Azərbaycanla Küveyt arasında əməkdaşlıq haqqında memorondum imzalanıb
Bu gün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə "İslamda qadın: nailiyyətlər və problemlər" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə AQUPDK-nin sədri Hicran Hüseynova, Milli Məclisin üzvləri, Ombudsman Aparatının nümayəndələri, Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri, qadın rektorlar, nazirliklərdəki qadın səlahiyyətlilər və başqaları iştirak ediblər. Tədbirin keçirilməsində əsas məqsəd müsəlman qadınlarının cəmiyyət həyatına inteqrasiyasını hərtərəfli nəzərdən keçirməkdir.
Tədbiri giriş sözləri ilə açan AQUPDK-nin sədri Hicran Hüseynova ilk olaraq ölkə prezidentinin qadın problemləri ilə bağlı məsələlərə göstərdiyi qayğıdan danışıb: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və respublikanın birinci xanımı Mehriban Əliyeva dövlətimizdə ailə, qadın, uşaq problemlərinə xüsusi qayğı göstərirlər. Bütün bunlar qadınların üzləşdikləri problemlərdə onlara dəstək olur. Məişət zorakılığı, qadın hüquqları və başqa problemlər getdikcə həllini tapır. Bütün bunlar isə, dövlətimizin və rəhbərliyimizin göstərdiyi qayğının nəticəsidir".
Keçirilən dəyirmi masanın Azərbaycan üçün çox əhəmiyyətli olduğunu deyən Hicran Hüseynova əlaqələrin genişlənəcəyini bildirib: "AQUPDK ilə Küveytin Ailə və Həmrəylik Nazirliyi arasında ailə rifahının yüksəldilməsi, qadınların inkişafı və uşaqların müdafiəsi sahəsində əməkdaşlıq haqqında memorondum imzalanıb. Bu sahədə Küveytin Azərbaycana dəstək olması qarşılıqlı əlaqələrimizin düzgün qurulmasının göstəricisidir".
Daha sonra çıxış edən Küveyt dövlətinin qadın məsələləri üzrə dövlət komitəsinin sədri Şeyxə Lətifə görüşün əhəmiyyətindən və Küveyt qadınlarının inkişafından bəhs edib: "Bu görüş bizim üçün çox önəmlidir. Artıq Küveyt qadınları sürətlə inkişaf edir. Ailələrin, uşaqların və qadınların problemləri ilə maraqlanan Küveytdə 2006-cı ildən etibarən qadınlar parlamentdə səsvermə hüququ əldə ediblər. Hazırda Küveyt parlamentində 4 qadın təmsil edilir. Növbəti seçkilərdə rəqəmin 8-ə yüksələcəyinə ümid edirik".
Tədbirin davamında Küveytli qonaq Hicran Hüseynovanın təqdimatı ilə "Qadın Lider" hədiyyəsi ilə mükafatlandırılıb.
Tədbir müzakirələr əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB