Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 2010-cu il noyabrın 7-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
İclasda ümumilikdə 31 müraciətlə bağlı qərar qəbul olunub. Müraciətlərdən 26-nın araşdırılma müddəti uzadılıb. 4 müracət təmin olunmayıb, müraciətlərdən birinin tələbi aydın olmadığından ərizəçiyə geri qaytarılıb, birinə isə xitam verilib.
Müraciətlər barədə məlumat verən MSK katibi Natiq Məmmədov bildirib ki, bəzi müraciətlərin yazılması zamanı standart formalardan istifadə edilir. MSK sədri Məzahir Pənahov da qeyd edib ki, müraciətlərin bir hissəsi eyni qaydada tərtib olunur ki, bu da onların eyni adamlar tərəfindən yazıldığını göstərir: "Müraciətlər müxtəlif yerlərdən gəlməsinə baxmayaraq, nəinki bir-birinə oxşayırlar, hətta bir-birinin eynidir. Bu adamlar nəyə xidmət edir, kimə xidmət edir, başa düşmək çox çətindir. Bu çür müraciətlətlə sanki baş qatmaq istəyirlər, kiminsə diqqətini çəkmək istəyirlər". M. Pənahov bəzi namizədlərin hətta prokurorluq orqanlarına da müraciət etdiyini deyib: "Bu barədə bizə prokurorluqdan məlumat veriblər, deyiblər ki, bəzi namizədlər zəng vurub şikayət edir. Bizdən bu müraciətlərlə bağlı məşğul olmağımızı istəyirlər".
MSK üzvü Azər Tağıyev bildirib ki, bu kimi müraciətlərdə qarşı tərəfə böhtan atıldığına görə, müraciət müəllifləri Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilər. MSK sədrinin müavini Şaitdin Əliyev də A.Tağıyevin fikirlərinə şərik olduğunu dilə gətirib. O, söyləyib ki, bəzi müraciətlər və onların səlahiyyətli nümayəndələri müraciətlərin sayını artırmaqla məşğuldur. Sədr müavini bununla onların beynəlxalq təşkilatların diqqətini çəkmək istədiklərini ifadə edib.
İclasda 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən "AXCP-Müsavat" blokunun vahid namizədi Nəsiman Yaqublunun da şikayətinə baxılıb. N. Məmmədov bildirib ki, müraciəti onun əvəzinə başqası yazıb: "Araşdırılma zamanı məlum olub müraciətə Nəsiman Yaqublunun əvəzinə başqası imza atıb". MSK sədri isə bir kağız göstərərək bildirib ki, burada N.Yaqublunun müraciətinin MSK-ya Komissiya üzvü Gülağa Aslanlının təqdim etdiyi yazılıb: "Bəziləri yaramazlıq edir, mən istəmirəm ki, MSK üzvlərindən kimsə həmin adamlara poçtalyonluq etsin".
G. Aslanlı isə seçkilərdən sonra N.Yaqublunu görmədiyini və heç kimə poçtalyonluq etmədiyini dilə gətirib. N.Yaqublunun müraciəti isə təmin edilməyib.
Seçkilərlə bağlı MSK-ya daxil olan digər müraciətlərə qurumun növbəti iclaslarında baxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB