Politoloq: “"Qarabağ erməniləri" hakimiyyətdən kütləvi şəkildə uzaqlaşdırılacaq" AÇIQLAMA

Politoloq: “"Qarabağ erməniləri" hakimiyyətdən kütləvi şəkildə uzaqlaşdırılacaq" AÇIQLAMA

“Ermənistan parlamentində baş verən 1 may hakimiyyət krizisindən sonra hadisələr məntiqi sonluğuna yaxınlaşmaqdadır”. Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin zirvəsinə yeganə alternativsiz namizəd olan Nikol Paşinyan bu gün öz qələbəsini qeyd edəcək: “Hakim Respublikaçılar Partiyası və “Qarabağ klanı” uduzduqlarını etiraf edərək ikinci seçkilərdə Paşinyanın namizədliyini dəstəkləyəcəyi barədə bəyanatla çıxış etdilər. Bundan sonra Ermənistanın siyasi kursunda hansı dəyişikliklərin olacağı ilk növbədə Rusiya, Avropa Birliyi ölkələri və Azərbaycanın diqqət mərkəzində olacaq.

Daxili siyasətdə böyük dəyişikliklərin olacağı gözləniləndir. Bu dalğada ilk növbədə “Qarabağ erməniləri “ hakimiyyətdən kütləvi şəkildə uzaqlaşdırılacaq. Koçaryan və Sarkisyan hakimiyyətləti dövründə külli miqdarda kapital yığan “Qarabağ klanının” təqib olunacağı qaçılmazdır. Lakin bütün bunlar yeni parlament seçkilərindən sonra reallaşacaq və hətta hüquqi müstəvidə cinayət işləri açılacaq. Ölkədə bir sıra demokratik islahatların aparılması, rüşvət və korrupsiyaya qarşı ciddi tədbirlərin görüləcəyi şübhəsizdir. Rusiyanın tam nəzarətində olan Ermənistanın 100 fazi korrupsiyalaşmış olması danılmaz faktdır”.

V.Əfəndiyev əlavə edib ki, yeni hakimiyyətin xarici siyasətində də müəyyən dəyişikliklərin olacağı da qaçılmazdır: “Nikol Paşinyanı bir neçə günün ərzində “milli qəhrəmana” çevirən qüvvələr sözsüz ki, qərb dairələridir. Çox qısa müddətdə Paşinyan xalqın kumirinə çevirildi. Bütün ölkə boyu onun portretləri, üzərində şəkli əks olunan futbolka və kepkalar yağışdan sonra artan göbələk kimi çoxaldı. Hətta etiraz aksiyalarının başlanması modeli də indiyə qədər baş tutmuş “məxməri inqilab”ların formasından fərqli seçilmişdi. İlk növbədə bu aksiya bir çöl adamının yürüşü kimi təşkil edilmişdi. Hətta Paşinyanla çiyin yoldaşı olaraq “çalov” ləqəbli bir sahibsiz it seçilmişdi. Çalovu aksiyaların birində maşın vursa da, təcili veterinara götürülən itə lazımi tibbi yardımlar edildi. Ən nəhayət Paşinyan, Çalov və izdihamlı kütlə Yerevan şəhərinə daxil oldular.

Qərbin maraqlarını təmin etmək üçün yeni hakimiyyət Avropaya interasiyanı gücləndirəcək. İlk növbədə avropaya vizasız gediş-gəlişin tətbiqi reallaşacaq. Buna baxmayaraq Ermənistan Rusiya ilə münasibətləri qoruyub saxlamağa çalışacaq. Putin Rusiyası istənilən Ermənistan hakimiyyəti üçün əlverişlidir. Çünki, Dağlıq Qarabağı Azərbaycandan ayrı saxlamağın yeganə qarantiyası Rusiyanın bugünkü hakimiyyətidir. Hesab edirəm ki, “Qarabağ məsələsi”ndə dairə getdikcə daralır. Putin hakimiyyətdə əbədi qala bilməyəcək. Rusiyanın demokratikləşməsi ən pis halda bir neçə ilə gerçəkləşəcək. Bütün bu reallıqları nəzərə alan Ermənistan hakimiyyəti qərblə münasibətləri daha da sıxlaşdırmağa çalışacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə