Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 2010-cu il noyabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

 

Müraciətlər barədə MSK katibi Natiq Məmmədov və Komissiya üzvləri məlumat verib. İlk olaraq 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədlər olmuş Gözəl Bayramlı və Pərviz Səmədovun müraciətlərinə baxılıb. N.Məmmədov bildirib ki, müraciətlərdə adıçəkilən seçki dairəsində seçkilərin nəticəsinin ləğvi tələb edilib. Müraciətlərin araşdırılmasında iştirak edən ekspert qrupunun üzvləri çıxış edərək müraciətdə qanunvericiliyin tələblərinə uyğun gəlməyən bir sıra halların olduğunu vurğulayaraq müraciətin təmin edilməməsi ilə bağlı təklif səsləndiriblər. MSK katibi bildirib ki, qanun pozuntusu kimi təqdim olunan halların əksəriyyəti qanunvericiliyin tələbərinə uyğun gəlir: "Müraciətlərin əksəriyyəti bu formadadır. Buna baxmayaraq MSK-ya daxil olmuş bütün müraciətlərə baxmağa məcburuq". Sözügedən müraciətlərin hər ikisi əsassız hesab edilərək təmin olunmayıb.

 

Daha sonra baxılan müraciətdə də seçki nəticələrinin ləğvi tələbinə baxılıb. 81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədlər olmuş Rövşən Bayramov və Tapdiq Abbasovun müraciətləri ilə bağlı məlumat verən MSK katibi N.Məmmədov həmin şəxslərin tələblərində haqsız olduğunu Komissiya üzvlərinin diqqətinə çatdırıb. İclasda çıxış edən R.Bayramov bildirib ki, hərbi hissələrdə namizədlərdən yalnız birinin hərbçilərlə görüşünə imkan yaradılıb. O, müraciətin araşdırılması zamanı onun məlumatlandırılmadığını qeyd edib. MSK üzvü Mikayıl Rəhimli Tapdıq Abbasovun hələ seçkidən əvvəl də MSK-ya müraciət etdiyini xatırladıb təklif edib ki, müraciətin baxılma müddəti uzadılsın: "Əgər belə bir qərar qəbul olunmazsa, Natiq Məmmədovun irəli sürdüyü təkifin əleyhinə səs verəcəyəm". Bununla belə MSK katibinin təklifi səsə qoyularaq səs çoxluğu ilə qəbul olunub, yəni müraciət əsassız hesab edilərək təmin olunmayıb.

 

Daha sonra 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən namizəd olmuş Aydınlar Partiyasının sədri, "Qarabağ" siyasi partiyalar blokunun vahid namizədi olan Qulamhüseyn Əlibəylinin səlahiyyətli nümayəndəsinin müraciətinə baxılıb. Sözügedən müraciət də əsassız hesab edilərək təmin olunmayıb. 41 saylı Sumqayıt seçki dairəsi ilə bağlı olan müraciətlə əlaqədar da eyni qərar qəbul olunub. 2 saylı Şərur seçki dairəsi ilə bağlı olan müraciət isə baxılmaq üçün müvafiq seçki dairəsinə göndərilib.

 

Ümumilikdə MSK bugünkü iclasında 5 müraciətin təmin edilməməsi, 3 şikayətin müraciət edənin özünə qaytarılması, , 2 müraciətə baxılması müddəti uzadılması, 1 müraciətin müvafiq dairə seçki komissiyasına göndərilməsi ilə bağlı qərar qəbul edib. MSK-ya daxil olan müraciətlərə baxılması qurumun növbəti iclaslarında davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə