Beynəlxalq Diaspor Mərkəzi dünya azərbaycanlılarına müraciət ünvanlayıb

Beynəlxalq Diaspor Mərkəzi dünya azərbaycanlılarına müraciət ünvanlayıb
Beynəlxalq Diaspor Mərkəzi (BDM) Qərbi-azərbaycanlıların sonuncu deportasiyasının 22-ci ildönümü ilə əlaqədar dünya azərbaycanlılarına müraciət ünvanlayıb. Xəbəri SİA-ya BDM-nin mətbuat xidmətindən bildiriblər. Müraciətdə deyilir: "1988-ci il noyabr-dekabr aylarında minlərlə soydaşımız erməni daşnaklarının təcavüzünə məruz qalaraq öz doğma ata-baba yurdlarından didərgin düşmələrinin 22-i ildönümü tamam olmaqdadır. Ötən yüz ilə nəzər salsaq görərik ki, xalqımız erməni separatçıları tərəfindən vaxtaşırı, beynəlxalq hüquq normalarına zidd, insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobud pozulması, işgəncələr və qeyri-insani rəftarla müşayiət olunan etnik təmizləmə siyasətinə və ağır işgəncə, təcavüz və zülmlərə məruz qalıb. Ermənilərin törətdiyi vəhşilik nəticəsində minlərlə azərbaycanlı milli mənsubiyyətinə görə ağır işgəncələr görüb, vəhşicəsinə qətlə yetirilib, onların yaşadıqları bir çox şəhər, kəndlər və ata-baba yurdları xarabalığa çevrilib. Bədnam ermənilər tərəfindən ən yaxın tarixdə Azərbaycan türklərinə qarşı dörd dəfə (1905-1907; 1918-1920; 1948-1953; 1988-1992) soyqırım və deportasiya həyata keçirilib".

Müraciətdə qeyd edilib ki, Ermənilərin məkrli siyasəti nəticəsində azərbaycanlılara qarşı həyata keçirilən 1905-1907-ci illər qanlı aksiya və deportasiya, 1918-ci ilin martında Stepan Şaumyanın başçılığı ilə daşnak-bolşevik qüvvələrinin Bakıda və ətraf bölgələrdə etdikləri dəhşətli soyqırım, 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından doğma ata-baba yurdlarından kütləvi surətdə deportasiyasiyası və son olaraq 1988-ci ildən başlayaraq Ermənistanda "Türksüz Ermənistan" şüarı altında etnik təmizləmə başlanıb: "Həmin dövrdə Ermənistan ərazisindəki 22 rayonda 185 Azərbaycan kəndi vardı. Müxtəlif mənbələrdə göstərilir ki, təkcə 1988-1991-ci illərdə Qərbi Azərbaycandan 250 mindən çox azərbaycanlı qovulub deportasiya ərəfəsində 225 nəfər qətlə yetirilib, 300 nəfər müxtəlif bədən xəsarətləri alıb, yüzlərlə azərbaycanlı türklərinin yaşadıqları kəndlər boşaldılıb, azərbaycanlılara məxsus tarixi-mədəni abidələr və qəbirstanlıqlar dağıdılıb, tarixi-coğrafi adlar dəyişdirilib, insanların mülkləri və şəxsi əşyaları əvəzsiz mənimsənilib.

Qeyd edək ki, BDM bu günləri xatırlamaqla yanaşı soydaşlarımızı yaşadıqları ölkədə erməni vandalizminin mahiyyəti ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmağa çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə