Müsavatın “söz azadlığı” oyunbazlığı TƏRS BAXIŞ

Müsavatın “söz azadlığı” oyunbazlığı TƏRS BAXIŞ

Yaxud, Beynəlxalq Söz və Mətbuat Azadlığı Günündə Arif Hacılı ikitirəliyi

Bütün ölkələrdə olduğu kimi, Azərbaycan mediasının təmsilçiləri də Beynəlxalq Söz və Mətbuat Azadlığı Gününü qeyd etdi və belə bir tarixin əhəmiyyəti barədə müxtəlif fikirlər, münasibətlər səslənildi. Söz yox ki, ölkəmizdə söz və media azadlığı kifayət qədər münbit əsaslara söykənir, bu isə belə deməyə zəmin yaradır ki, əgər bu faktor olmasa idi ölkə mətbuatımız inkişaf meyarlarından kənarda qalardı. Xüsusilə, söz və mətbuat azadlığı istər yazılı, istər elektron mediada öz inkişafını göstərir ki, minlərlə jurnalist cameəsi həmin istiqamətdəki fəaliyyətini şaxələndirir, tərəqqi etdirir. Əgər belə olmasa idi, Azərbaycanda fəaliyyət göstərən və müxtəlif siyasi-ictimai baxışları əks etdirən saytlar, qəzetlər, portallar fəaliyyət göstərməzdi.

Lakin bu mənada fikir və mülahizələr apararkən, özlərini müxalifət “liderləri”kimi zorla ictimai rəyə sırıyan adamların təəssüfdoğurucu “düşüncələrinin” şahidlərinə çevrilirik. Misal üçün, məhz Beynəlxalq Söz və Mətbuat Azadlığı Günündə AXCP sədri Əli Kərimlidən geri qalmayaraq, Müsavat başqanı Arif Hacılının və onun nəzarətində olan saytın media təmsilçiləri arasında sərgilədiyi ayrıseçkiliyi göstərə bilərik. Məsələ ondadır ki, Müsavat partiyası, daha doğrusu Arif Hacılı dövlətçilik maraqlarına xidmət edən həqiqi jurnalistləri bir kənara qoyub, nədənsə, dövlətin qanunlarını pozan, jurnalistlik fəaliyyəti adı altında tamamilə fərqli mövqe sərgiləyən, peşəsinin adına xələl gətirərək, cinayətlər törədən fərdləri “jurnalist” adlandıraraq, onları öz təbirincə təbrik edib. Bu da azmış kimi, Azərbaycanda mövcud ola müstəqil və azad mətbuatın guya basqılara məruz qaldığını əlində heç bir fakt, sübut olmadan iddia edən Hacılı məhz özünü və ailə podratına çevirdiyi partiyasını cinayət törədərək həbs edilmiş “jurnalistlərin” azadlığa çıxacağı yönündə fəaliyyətini artıracağını bildirib. Maraqlıdır, bir sıra xarici dairələrin buyruq qullarına çevrilən, digər qaranlıq əməlləri nəticəsində qanunlarımıza hörmətsizlik edən, eləcə də reketçilik, şantajçılıq, böhtançılıq edənlər nə zamandan jurnalist cameəsinin “aparıcı fiqurları” oldular ki, indi də A.Hacılı özünü reklam edərək, fəaliyyətini həmin istiqamətdə davam etdirəcəyini bəyan edir?

Başqa tərəfdən, o da sirr deyil ki, bu gün Azərbaycanın bütün istiqamətlərdəki inkişafını gözü götürməyən müəyyən xarici təşkilatlar, Qərb qurumları zaman-zaman həmin inkişafa qarşı yersiz, sübutsuz hesabatlar hazırlayır, bu vasitələrlə dövlətçilik maraqlarımıza xələl vurmağa cəhdlər göstərirlər. Halbuki, bu gün Qərb ölkələrində sosial media ilə yanaşı, mətbuatlara və jurnalistlərə basqılar kifayət qədərdir. ABŞ-da, Böyük Brtitaniyada, Fransada, Hollandiyada və s. Qərb dövlətlərində fəaliyyət göstərən bloggerlərin əksəriyyəti təqib və təzyiqlərə məruz qaldıqlarına görə ölkələrini tərk edib, bu və ya digər ölkələrdə siyasi sığınacaqlar alıblar. Nəyə görə A.Hacılı bu faktları önə çıxarmır, əksinə Azərbaycandakı inkişaf amillərinə qara yaxmağa cəhdlər göstərir? Əlbəttə, bu sualın cavabı məlumdur – A.Hacılı sadəcə, dövlət maraqlarınmı sataraq kimlərinsə qarşısında nə qədər sadiq nökər olduğunu nümayiş etdirməyə çalışır.

Bu gün biz, elə A.Hacılının özünə bu sualı verə bilərik ki, əgər Azərbaycanda söz və media azadlığı onu “təmin” etmirsə, bu zaman partiyasına məxsus saytı necə işlədir? Bu fərd sosial şəbəkələrdə öz fikirlərini necə qeyd edir? Ümumiyyətlə, Hacılı bu barədə düşünübmü? Əlbəttə düşünüb. Sadəcə, ona reallığı, həqiqəti deməyi bəlli ağaları qadağan edib. Ona da bu sərf etmir...

Demək, Azərbaycanda bütün azadlıqlar, o cümlədən, söz və mətbuat azadlığı kifayət qədər təmin olunub. Müxalifət deyilən psevdoşivənçilər əllərinə düşən hər imkanda bu dövlətin əldə etdiyi uğurları qaralamağa çalışırlar. Ancaq göründüyü kimi, heç bir nəticə əldə edə bilmirlər. Çünki həqiqəti danırlar. Həqiqəti dannanlar isə dövlətini, vətənini, hətta belə davam edərsə, öz yaxın ətraflarını da danarlar. Belələrindən isə açığı bunu gözləməyə dəyər...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə