Əli Orucov: "Müxalifət düşərgəsində siyasi liderlər yetişə bilmir" MÜSAHİBƏ
Müsahibimiz AMİP funksioneri Əli Orucovdur
- Əli bəy, düşərgədə yeni müxalif blokun yaradılması planlaşdırılır. Sizcə, hazır ki, məqamda hansısa blokun yaradılması nə dərəcədə mümkündür?
- Müxalifətin yeni birliyinin yaradılmasından məlumatsızam. Siyasi bloklar əksər hallarda seçkilər ərəfəsində, yaxud da ölkədəki ictimai-siyasi fəallığın yüksəlişi dönəmlərində yaradılır. Amma yaxın perspektivdə seçkilər gözlənilmir. Daha doğrusu, bələdiyyə seçkilərinin vaxtı normalda gələn il, parlamentə seçkilər isə 2020-ci ildədir. Ola bilsin, həmin qüvvələr hansısa "X" günü olacağını proqnozlaşdırırlar. Blokların yaranması təkcə partiyaların istəklərindən asılı deyil, eyni zamanda, cəmiyyətin istəyindən doğan haldır.
- Əgər blok təsis edilərsə, AMİP özünü orda görürmü?
- AMİP bloklaşmaya bir qədər fərqli yanaşır. Bizim üçün siyasi qüvvələrin ideoloji, proqram və məramnamə yaxınlığı olmalıdır. Həmçinin, müttəfiqlər seçilərkən keçmiş fəaliyyətlər də nəzərə alınmalıdır. Yəni müttəfiqlikdə özünü doğrultmayan, imzasına hörmət qoymayan siyasi qüvvələrlə yenidən bir arada olmaq uğurlu nəticələr vermədiyindən, bundan maksimum qaçmağa çalışırıq. Bu gün AMİP-in gündəmində bloklar yaratmaq, yaxud da hansısa bloklarda təmsil olunmaq yoxdur.
- Müxalifət düşərgəsində bir süslük, qeyri-müəyyənlik höküm sürür. Demək olarmı ki, ağır böhranlı durumu yaşamasının başlıca günahkarı elə partiya sədrlərinin özləridir?
- Siyasi partiyaların fəallığı cəmiyyətin, bilavasitə fəallığından asılıdır. Hazırkı məqamda mövcud vəziyyət müxalif partiya sədrlərinin maraqlarına uyğun deyil. Bu baxımdan, durğunluğu təbii qarşılamaq lazımdır.
- Necə düşünürsünüz, AXCP və Müsavat partiya sədrlərini yeniləri əvəz edərsə, həmin o partiyaların siyasi fəaliyyətlərində müsbətə doğru yeni bir dəyişiklik baş verə bilərmi?
- Siyasi partiyaların uğur qazanması, yaxud da siyasi proseslərdən çıxaraq, yerini başqa partiyalara verməsi partiyadaxili demokratik seçkilərdən keçir. AXCP və Müsavat partiyaları da daxil olmaqla, bütünlükdə, siyasi təsisatların ən ciddi problemlərindən biri fəaliyyət üçün düzgün siyasətə malik olmamalarıdır. Bu səbəbdən də, müxalifət düşərgəsində siyasi liderlər yetişə bilmir. Yaxın perspektivdə də bu, gözlənilimir.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB