"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət" MÜZAKİRƏLƏR
Bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət" müzakirə olunub. SİA-nın məlumatına görə, müzakirələr zamanı çıxış edən Avropa Parlamentinin ümumi katibliyinin nümayəndəsi Florian Karmona Avropa İttifaqının qətnamələr qəbul etməklə siyasi mesaj verdiyini nəzərə çatdırıb: “Ancaq biz bu qətnamələri icra edə bilmirik. Biz inanan tərəfdaşa çevrilmək üçün ikili standartlara yol verməməliyik. Biz buna da çalışırıq. Biz Avropa İttifaqı olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi nümayəndə də təyin etmişik. Bununla biz istəyirik ki, münaqişənin həllində aktiv olaq. Çünki bu münaqişə bizə də təsir edir. Biz başa düşürük ki, regionda sabitlik önəmlidir və Azərbaycan Cənubi Qafqaz regionunda sabitliyin qorunub saxlanmasında çox önəmli tərəfdaşdır. Minsk Qrupuna gəlincə, Minsk Qrupunda Rusiya həmsədrdir”.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Florian Karmonnın çıxışına etiraz edərək deyib: “Deyirsiz ki, qətnamələriniz siyasi mesaj xarakteri daşıyır. Ancaq Avropa İttifaqı bu qətnamələrdən sonra sanksiyalar da qəbul edir. Bu halda niyə işğalçı Ermənistana qarşı sanksiya qəbul edilmir? Digər tərəfdən, Minsk Qrupunda Rusyia ilə bərabər Fransa və ABŞ da həmsədrdir ”.
Məsələyə münsaibət bildirən millət vəkili Elman Nəsirov Avropa Palamentindən qətnamələrin icrası mexanizminin formalaşmasında dəstək gözlədiyini dilə gətirib: “Siz qətnamələri qəbul etməklə siyasi mesaj verdiyinizi söyləyirsiz. Lakin biz bilirik ki, Avropa İttifaqı münaqişənin həllində rol oynamayacaq. Heç vaxt bu münaqişəni ATƏT, Avropa İttifaqı həll etməyəcək. Bu münaqişəni Azərbaycan xalqı, Ali Baş Komandan İlham Əliyev həll edəcək”.
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsi 30 ildir ki, davam edir: “Qaçqın və məcburi köçkün ailələrdə 30 il ərzində dünyaya gələn insanlar hələ də o torpaqlara getməyiblər. Biz istəyirik ki, Azərbycan və Ermənistan xalqları üçün məqbul sülh yolu tapılsın. Avropa Parlamentindən də bu istiqamətdə dəstək gözləyirik. Hazırda Azərbaycan əhalisi səbrsizliklə Ermənistanda gedən prosesləri izləyir. Bu proseslər Ermənistanda sülhpərvər qüvvələrin hakimiyyətə gəlməsinə səbəb olacaqsa, sülh danışıqları nəticə verə bilər. Əgər bu münaqişə sül yolu ilə həll olunmasa, işğal olunmuş torpaqlarımız müharibə yolu ilə azad ediləcək. Buna Azərbaycanda heç kəs şübhə etmir. Yəqin ki, Ermənistanda da buna heç kəs şübhə etmir. Bu münaqişə Avropa üçün də təhlükədir. Ona görə də belə görüşlərdə təkliflərimizi verməyə çalışırıq ”.
Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərim deyib ki, Avropa Parlamenti həmişə rəsmi mövqeyini bəyan edib: “Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışıq və tanımağa da davam edəcəyik. Ermənistan anlamalıdır ki, mövqeyini dəyişən zaman regional əməkdaşlıqda iştirak edə bilər. Rusiyanın münaqişədə roluna gəlincə, bu məsələ müzaikrələrdə qeyd olundu. Ermənistanın təhlükəsizliyinə gəlincə, bu, ermənilərin düşündüyü birinci məsələdir. Biz Ermənistanda dəyişiklikləri də izləyirik. Biz regionda sabitliyi təmin edən dinamikanı dəstəkləyəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB