATO-nun Xəzərdə iştirakını özünün təhlükəsizliyinə qarşı olduğunu düşünür. Onların mövqeyi belədir ki, Xəzər dostluq və qardaşlıq rəmzi olsun və Xəzərin problemlərini yalnız onun sahillərində yerləşən beş ölkə həll etsin. "5+1", "5+2" kimi hər hansı bir formatda Xəzərin problemlərinin həllinin mümkünlüyü qəbul olunmur. İran və Rusiya prezidentlərinin açıqlamalarında iqtisadi deyil, daha çox, hərbi və siyasi mülahizələr əksini tapır. Azərbaycanın bu məsələdə mövqeyi isə birmənalıdır. Azərbaycan Xəzəri qardaşlıq, sülh rəmzinə çevirmək niyyətindədir. Azərbaycan buna xidmət göstərən istənilən addımı dəstəkləyir, təki söhbət regionda sülhdən, sabitlikdən, Xəzərin təhlükəsizliyindən getsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB