Asim Mollazadə: “Ermənistan qorxduğu üçün sərt bəyanatlar verir” - AÇIQLAMA

Asim Mollazadə: “Ermənistan qorxduğu üçün sərt bəyanatlar verir” - AÇIQLAMA
"Ermənistan prezidenti Serj Sarkisyanın "Hayastan" təşkilatının rəhbərliyi ilə Moskvada keçirilən xeyriyyə marafonunda Dağlıq Qarabağla bağlı səsləndirdiyi bəyanatları çox güman ki, daxili bazarlığına yönələn mesajlardır". Bu sözləri SİA-ya Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, əslində Ermənistan bu hərəkətlərlə yenə də sülhə razı olmadıqlarını nümayiş etdirir. O bildirib ki, Ermənistan bütün beynəlxalq təzyiqlərə, beynəlxalq ictimaiyyətin münaqişənin tezliklə həll olunması ilə əlaqədar münasibətinə rəğmən öz işğalçı siyasətini davam etdirmək istəyir: "Hesab edirəm ki, buna cavab olaraq artıq beynəlxalq ictimayyət Ermənistanı sülhə məcbur etmək barəsində müvafiq addımlar barəsində düşünməlidir. ATƏT-in cari ilin dekabr ayında keçiriləcək Astana toplantısı da zənnimcə, bu istiqamətdə qərarlar çıxarmalıdır ki, Ermənistan beynəlxalq ictimaiyyət üçün meydan oxumasın və o beynəlxalq hüquq normaları çərçivəsində münaqişəinin həlli ilə əlaqədar müvafiq addımlar atsın. Əks təqdirdə Azərbaycan məcburiyyət qarşısında qalacaq ki, bütün beynəlxalq təşkilatlara müraciət edərək Ermənistanı sülhə məcbur etməklə bağlı sərt siyasətə keçsin".

Ermənistanın illər boyu ərköyün bir ölkəyə çevrildiyini dilə gətirən A.Mollazadənin fikrincə, indiyə qədər dünya dövlətləri onların şıltaqlığına göz yumub: "Ümidvarıq ki, son illər Ermənistanın bu siyasətindın hamı yorulub. Azərbaycanla yanaşı bölgədə sabitliyə və inkişafa maraqlı olan dövlətlərin gücü çox böyükdür. Biz düşünürük ki, artıq düşmən ölkənin şıltaqlığına son qoymağın vaxtı çatıb. Bununla bağlı müvafiq qərarlar qəbul olunacaq. Əks halda regionda baş verən istənilən hadisələrin məsuliyyəti Ermənistanın üzərindədir. Azərbaycan heç vaxt Ermənistanın işğalı ilə razılaşmayacaq və ölkəmiz işğalı və onun yaratdığı problemləri aradan qaldırmaq üçün müvafiq addımları atmağa məcbur olacaq. Ermənistan qorxduğu üçün də sərt bəyanatlar verir".

Bütün xəbərlər Facebook səhifəmizdə