“AXC-nin 100 illik tarixi ermənilərin oyunlarına çox tutarlı alternativdir" MÜNASİBƏT

“AXC-nin 100 illik tarixi ermənilərin oyunlarına çox tutarlı alternativdir" MÜNASİBƏT

“Dövlətçilik tarixində faktlara fasiləsiz ehtiram və bu münasibətin ənənəyə çevrilməsi siyasi varisliyin tərkib hissəsidir. Xalq Cümhuriyyətinin yüz illiyi barədə Prezident İlham Əliyevin sərəncamı dövlətçilikdə müasirliyin, keçmiş siyasi köklərə bağlılığın və daha sivil gələcəyə meyllənmənin vəhdətindən ibarət çoxcəhətli mahiyyət daşıyır”. Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, yüz il əvvəl dünyanın bir sıra xalqları ilə müqayisədə Azərbaycan xalqı xeyli fərqli və üstün siyasi dünyagörüşdə idi: “Xalqların bəziləri öz tarixlərində ilk dövlət quruculuğu uğrunda mübarizə aparırdılar, bəziləri isə malik olduqları qeyri-sivil və istibdad rejimindən iki əllə yapışırdı. Ancaq bizim xalqımız o zaman respublikaçılıq üsulunu sivil və demokratik dövlət quruculuğunun mühüm forması kimi qəbul edən xalqlarla bir sırada yer tutdu. Bu mənada cümhuriyyətimizin yüz illiyinin bütün dünya üzrə xatırlanması əcdadlarımızın siyasi görüşlərinin dövrünə görə çox irəli getdiyini, sivil idarəçiliyə möhkəm bağlılığını, azad iradə və sərbəst seçim prinsiplərinə müstəsna üstünlük verdiyini nümayiş etdirmək baxımından çox önəmlidir.

Ermənilər keçmiş prezident Sarkisyanın yarımçıq konstitusiya islahatları ilə özlərini parlamentarizm prinsipinə guya bağlı xalq kimi göstərmək üçün çox oyunlardan çıxsalar da uğursuz oldular. Azərbaycanın real və kökdən gələn demokratizm, seçki və parlamentarizm ənənələrinin yüz illik tarixi ermənilərin saxta formalarda müasirləşmək oyunlarına çox tutarlı alternativdir. Odur ki cənab Prezidentin sərəncamı ilə Cümhuriyyətin yüz illiyinin geniş qeyd edilməsi dövlətçilikdə siyasi dəyərlərə bağlılığımızı, dünyaya siyasi maarifçi xalq kimi tanınmağımızı, demokratiyanı sosializmin dağılmasının töhfəsi kimi yox, qan yaddaşımızın diqtəsi kimi qəbul etdiyimizi, demokratik və tolerant cəmiyyət quruculuğunu əbədi kurs kimi götürdüyümüzü dünyaya nümayiş etdirməkdə misilsizdir.

Cənab Prezidentin sərəncamına uyğun olaraq görülən yüz illik cümhuriyyət tədbirləri bu gün həm də Qarabağ probleminin həlli uğrunda diplomatiyamızın və dövlət siyasətinin ayrılmaz hissəsidir, dövlətçilik və vətənpərvərlik tərbiyəsidir, tariximizi öyrədən və yeni nəsil formalaşdıran maarifçilik hərəkatıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə