“Heydər Əliyevin ən böyük xidməti işğal prosesini dayandırmaq oldu” AÇIQLAMA

“Heydər Əliyevin ən böyük xidməti işğal prosesini dayandırmaq oldu” AÇIQLAMA

“Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildən sonrakı dövlətçilik fəaliyyətini tarixi-məntiqi üslubda təhlil edəndə daha ciddi siyasi nəticələri görmək mümkündür”. Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gələn gündən bütün mövcud problemləri həll edə bilən bir açar-prinsiplə işləməyə başladı: “Elə açar-prinsip ki, buna nail olandan sonra yerdə qalan problemləri onun altında həll etmək olardı. Heydər Əliyev həmin açar-prinsipin nədən ibarət olduğunu dərhal təyin edə bildi. Dəqiq hesablaya bildi ki, erməni təcavüzünün hələ də davam etdiyi şəraitdə bütün gücü ölkədaxili sabitliyin təmin olunmasına yönəltmək böyük nəticələr verməyə bilər. Odur ki, əsas diqqət arta-arta gedən erməni təcavüzünün və işğalların dayandırılmasına yönəldildi ki, bu taktikanın da nəticələri daha böyük oldu. Sonrakı proseslər də sübut etdi ki, erməni işğalları dayandırılmasaydı ölkədə möhkəm sabitliyin bünövrəsini qoymaq mümkün olmazdı.

Heydər Əliyevin ən böyük xidməti mərhələ-mərhələ gedən erməni təcavüzü və işğal prosesini dayandırmaq oldu. Qalan hər şey - davamlı sabitlik, ordunu qurmaq, ictimai toparlanma, xarici siyasət vektorlatının dəqiqləşdirilməsi, neft kontraktlarının imzalanması və cair bunun altında əldə edildi. Heydər Əliyevin gəlişinə qədər erməni təcavüzü bir neçə mərhələdən keçmişdi. 1987-ci ilin sonlarında Aqanbekyanın qızışdırıcı bəyanatı, 1988-ci ilin yanvarında Əsgəran şəhər sovetinin separatçı qərarı, fevralda Sumqayıt qırğınları, ardınca DQMV-nin Azərbaycandan ayrılması qərarı, 1989-cu ildə DQMV-nin Ermənistanla birləşmə qərarı, ardınca Bakıda 90-cı ilin yanvar qırğınları, sonra 92-ci ilin Xocalı faciəsi… Bütün bunlar erməni təcavüzünün siyasi xronoloji mərhələləri idi və 1992-ci ilin mayında Şuşa və Laçının timsalında açıq ərazi işğalları mərhələsinə keçdi. Heydər Əliyev hakimiyyətə nə qədər tez gətirilsəydi, bu işğal proseslərini elə oradaca dayandırmaq olardı və sonrakı ərazi itkilərinə məruz qalmazdıq. Odur ki, biz bu gün erməni təcavüzü və erməni işğallarının məhz Heydər Əliyevə qədərki etaplarının ağır nəticələrini yaşamaq və aradan qaldırmaq zorundayıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə