“Ya müharibənin içindəsən, ya da müharibəyə hazırlaşırsan”

“Ya müharibənin içindəsən, ya da müharibəyə hazırlaşırsan”

Vaşinqton yaxın aylarda İsraildə 400 milyon dollar dəyərində silah yerləşdirəcək. SİA-nın "timeturk"ə istinadən verdiyi məlumata görə, bununla da ABŞ-ın İsrail hərbi anbarlarında saxladığı silahlarının dəyəri 1 milyard 200 milyon dollara çatacaq. Silahların iki il ərzində ABŞ ordusunun İsraildəki anbarlarına çatdırılması nəzərdə tutulur.

 

Bu silahlardan ehtimal olunan bir hərbi qarşıdurma vəziyyətində yalnız ABŞ hərbi qüvvələri deyil, eyni zamanda İsrail ordusu da istifadə edə bilər. İsrail son olaraq dörd il əvvəlki İkinci Livan Müharibəsində də ABŞ silah anbarlarından faydalanmışdı.

 

İsrail baş naziri Benyamin Netanyahu bu həftə ABŞ səfərində İranın ünvanına sərt ifadələr işlətmiş və bunları söyləmişdi: "ABŞ başda olmaqla beynəlxalq birlik İranın nüvə proqramını hərbi vasitələrə əl atmadan dayandırmaq istəyirsə, İrana hərbi əməliyyata hazır olduğunu açıq şəkildə göstərməlidir. İrana qarşı indiki taktika işləmir. İranın nüvə proqramı dayandırılmalıdır. İranın nüvə proqramı qarşımızdakı ən böyük təhlükədir".

 

İsraildə çıxan "Haaretz" qəzetinin təxminlərinə görə isə bu silahlar hava hücumu zamanı hədəfi dəqiq nişan ala bilən "həssas idarə olunan silahlar"dır. Bu silahların İrana və onun nüvə mərkəzlərinə qarşı ola biləcək bir hücumda əhəmiyyətli rol oynaya biləcəyi ifadə olunur. İsrailin baş qərargah rəisi Gabi Aşkenazin də bu həftə verdiyi bir açıqlamada "həssas idarə olunan silahlar"ın ehtimal olunan hərbi əməliyyatlarda oynayacağı əhəmiyyətli rola toxunması diqqət çəkib. Vəzifədən getdiyi bir vaxtda baş qərargah rəisi bu sözləri deyib: "Komandirindən ən aşağı rütbəli əsgərə qədər ordunun bütün üzvləri üçün təməl bir anlayış var. O da İsrail ordusunun iki vəziyyətdə olmasıdır: Ya müharibəyə hazırlaşırsan, ya da müharibənin içindəsən.. Ordu bunun üçün mövcuddur".

Bütün xəbərlər Facebook səhifəmizdə