Politoloq: “Gec-tez region Rusiyanın təsir dairəsindən çıxacaq" ŞƏRH

Politoloq: “Gec-tez region Rusiyanın təsir dairəsindən çıxacaq" ŞƏRH

“Ermənistanda siyasi hakimiyyətin dəyişməsindən sonra bu ölkənin hansı kursu seçəcəyi analitiklərin diqqət mərkəzindədir. Bu istiqamətdə fərqli düşüncələr və təhlillər var. Bir çoxları bunu Rusiyanın oyunu kimi dəyərləndirməyə çalışsalar da hadisələrin inkişafı başqa nəticəni göstərir”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, vəziyyətə aydınlıq gətirmək üçün Ermənistanda hakimiyyət dəyişiliklərinin tarixinə və durumuna nəzər yetirək: “İlk növbədə bu dəyişikliklər Dağlıq Qarabağla bağlı olduğu görünür. Ermənistan parlamentinin gülləbaran edilməsi də Qarabağ danışıqlarında müəyyən irəlləyişlərin olduğu dövrə təsadüf etmişdi.

Hər dəfə Qarabağla bağlı danışıqlar müəyyən məntiqi nəticəyə varanda və beynəlxlaq təşkilatların təkliflərinə uyğun hərəkət etmək məcburiyyəti yaranır. Problemin çözülməsində isə Qərb dairələri kifayət qədər həll variantları təklif ediblər. Münaqişənin həlli ilə məşğul olan bütün beynəlxalq təsisatlar Dağlıq Qarabağın işğaldan azad olunması prinsipindən kənara çıxmayıb. Lakin münaqişənin həlli mexanizmi təklif olunsa da 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin nail olduğu “sülhməramlı qüvvələrin yerləşdirilməsi” planının həyata keçirilməsində böyük əngəllər var. İlk növbədə icra mexanizminin həyata keçirilməsində əngəl ölkə Rusiyadır. Rusiya tərəfi konflikt bölgədə yalnız özünə məxsus silahlı qüvvələrin yerləşdirilməsini təklif edir. Həmçinin Rusiyanın təkliflərində milli maraqlarımıza və torpaq bütünlüyümüzə təhlükə törədən amillər çoxdur. Bunula yanaşı Rusiya ikinci və ya üçüncü dövlətlərin iştirakına izacə verməyəcəyini inadla ortaya qoyur.

Vəziyyətin gec və ya tez məntiqi sonluğa yaxınlaşdığını görən Ermənistan bu dəfə də siyasi manevr taktikasını seçdi. İran, Gürcüstan, Ermənistan və hətta Rusiyanın özündə bir-birinin ardınca baş verən xalq hərəkətlənmələri sübut edir ki, gec-tez region Rusiyanın təsir dairəsindən çıxacaq. Serj Sarkisyan hakimiyyətinin Rusiyanın vassalı olması perspektivdə bu ölkə üçün acınacaqlı nəticə verə bilərdi. Korrupsiyalaşmış tayfa hakimiyyəti yaratmış Serj Sarkisyan qərb tərəfindən qəbul olunmayacaqdı. Dağlıq Qarabağ probleminin həllində bütün Qərb təsisatlarının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi gələcəkdə Ermənistanı vəziyyətlə barışmaq məcburiyyəti qarşısında qoya bilərdi. O səbədən də Ermənistanın dərin dövləti növbəti gedişini edərək Qərb dəyərlərinə üstünlük verdiyini və Sarkisyanın korrupsioner tayfa hakimiyyətindən fərqli dövlət qurmaq iddiasını ortaya qoydu. Armen Sarkisyanın prezident seçilməsi prosesin başlanğıcı idi. Bu barədə əvvəlki yazılarımda bildirmişdim ki, Armen Sarkisyanın hakimiyyətə gəlməsi isə Serj Sarkisyanın prezident vəzifəsindən uzaqlaşdırmaq məqsədi güdür.

Hakimyyət dəyişikliyi baş verdi və Nikol Paşinyan Ermənistanın yeni rəhbəri təyin olundu. Hakimyyətə gəlməmişdən Paşinyanın siyasi baxışları sırf qərbyönümlü olması ilə yanaşı Azərbaycan və Türkiyə ilə yaxın qonşuluq şəraitində yaşamağı üstün tutan bəyanatlar səsləndirdi. Təbii ki, bu münasibətlər yalnız Ermənistanın saxta genosid iddialarından və Dağlıq Qarabağdan çəkilməklə mümkün olduğunu Nikol Paşinyan çox yaxşı bilir. Həqiqətən də Ermənistanın inkişafı üçün yeganə çıxış yolu Azərbaycan, İran və Türkiyə ilə əlaqələrindən asılıdır. Bir gün Rusiya da Ermənistanı boşamaq qərarına gələrsə o zaman bu ölkə yaxın qonşularına çəkdirdiyi zillətin cavabını verməli olacaq.

Hakimiyyət zirvəsinə qalxan Nikol Paşinyanın seçildikdən dərhal sonra Azərbaycanın Dağlıq Qarabağ ermənilərinin özünün müqəddəratını təyin etmə hüququnu və Türkiyənin saxta erməni genesodini tanımasını istəməsi sırf daxili auditoriyaya hesablanmış bəyanatlardır. Hesab edirəm ki, Ermənistanın Rusiyadan qopması prosesi davam edəcək. Bu isə indiki şəraitdə yalnız demokratik islahatların aparılması ilə mümkündür. Yalnız bu yolla Ermənistan qərbin rəğbətini qazana bilər və bu da onların hesablamalarına görə Dağlıq Qarabağla bağlı problemin həllində ermənilər üçün müsbət dəyişikliklərə gətirib çıxara bilər. Düşüncə baxımından doğru qərardır. Lakin bu da real variant deyil. Çünki Azərbaycan qərbə inteqrasiyada maraqlı olduğunu artıq çoxdan ortaya qoyub. Təbii ki, bu sahədə bir qədər ləngiməyimizin obyektiv səbəbləri var. Qarabağ münaqişəsinin həlli məsələsində Ermənistanın üstünlük qazanmasına imkan vermək olmaz”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə