Səfir Aqşin Mehdiyev Belizin xarici işlər naziri ilə görüşüb

Səfir Aqşin Mehdiyev Belizin xarici işlər naziri ilə görüşüb

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev 13-16 noyabr tarixində Belizə etdiyi səfər çərçivəsində bu ölkənin xarici işlər və xarici ticarət naziri Vilfred Elrinqton ilə ikitərəfli görüş keçirib. Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən SİA-ya verilən məlumata görə, görüşdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolları və ölkələrimizin maraq göstərdiyi bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri, əməkdaşlığın müqavilə hüquq bazasının təkmilləşdirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Aqşin Mehdiyev Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, qonşu ölkənin təcavüzü nəticəsində Azərbaycan ərazilərinin işğal edilməsi faktı ilə bağlı ətraflı məlumat verib və münaqişəyə dair ölkəmizin mövqeyini həmsöhbətin diqqətinə çatdırıb.

Həmçinin görüş zamanı iki ölkənin üzv olduğu beynəlxalq təşkilatlarda qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb və bu istiqamətdə məsləhətləşmələrin davam etdirilməsi zəruriliyi vurğulanıb.

İki ölkə arasında siyasi, hüquqi, iqtisadi, texniki, təhsil və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın mümkünlüyü məsələsini müzakirə etmək üçün yüksək səviyyədə daimi əsasda görüşlərin keçirilməsi vacibliyi hər iki tərəfdən xüsusilə qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə