Andrey Trebkov: “Sürətlə inkişaf edən Azərbaycan hüquqi dövlət quruculuğu sahəsində də öz nailiyyətləri ilə bundan sonra da dostlarını sevindirəcək”

Andrey Trebkov: “Sürətlə inkişaf edən Azərbaycan hüquqi dövlət quruculuğu sahəsində də öz nailiyyətləri ilə bundan sonra da dostlarını sevindirəcək”
Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda Konstitusiya gününə həsr olunmuş konfrans iştirakçılarının bir qrupunu qəbul edib. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, spiker Beynəlxalq Hüquqşünaslar İttifaqının sədri Andrey Trebkovun başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini səmimi salamlayaraq onları Milli Məclisdə görməyindən məmnun olduğunu söyləyib. Bildirilib ki, bu gün müstəqil Azərbaycan ölkənin əsas sənədi – Konstitusiyanın qəbul olunmasını böyük təntənə ilə qeyd edir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin başçılıq etdiyi komissiya tərifindən hazırlanan sənədin 1995-ci il noyabrın 12-də referendumda qəbul olunduğunu dilə gətirən spiker söyləyib ki, Konstitusiya layihəsi üzərində işləyən komissiya bu sahədə dünya və milli təcrübəni dərindən öyrənmiş, son nəticədə bugünkü dövlətçilik sistemimizin hüquqi bazasını təşkil edən sənədi ümumxalq səsverməsinə çıxarıb: "Hazırkı Konstitusiya müstəqillik dövründə Azərbaycanın ilk Konstitusiyasıdır. Bu sənəd dövlətin ali qanunu kimi ölkənin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edir. Konstitusiyada hakimiyyətin xalqa məxsusluğu və hakimiyyətin bölgüsü prinsipləri öz əksini tapıb. Bu gün Azərbaycanda həyatın bütün sahələrində olduğu kimi hüquq-mühafizə və məhkəmə sistemində də islahatlar uğurla davam etdirilir. Heç də təsadüfi deyildir ki, Konstitusiyanın maddələrinin üçdə biri insan hüquq və azadlıqlarının qorunmasına həsr olunub".

Səmimi qəbul üçün minnətdarlığını bildirən Beynəlxalq Hüquqşünaslar İttifaqının sədri Andrey Trebkov Azərbaycanda Konstitusiya gününə həsr olunan konfransın işindən söz açıb. Bildirilib ki, tədbir Azərbaycan Konstitusiya Məhkəməsinin və Avropa Şurasının Venesiya Komissiyası tərəfindən təşkil edilib. Konfransda Azərbaycanın hüquqi, demokratik dövlət quruculuğu yolunda əldə etdiyi nailiyyətlər barədə fikir mübadiləsi aparılıb ölkədə qısa müddət ərzində bu sahədə görülmüş işlər yüksək dəyərləndirilib.

Söhbətdə Andrey Trebkov müstəqil Azərbaycanın ilk Konstitusiyanın qəbulu və ölkəmizin Avropa Şurasına üzvlüklə bağlı müraciəti ilə əlaqədar görkəmli dövlət xadimi Heydər Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayıb. O, ümidvar olduğunu bildirib ki, sürətlə inkişaf edən Azərbaycan hüquqi dövlət quruculuğu sahəsində də öz nailiyyətləri ilə bundan sonra da dostlarını sevindirəcək.

Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimləri Kamran Şəfiyev, Ceyhun Qaracayev, Avropa İnsan Haqları Məhkəməsinin, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan Konstitusiya məhkəmələrinin hakimləri və digər rəsmi şəxslər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə