Prezident İlham Əliyev Ağdam rayonunda məcburi köçkün ailələri üçün salınan yeni qəsəbənin açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev noyabrın 11-də Ağdam rayonuna səfəri çərçivəsində məcburi köçkün ailələri üçün salınan yeni qəsəbənin açılış mərasimində iştirak edib.
SİA-nın məlumatına görə, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə Ağdam rayonu ərazisində 689 məcburi köçkün ailəsi üçün inşa edilmiş qəsəbə barədə məlumat verdi. Bildirdi ki, dövlətimizin başçısının tapşırığı əsasında məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa olunan bu qəsəbə lazımi infrastrukturla təmin olunub. Ərazisi 70 hektar olan qəsəbədə inşa olunmuş evlərin ümumi sahəsi 37 min 187 kvadratmetrdir. Hər bir evin 6 sot torpaq sahəsi vardır. Qəsəbədə 1000 kilovatlıq transformator quraşdırılmış, elektrik hava xətləri çəkilib. Qəsəbəyə 20 kilometr içməli su xətti, 34 kilometrə yaxın qaz xətti çəkilmiş, 4 qaztənzimləyici məntəqə quraşdırılıb. Burada müasir standartlara cavab verən yol infrastrukturu yaradılıb. Sahəsi 1,7 hektar olan park qəsəbə sakinlərinin əsl istirahət mərkəzinə çevriləcəkdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qarabağ müharibəsi veteranı Oruc Cabbarovun dördotaqlı evində yaradılmış şəraitlə tanış oldular.
O.Cabbarov məcburi köçkün ailələri üçün yaradılmış şəraitə görə dövlətimizin başçısına minnətdarlığını çatdırdı.
Sonra Prezident İlham Əliyev 440 yerlik məktəb binasının açılışında iştirak etdi.
Qəsəbə sakinləri dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.
Prezident İlham Əliyevə Qarabağ cinsindən olan kəhər at hədiyyə edildi.
Dövlətimizin başçısı və xanımı burada ağdamlı muğam ustaları ilə görüşdülər, gənc ifaçıları dinlədilər və onların çıxışını alqışladılar.
Prezident İlham Əliyev qəsəbədə yeni mənzil almış məcburi köçkünlərlə görüşdü, onları təbrik etdi. Qəsəbədəki 18 nömrəli orta məktəbin müəllimi Qədulla Səfərov məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdi.
Sonra Prezident İlham Əliyev məktəbin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılmış şəraitlə tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, ikimərtəbəli məktəb binası müasir üslubda inşa olunub. Birinci mərtəbədə Ağdam rayonu ərazisində tapılmış tarixi arxeoloji eksponatlardan ibarət sərgi vardır. Məktəbin birinci mərtəbəsində sinif otaqları ilə yanaşı, yeməkxana, fizika və riyaziyyat kabinələri yerləşir. Kitabxanada isə klassik və müasir Azərbaycan, habelə dünya ədəbiyyatı nümunələri toplanıb. Məktəbin ikinci mərtəbəsində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin təhsilimizə diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılmışdır. Burada akt zalı, fizika və biologiya kabinələri təşkil olunub. Məktəbdə Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələrdən bəhs edən guşə də vardır. Tarix, Azərbaycan dili və gənclərin çağırışqabağı hazırlığı, kompyuter otaqları, fənn kabinələri və laboratoriya ən müasir tədris avadanlığı ilə təchiz edilib. İdman zalında isə basketbol, güləş və voleybol məşğələləri keçiriləcəkdir.
Prezident İlham Əliyev burada gənc idmançıların nümunəvi çıxışlarını izlədi.
Dövlətimizin başçısına məlumat verildi ki, qəsəbənin ərazisində inşa olunmuş 50 yerlik uşaq bağçasında geniş və işıqlı otaqlar, müxtəlif oyun zalları, məktəbəqədər hazırlıq şöbəsi vardır. Qəsəbənin mərkəzində ayrıca inzibati bina da vardır və müxtəlif yığıncaqların keçirilməsi üçün 152 yerlik iclas zalı olan klub-icma mərkəzi inşa edilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qəsəbə sakinlərini bir daha təbrik etdilər, onlarla xatirə şəkli çəkdirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB