Azərbaycan media təmsilçiləri Şimali Kipr prezidenti ilə görüşüblər
Şimali Kiprdə səfərdə olan Azərbaycanın media təmsilçilərindən ibarət nümayəndə heyəti şənbə günü Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu ilə görüşüblər. Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-ŞKTC münasibətləri, bu münasibətlərin mediada ifadəsi ətrafında müzakirələr aparılıb.
Dərviş Əroğluna Azərbaycan media qurumları barədə geniş bilgi verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli iki xalq arasında münasibətlərin uğurla inkişaf etdirilməsində KİV-in müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.
Öz növbəsində nümayəndə heyəti vasitəsilə Azərbaycan xalqına öz salamlarını göndərən Əroğlu bundan sonra da bu münasibətlərin uğurla inkişaf edəcəyinə inamını ifadə edib.
Sonda KİVDF -nin icraçı direktoru Vüqar Səfərli nümayəndə heyəti adından Dərviş Əroğluna Azərbaycan xalçası hədiyyə edib.
Bundan sonra nümayəndə heyəti ŞKTC-nin xarici işlər naziri Hüseyin Özgürgünlə görüşüb, onun adından təşkil edilmiş ziyafətdə iştirak ediblər.
Noyabrın 16-dək davam edəcək səfərdən başlıca məqsəd ŞKTC-dəki KİV-in iş təcrübəsi ilə yaxından tanış olmaqdır. Azərbaycan nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, MŞ sədrinin müavini Müşfiq Ələsgərli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Azərbaycan" qəzetinin baş redaktor müavini Zeynal Zeynalov, "Olaylar" İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz, "Trend" İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, "Ekspress" qəzetinin təsisçisi Müşfiq Səfiyev, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Paritet" qəzetinin baş redaktoru Cəmaləddin Quliyev, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və "Oxu məni" qəzetinin baş redaktoru Emin Axundov daxildir.
Mətbuat nümayəndələrinin Şimali Kiprə səfəri Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı "Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi" layihəsi çərçivəsində həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB