Azərbaycan Prezidenti Ağdam rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak edib
Prezident İlham Əliyev noyabrın 11-də Quzanlı qəsəbəsində Ağdam rayon mərkəzi xəstəxanasının yeni binasının açılışında iştirak edib.
SİA-nın məlumatına görə, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva səhiyyə ocağında yaradılmış şəraitlə tanış oldular.
Xəstəxananın 2 mərtəbədən ibarət əsas binasının birinci mərtəbəsinin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına diqqəti və qayğısını əks etdirən fotostend vardır.
Dövlətimizin başçısı səhiyyə ocağının köhnə və yeni binasının şəkilləri əks olunmuş fotoguşəyə baxdı.
Məlumat verildi ki, xəstəxananın əvvəlki binası yararsız vəziyyətə düşdüyündən dövlətimizin başçısının tapşırığı ilə yeni binanın tikintisinə başlanılmış və iki il müddətində müasir tipli 50 çarpayılıq bina inşa olunmuşdur. Ən müasir avadanlıqla təchiz olunmuş xəstəxana nəinki Ağdamdan, eyni zamanda qonşu rayonlardan olan xəstələrin müalicə və əməliyyat olunmalarına imkan yaratmışdır. Birinci mərtəbədə yerləşən poliklinika şöbəsi stomatologiya, oftalmologiya və USM kabinetləri, nevropatoloq, manipulyasiya və fizioterapiya otaqlarından ibarətdir. Birinci mərtəbədə doğum şöbəsi də yerləşir.
İkinci mərtəbədə cərrahiyyə, reanimasiya, anesteziologiya və intensiv terapiya şöbələri yerləşir. Bina müasir havalandırma sistemi ilə təchiz olunub.
Məlumat verildi ki, xəstəxananın yardımçı binalarında qazanxana, su anbarı və elektrik paylayıcı generator qurğuları quraşdırılmış və rentgen şöbəsi yaradılıb. Ərazi abadlaşdırılmış, yaşıllıq zolağı salınmışdır. Xəstəxanaya gələn yola asfalt örtüyü salınmış, yeni işıqlandırma sistemi quraşdırılmışdır. Prezident İlham Əliyevin tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya müasir avadanlıqla təmin olunmuş "Mercedes" markalı 2 təcili tibbi yardım avtomobili verilib.
Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB