Mahmud Əhmədinejad: "Dağlıq Qarabağ münaqişəsinin həllinə regiondan kənar qüvvələr təsir göstərməsələr daha müsbət nəticələr əldə etmək olar" - MÜNASİBƏT
"Dağlıq Qarabağ münaqişəsinin həllinə regiondan kənar qüvvələr təsir göstərməsələr daha müsbət nəticələr əldə etmək olar və münaqişə həll olunar". SİA-nın xəbərinə görə, bunu İran prezidenti Mahmud Əhmədinejad bu gün Bakıda keçirdiyi mətbuat konfransında jurnalistlərin "Ermənistan Dağlıq Qarabağı işğal edib. İran işğalçılıq siyasəti yeridən Ermənistana iqtisadi yardım göstərir. Lakin eyni zamanda Azərbaycana qardaş deyir. Bunu necə başa düşək" suallarını cavablandırarkən deyib. İran Prezidenti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq normalara uyğun olaraq həllinə tərəfdar olduğunu vurğulayıb və bildirib ki, İran bu məsələdə səy göstərməyə hazırdır.
Mahmud Əhmədinejadın bu cavabı jurnalistləri qane etməyib və bu səbəbdən İranın Dağlıq Qarabağ münaqişəsinə münasibətinə dair təkrar suallar səslənib. Lakin İran prezidenti "mən bu sualı cavablandırmışam" deyərək əlavə fikir söyləməkdən imtina edib.
11 sentyabr hadisəsinə və ABŞ-ın regionda yürütdüyü siyasətə gəlincə İran lideri: "ABŞ özü həm şikayətçidir, həm hakimdir, həm də icraçıdır. 11 sentyabr bəhanəsi regionu az qala iflic vəziyyətinə gətirib. Əfqanıstanın qanuni prezidenti deyir ki, sizin Əfqanıstanda əməliyyat aparmağınıza ehtiyac yoxdur, onlar deyirlər ki, özümüz bilərik", - deyə bildirib.
M. Əhmədinejad faktaraşdırıcı missiyanın bu məsələni araşdırmasına ehtiyac olduğunu vurğulayıb: "11 sentyabr hadisəsindən sonra regionda 1 milyona yaxın insan ölüb, 2 ölkə işğal olunub. Mən əminliklə bildirirəm ki, region xalqlarının ruhunun belə 11 sentyabr hadisəsindən xəbəri yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB