Yüksək təbəqəli məmur oliqarxlar Nikol Paşinyana qarşı ittifaq yaradır
Bu gün Ermənistanda baş verən hadisələr bu işğalçı ölkədə gərgin ictimai-siyasi və ağır sosial-iqtisadi vəziyyətin davam edəcəyini göstərir. Bu forpost dövlət qarışdakı dövr ərzində də sosial, siyasi və iqtisadi problemlərdən yaxa qurtara bilməyəcək. Bunun səbəbi isə yeni hakimiyyətin təcavüzkar siyasətdən əl çəkməmək niyyəti, eyni zamanda Serj Sarkisyan dönəmində böyük var-dövlət toplayanların "məxməri inqilab"ın lideri Nikol Paşinyana qarşı birləşmələridir. Ermənistana ağalıq edənlər isə indi bu ölkəyə yardım əli uzatmaq niyyətində deyillər. Yeni baş nazir Nikol Paşinyan isə yeni hökuməti formalaşdırmaqla ona qarşı olanların mövqeyini neytrallaşdırmağa çalışır.
Xatırladaq ki, onun təqdimatı əsasında Ermənistan prezidenti Armen Sarkisyan yeni hökumətin bütün nazirlərini təyin edib. Ölkə prezidentinin fərmanlarına əsasən, Mqer Qriqoryan baş nazirin müavini, Mane Tandilyan əmək və sosial məsələlər üzrə nazir, Atom Cancuqazyan maliyyə naziri, Artak Zeynalyan ədliyyə naziri, Arsen Torosyan səhiyyə naziri təyin ediliblər. Artur Xaçataryan kənd təsərrüfatı naziri, Atsvik Minasyan iqtisadi inkişaf və investisiya naziri, Levon Vaqdaryan idman və gənclər məsələləri üzrə nazir, Qraçya Rostomyan fövqəladə hallar naziri, Artur Qriqoryan enerji infrastrukturları və təbii sərvətlər naziri, Lilit Makunts mədəniyyət naziri, Erik Qriqoryan təbiətin mühafizəsi naziri, Aşot Akopyan nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri təyin ediliblər. Daha əvvəl Zoxrab Mnatsakanyan Ermənistanın xarici işlər naziri təyin edilib. Amma bütün bunlar Ermənistanı qarşıdakı dövr ərzində heç də sakit günlərin gözləməsi anlamına gəlmir.
Baş nazir postunu tutduqdan sonra Nikol Paşinyan ölkə prezidenti Armen Sarkisyana polis rəisi Vladimir Qasparyan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Georgi Kutoyanın işdən çıxarılmasını təklif edib. Armen Sarkisyan polis rəisi Vladimir Qasparyan və Milli Təhlükəsizlik Xidmətinin direktoru Georgi Kutoyanı istefaya göndərib. Daha sonra Sarkisyan komandasının digər üzvləri iqtidardan kənarlaşdırılıb. İndi isə məsələ onların əmlakına gəlib çatıb. Burada Paşinyan onu hakimiyyətə gətirən "Çiçəklənən Ermənistan" Partiyasının lideri Hagik Tsarukyanla da toqquşur. Məhz parlamentdəki "Tsarukyan" blokunun başçısı Haqik Tsarukyanın tərəfdarları aksiyaların məqsədə çatmasında mühüm rol oynadı. Bu da Serj Sarkisyanın hakimiyyətdən getməsini sürətləndirdi. Heç şübhəsiz, aksiyaların maliyyələşməsi əsas məsələlərdəndir. O da məlumdur ki, Haqik Tsarukyan aksiyalara böyük pullar ayırıb. İndi oliqarxların əmlakının müsadirəsi məsələsi Haqik Tsarukyanın da maraqlarına toxunur və bu vəziyyətdə onun Paşinyana qarşı çıxması gözlənilir.
Mitinqlər zamanı Nikol Paşinyan ölkə parlamentini yenidən formalaşdıracağını bildirmişdir. Amma baş nazir olandan sonra bu vədi yaddan çıxarmaqdadır. Paşinyanı hakimiyyət başına gətirən kütləvi etiraz dalğası səngiyəndən sonra, qısa bır zamanda, növbəti seçki ehtimalı getdikcə daha qeyri-real görünür. Təhlilçilərə görə, Nikol Paşinyan dediyi kimi, seçkilərdən əvvəl yeni Seçki Məcəlləsini parlamentdə təsdiqləmək və öz partiyasını yaratmaq istəyir ki, səsvermədən sonra onun dəstəyinə arxalana bilsin. Ehtimallara görə, belə bir prosesə ən azı bir il vaxt tələb oluna bilər. Erməni politoloq Aleksandr İskandaryan bu vəziyyətdə, ümumiyyətlə, növbədənkənar parlament seçkilərinin keçiriləcəyinin böyük sual altına düşdüyünü vurğulayır: "Ən böyük təhlükə odur ki, seçkilərə kimi etiraz eyforiyası keçə və Nikol Paşinyanın populyarlığı azala bilər. Bu səbəbdən də, o, çətin ki, yeni parlament seçkilərinə getsin".
Nikol Paşinyana parlament çoxluğunu əlində saxlayan sabiq baş nazir Serj Sarkisyanın Respublika Partiyasına qarşı sərt addımlar atmasına dair çağırışlar edilir. Paşinyan tərəfdarları bildirir ki, "məxməri inqilab"ın hədəflərinə çatmaq üçün çevik və qərarlı addımlar atılmalıdır, hakimiyyət və parlament tamamilə Respublika Partiyasından alınmalıdır. Baş nazir onu da bildirir ki, o, Serj Sarkisyan aparatında çalışan orta səviyyəli məmur təbəqəsilə işləməyə hazırdır. Bu isə, o deməkdir ki, yüksək təbəqəli məmurlara gələcək hakimiyyətdə yer tapılmayacaq. Elə bu da yüksək təbəqəli məmur oliqarxların Paşinyana qarşı ittifaq yaratmasını şərtləndirib.
Ermənistanın "Demokratiya Naminə Əməkdaşlıq" təhlil mərkəzinin rəhbəri Stepan Danielyanın bu vəziyyətdə Paşinyanın çox ağır vəziyyətə düşdüyünü qeyd edir: "Oliqarxiya onun işini çətinləşdirə, hətta devirə bilər. Ola bilsin ki, oliqarxiya kimi Nikol Paşinyan da heç baş nazir olacağını gözləmirdi. Buna görə də, onun addımlarında, hələ ki, konkretlik nəzərə çarpmır. O, bir çox şeyləri spontan şəkildə edir".
"Armenianreport" saytı da qeyd edir ki, Paşinyanın oliqarxiya ilə mövqeyi "məxməri inqilab"ın fiasko və yeni qarşıdurma ilə nəticələnməsinə gətirib çıxara bilər. Bunların fonunda Ermənistanın birinci Levon Ter-Petrosyan da Paşinyanın fəaliyyətinə şübhə ilə yanaşır. Çünki o, zorla baş nazir seçiləndən sonra paytaxt merinin istefası küçə üslubunda zorla həyata keçirilib. Bir qrup adam meriyanın qarşısına toplaşaraq, merin istefasına nail olub. Lakin bu, artıq idarəetmə deyil, zorakılıqdır. Ter-Petrosyan bununla bağlı qeyd edir: "Bu ana qədər Paşinyanın öz iradəsini həyata keçirməyə parlamenti məcbur etməsi beynəlxalq ictimaiyyət tərəfindən demokratik təmayül kimi anlaşıqla qəbul edildi. Amma bundan sonra da, o, eyni taktika ilə hərəkət edə bilərmi? Açıq görünür ki, yox: bu imkan artıq bitib. Ümumxalq etirazının lideri qismində parlamenti nəyəsə məcbur etmək bir işdir, baş nazir kimi fəaliyyət göstərmək tam başqa işdir. Bundan sonra beynəlxalq ictimaiyyət bu cür halları zorakılıq aktı kimi qiymətləndirər".
"Səs" Analitik qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB