Bu günlərdə Ümummilli Lider, Türk dünyasının əfsanəsi, görkəmli ictimai xadim Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ərəfəsindəyik. Bu böyük dühanın işığında Azərbaycan dövləti özünün ən parlaq səhifələrini yaşadı və yaşamaqdadır. İstər Sovetlər dönəmində, istərsə də müstəqil Azərbaycanın yeni tarixində Heydər Əliyev imzası, müstəqil Azərbaycan dövlətinin imzası dünya siyasi məkanında öz layiqli yerindədir. Bu siyasi iradəni ancaq və ancaq siyasət nəhəngi Heydər Əliyev reallaşdırdı. Üçrəngli bayrağımızın səmada dalğalanmasının sevincini bizlərə bəxş edən böyük insanın qarşısında baş əyirik.
Türk dünyasının görkəmli oğlu, Ulu Öndərimiz Heydər Əliyevin irsi zaman keçdikcə daha da zənginləşir və dünya siyasi mənzərəsini izlədikcə Heydər Əliyevin Azərbaycan xalqının qarşısındakı xidmətlərinin ölçüyəgəlməz dərəcəsini hiss edirsən. Həyatımızın bütün sahələrində bu böyük dühanın bizə qoyub getdiyi firavan, müstəqil, azad ölkəmizin gələcəyini görürük.
Əlbəttə, Onun həyat və fəaliyyətində ibrətverici məqamlar saysız və ölçülməzdir. Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bildi və xalqımızı, təhlükədə olan Azərbaycanı böyük bir fəlakətdən xilas etdi, itirilməkdə olan Azərbaycanı bizə, o cümlədən gələcək nəsillərə yenidən bəxş etdi. Heydər Əliyev Azərbaycanın dünyada layiqli yerini tutması üçün uzun illər çalışdı, müstəqil Azərbaycanın Memarı və Qurucusu kimi tarixdə yerini tutdu. Dahi Şəxsiyyət, Unudulmaz Lider Heydər Əliyev Türk və müsəlman dünyasının mübaliğəsiz Lideridir. Bunu dünya ölkələrinin liderləri öz memuarlarında fəxrlə yazmışlar.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan tarixi şəxsiyyət, nüfuzlu rəhbər kimi çağdaş tariximizdə imzasını polad hərflərlə həkk etmişdir. Dünya liderləri siyahısında ən başda yer alan bu şəxsiyyət, ictimai-siyasi xadim Heydər Əliyevin fəaliyyəti, qətiyyəti, möhkəm siyasi iradəsi nəticəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
Hələ ölkəmizin Sovetlər Birliyinin tərkibində olduğu zaman Ulu Öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlanmış, iqtisadi və digər sahələrdə SSRİ rəhbərliyi səviyyəsində əlverişli qərarların qəbuluna nail olunmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, 1969-1982-ci illərdə Azərbaycanda elektron maşınqayırması, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sənaye sahələri yaranmışdı. Sənayenin inkişafında elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiqi nəticəsində 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdı. Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bütün bu fəaliyyətlər öz xalqını sevən bir şəxsin onun üçün etmək istədikləri, eyni zamanda xalqının gələcəyini düşünməsindən irəli gəlirdi. Təbii Azərbaycan Sovet Sosialist Respublikası SSRİ tərkibində olduqda ölkəmizə bir çoxları rəhbərlik edib. Lakin 1970-ci ildən sonra rəhbərliyə gətirilən Heydər Əliyev bu xalq üçün nələr etdiyini istər elmi, texniki, siyasi, mədəni, ədəbi cəhəttədən araşdırdıqca bu fəaliyyətlərin dərinliyində itib batırsan. Bu böyük dühanın bu günümüzə hesablanan addımlarını düşündükcə xalqına, millətinə bu qədər bağlı olan bir Lideri bizə, məhz Azərbaycan xalqına bəxş etdiyinə görə rəbbimizə dualar oxuyuruq.
Beləliklə, ötən əsrin 90-cı illərin tarixi bizə hər şeyin açıq ssenarini verir. Həmin illər Azərbaycan tarixin yaratdığı şansdan yararlanaraq yenidən dövlət müstəqilliyinə qovuşdu. Lakin müstəqilliyin ilk illərində hakimiyyətə yiyələnən naşı və səriştəsiz şəxslərin yarıtmaz idarəçiliyi nəticəsində ölkədə hərc-mərclik, anarxiya yarandı, separatçılıq meyilləri güçləndi. Digər tərəfdən, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin zəbt olunması və bunun nəticəsində bir milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirdi. Belə bir şəraitdə dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı.
Ermənistanın təcavüzü nəticəsində öz doğma yurd-yuvasından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi daim ulu öndərin diqqət mərkəzində olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə qaçqın və məcburi köçkünlərin maddi vəziyyətinin və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra fərman və sərəncamlar imzalanmışdır. Ümummilli Liderin müdrik qərarı ilə Dövlət Neft Fondundan ilk vəsait məhz qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. Məcburi köçkünlərin çadırlardan müasir evlərə köçürülməsi, onların haqq səsinin dünyaya və beynəlxalq təşkilatlara çatdırılması sahəsində ilk addımları da Heydər Əliyev atmışdır.
Ümummilli Liderin xarici siyasət strategiyasında da özünəməxsus gedişlər hər zaman kino lenti kimi dünya siyasi səhnəsində təcrübə kimi öyrənilməkdədir. Siyasi cəhətdən bütün dünya liderləri onun yanında daha zəif görünürdü. Heydər Əliyev dövrün çağırışlarına cavab verən xarici siyasi strategiyanı müəyyənləşdirməkdə təkrarsız revanşları, ölkəmizi əhatə edən geosiyasi reallığı dəqiqliklə nəzərə almaq bacarığı və ən əsası isə xarici siyasət strategiyasında öz xalqının mənafeyini qorumaq, xalqımızın zəngin dövlətçilik tarixinin başlıca məqamlarını zərgər dəqiqliyi hesablaması və bu prinsipləri masaya oturtması idi. Və bu prinsiplər Azərbaycanın faktiki olaraq xarici siyasətin bütün istiqamətlərində uğur qazanmasına səbəb olan amillər idi. Azərbaycan Cənubi Qafqazın lider dövləti olduğu kimi, Heydər Əliyev də Cənubi Qafqazın SİYASİ LİDERİ idi. Dünyanın super güc dövləti ABŞ-ın sabiq prezidenti Bill Klinton (Heydər Əliyevə müraciətlə): Cənab Prezident, Siz bizə çox lazımsınız. Qafqazda və Mərkəzi Asiya regionunda sülhün və sabitliyin bərqərar olunmasında Sizin xidmətlərinizi yüksək qiymətləndiririk". Bəli, Heydər Əliyev siyasi səhnədə regona təsir edəcək bir gücə malik LİDER idi.
Ulu Öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır. Amma həqiqətdə isə Ulu Öndər bütün ömrünü, istər sovet dövrünün rəhbərliyində, istərsə də müstəqil Azərbaycanın siyasi həyatında bütün ömrünü xalqına həsr etdi.
Və nəhayət son nəfəsinədək yalnız Azərbaycanı, özündən sonra Ona güvənən millətin taleyini kimə həvalə edəcəyini düşünən Öndərimiz Heydər Əliyev son vəzifəsini də layiqincə yerinə yetirdi. Azərbaycana Cənab İlham Əliyev kimi Lider bəxş etdi. Onun dövlət quruculuğu kursunu Azərbaycan Prezidenti İlham Əliyev böyük uğurla inkişaf etdirir.
Bu gün İlham Əliyevin ətrafındayıq, böyük sevgi, inamla… İlham Əliyevin ətrafında xalq sevgisi, güc, inkişaf və xoş gələcək var...
Baxmayaraq ki, müstəqillik qazandığımız heç də böyük tarix deyil, amma bu illər ərzində görülmüş işlərə nəzər salanda bir daha əmin olursan ki, demək qısa bir vaxtda böyük uğurlara imza atmaq mumkündür. Azərbaycanda müstəqillik illərində görülmüş işlər və nəzərdə tutulmuş layihələr bir daha göstərir ki, bu ölkənin güclü ordusu, möhkəm iradəli vətəndaşları, Dahi Öndəri, unudulmaz şəxsiyyətləri və layiqli Ölkə Başçısı var.
Bu gün Cənab İlham Əliyevin məqsədyönlü, qətiyyətli və cəsarətli çıxışları ilə Azərbaycanın Avropa məkanında nüfuzunun artmasında, türk dünyasının əvəzsiz Lideridir.
Prezident İlham Əliyevin dövlətin inkişafı, xalqın firavan yaşaması naminə gördüyü işlər göz qabağındadır. Bu gün Azərbaycan xalqı vahid amal ətrafında ölkəmizin başçısının ətrafında birləşib. Bu birlik müstəqilliyimizi daha da daha da gücləndirir. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmiz, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır.
Ümummilli Liderin möhkəm təməlini yaratdığı xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən böyük uğurla davamının nəticəsidir ki, indi Azərbaycanın səsi dünyanın ən mötəbər tribunalarından gəlir, üçrəngli bayrağımız yüksəklərə qaldırılır. Azərbaycan 2011-ci ilin sonlarında 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun və sürətli iqtisadi inkişafının daha bir göstəricisidir.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Dövlət başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacaqdır.
Cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq Onun siyasəti yaşayır, Onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır».
Mehriban Abasquliyeva,
Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB