BMT-nin baş katibi Beynəlxalq tolerantlıq günü münasibəti ilə müraciət yayıb
BMT-nin baş katibi Pan Gi Mun 16 noyabr Beynəlxalq tolerantlıq günü münasibəti ilə müraciət yayıb. SİA-nın məlumatına görə, müraciətdə qeyd olunub ki, tolerantlıq insanlar və icmalar arasında qarşılıqlı hörmətin bünövrəsidir və ortaq dəyərlər ətrafında vahid qlobal cəmiyyətin qurulması üçün həyati əhəmiyyət kəsb edir. Bu bir məziyyət, mənəvi keyfiyyətdir, lakin hər şeydən əvvəl tolerantlıq bir əməldir – başqalarına əlini uzatmaq və mövcud fərqlilikləri maneə kimi deyil, dialoq və anlaşmaya dəvət kimi qəbul etməkdir. Tolerantlıq insanlar arasında körpülər salmaqla və ünsiyyət üçün yollar açmaqla bu çətinliklərin bir qisminə cavab verir. Tolerantlıq bütün təcrübə və dünyagörüşlərinin bərabər qəbul edilməsi deyil. Əksinə, onun dəyəri universal insan hüquqları və əsas azadlıqlar haqqında məlumatlılıq və hörməti təlqin etməkdədir. Tolerantlıq Birləşmiş Millətlər Təşkilatının məğzini təşkil edir.
Müraciətdə bildirilib ki, BMT-nin Sivilizasiyalar Alyansı media ilə tərəfdaşlıq və gənclərin mübadilə proqramları vasitəsi ilə ekstremizmlə mübarizə aparmaq və mədəniyyətlərarası anlaşmanı təbliğ etmək istiqamətində dəyərli səylərini davam etdirir. Keçən avqust ayı BMT "dialoq və qarşılıqlı anlaşma" adı altında Beynəlxalq Gənclər İlinə start verib. YUNESKO-nun təşəbbüsü olan 2010 Beynəlxalq Mədəniyyətlərin Yaxınlaşması ilinin əsas mövzusu da tolerantlıqdır. Tolerantlıq öz-özünə meydana gəlmir. O, öyrədilməli, yetişdirilməli və başqalarına ötürülməlidir. Təhsilin, istər sinifdə, istərsə də sinifdənxaric, tolerantlığı gücləndirmək, nifrət və ayrı-seçkiliklə mübarizə aparmaq üçün böyük əhəmiyyəti var. Gəlin, builki Beynəlxalq Tolerantlıq Günündə bütün xalqlar və icmalar arasında dialoq və anlaşmaya sadiq olduğumuzu bir daha təsdiq edək. Gəlin, ürəklərimizi və beyinlərimizi ayrı-seçkilik və təcridlə üzləşənlərin probelmlərini həll etməyə yönəldək. Vahid bəşəriyyət insan müxtəlifliyinin möhtəşəm zənginliklərinə qarşılıqlı hörmət əsasında birlikdə yaşamaq və birgə işləmək deməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB