Heydər Əliyevin İslam həmrəyliyi ideyası

Heydər Əliyevin İslam həmrəyliyi ideyası

Ulu öndər Heydər Əliyev bəşəri dəyərlərdən səmərəli istifadə etməklə cəmiyyətdə mənəvi birliyin yaradılmasında İslam həmrəyliyi ideyasının mühüm rol oynadığına xüsusi önəm verirdi. Heydər Əliyev irsinə əsaslanaraq İslam həmrəyliyi ideyasını məkan, zaman və struktur baxımdan aşağıdakı mərhələlərə bölmək olar:

1. Ölkədaxili vətəndaş həmrəyliyinə nail olmaq.

2. Ölkədaxilində dini təriqətlər və dinlərarası münasibətlərin tənzimlənməsi.

3. İslam ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi.

4. İslam həmrəyliyindən bəşəri həmrəyliyə doğru.

Ulu öndər ümumi islam birliyinə nail olmaq üçün əvvəlcə ölkə daxilində vətəndaş həmrəyliyini bərqərar etməyi nəzərdə tuturdu. Çünki, o yaxşı bilirdi ki, ümumi islam birliyinin formalaşması üçün ayrı-ayrı ölkələrdə milli-mənəvi, dini-etnik həmrəyliyə nail olmaq əsas şərtlərdən biridir. Həmrəylik ideyasının sosial-fəlsəfi mahiyyətini yaxşı dərk edən Heydər Əliyev özünün dövlətçilik fəaliyyətində həmişə bu məsələyə diqqət yetirmişdir.

1.Ölkədaxili vətəndaş həmrəyliyinə nail olmaq. Ölkədaxili həmrəylik-dedikdə burada dinindən, milliyyətindən, irqindən asılı olmayaraq bütün vətəndaşların həmrəyliyinin bərqərar olması başa düşülür. Ayrı-ayrılıqda götürülmüş ölkələrdə həmrəyliyin, birliyin bərqərar olması həmin ölkələrdə sülh, əminamanlıq, sabitlik və birgəyaşayışın əsas təminatıdır.

90-cı illərin əvvəllərində müharibə şəraitində yaşayan Azərbaycanın ağır günlərində Azərbaycana rəhbərlik edən Heydər Əliyev ölkə vətəndaşlarının birliyinə, həmrəyliyinə nail olmaq üçün idarəetmənin fəlsəfəsi və özünün dövlətçilik təcrübəsindən məharətlə istifadə etmişdir. Ulu öndər yaxşı bilirdi ki, yenicə müstəqillik qazanmış bir ölkənin öz müstəqilliyini saxlaması, möhkəmlənməsi və sonrakı inkişafı həmin ölkənin vətəndaşlarının birliyi və həmrəyliyindən asılıdır. Buna görə də ölkə vətəndaşlarının həmrəyliyinin əhəmiyyətini yüksək qiymətləndirən Heydər Əliyev sadə insanlar ilə görüşlərində onları birliyə və həmrəyliyə çağıraraq demişdir: Bizim dövlətimiz, ölkəmiz öz milli, mənəvi, dini dayaqlar üzərində qurulub və bundan sonra da yaşayacaqdır. Amma bunların hamısını təmin etmək üçün gərək hər bir vətəndaşımız öz vətəndaşlıq borcunu yerinə yetirsin, öz vətəndaşlıq borcunu, məsuliyyətini dərk etsin. Əgər hər bir vətəndaş, hər bir azərbaycanlı dərk edə bilsə ki, müstəqil Azərbaycanın yaşaması, qalib gəlməsi və gələcəyə uğurla getməsi onun kiçik fəaliyyətindən də asılıdır, o bunu edəcəkdir. Sizin də, bizim də borcumuz ondan ibarətdir ki, hər bir vətəndaşı-gəncləri də, yaşlı adamları da, sizin kimi müdrik ağsaqqalları da, dindarları da-hamını agah edək ki, bu ağır dövrümüzdə hər bir vətəndaşın, hər bir azərbaycanlının mövqeyindən, fəaliyyətindən, cəmiyyətə göstərdiyi xidmətdən dövlətimizin, cəmiyyətimizin müqəddəratı, bu günü və gələcəyi asılıdır”.

Ölkəmizin daxilində həmrəyliyə, birliyə nail olmaq üçün xalqımıza müraciət edən uzaqgörən Heydər Əliyev müstəqil Azərbaycanın inkişafına, torpaqlarımızın erməni işğalından azad edilməsinə inanırdı. Ümumiyyətlə uzaqgörən ümumilli lider xalqımızın dünya xalqları içərisində ləyaqətli səviyyəyə qalxacağını nəzərdə tutaraq demişdir: “Biz nə qədər bir olsaq, bir-birimizin əllərindən nə qədər möhkəm tutsaq, bir-birimizə nə qədər yaxın olsaq, müstəqil Azərbaycanın yaşamasına o qədər çox nail olacaq, xalqımız onun başına gələn bugünkü bəlalardan xilas olacaq, torpaqlarımız Ermənistanın işğalından azad olacaq. Azərbaycanda əsrlərdən-əsrlərə keçmiş milli, mənəvi dəyərlərimiz möhkəmlənəcək, daha dərin kök salacaq, inkişaf edəcək və Azərbaycan xalqı dünya xalqları içərisində ləyaqətli səviyyəyə qalxacaqdır”.

Ölkədaxili həmrəyliyi qoruyub saxlamaq üçün Ulu öndər islam dinin bəşəri dəyərlərindən istifadə edərək ölkəmizin ümumi inkişafı və birliyi naminə adamlarımızın kin-küdurəti, ədavəti kənara qoyaraq bir araya gəlməsini istəyirdi. Belə məqamda ölkə vətəndaşlarının həmrəyliyi naminə Heydər Əliyev peyğəmbərimiz Həzrəti Məhəmmədin tövsiyyələrini əsas tutaraq, ümumiyyətlə, islam dininin mütərəqqi dəyərlərinə əsaslanaraq xalqımıza müraciət edərək deyirdi: “Respublikamızda son illər gedən proseslər cürbəcür ziddiyyətlər yaradır. Bəzi adamlarda bir-birinə qarşı kin-küdurət, ədavət, qisasçılıq hissləri yaranıb. Bunların hamısını kənara qoymaq lazımdır. Allah da belə buyurub, Qurani-Kərim də bunu bizdən tələb edir. Dinimizin əsasını qoyan və mənim bu günlərdə məbədini ziyarət etdiyim Həzrəti Məhəmməd peyğəmbər də bizə bu yolu göstərir. Ona görə də mən həm sizə, bütün dindarlara, həm də bütün azərbaycanlılara müraciət edirəm”.

2. Ölkədaxilində dini təriqətlər və dinlərarası münasibətlərin tənzimlənməsi. Ölkədaxilində dini sabitlik və birgəyaşayışı təmin etmək üçün multikulturalizm və tolerantlıq ideyası cəmiyyətdə üstünlük təşkil etməli və ölkə vətəndaşlarının gündəlik həyat tərzinə çevrilməlidir. Hamıya məlumdur ki, multikulturalizm və tolerantlıq Azərbaycan vətəndaşlarının həyat tərzinə çevrilmişdir. Hər hansı bir cəmiyyətdə təriqətlərarası münasibətlərin normal olması ölkədaxili sabitliyin bərqərar olmasını şərtləndirir. Məsələn, Azərbaycanda tarixən məzhəblər (sünni, şiə və s) arası münasibətlərdə heç bir vaxt problem olmamışdır. Müstəqillik dövründə isə ölkəmizdə dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi hər bir məzhəb nümayəndələrinin hüquqlarının qorunmasına xidmət etmişdir. Eyni zamanda 2016-cı ilin yanvar ayında Bakı şəhərində Heydər məscidində sünni və şiə məzhəbinə mənsub olan müsəlmanların ilk dəfə olaraq eyni vaxtda birlikdə vəhdət namazı qılmaları dini tolerantlıq nümunəsi kimi dünya müsəlmanlarına bir mesaj olmuşdur.

3. İslam ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsi. Azərbaycanda müxtəlif dinlərin birgə yaşayış şəraitinin nümunəvi xarakter daşıdığını vurğulayan Ulu Öndər bu xüsusiyyətlərin xalqımızın dini dözümlülüyünü göstərən əsas şərt hesab etmişdir. Bir neçə konfessiyalı ölkələrdə ölkədaxili həmrəylik, dini tolerantlıq və dinlərarası münasibətlərin səviyyəsindən asılıdır. Bu səbəbdən Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən ölkəmizdə vətəndaş həmrəyliyinə nail olmaq üçün dini konfessiyaların bir-birinə münasibətlərinin normal olmasına çalışmışdır. Bu baxımdan Ulu öndər dinlərarası münasibətlərin nümunəvi xarakter daşıdığını qeyd edərək demişdir: “Azərbaycanda müxtəlif dinlərin bu cür birliyinin olması müstəsna dərəcədə nümunəvi xarakter daşıyır. Bu, əslində Azərbaycanın reallığını, eyni zamanda Azərbaycan xalqının dini dözümlülüyünü göstərir. Azərbaycanda əhalinin əksəriyyətini islam dininə etiqad edən azərbaycanlılar təşkil edir. Ancaq eyni zamanda Azərbaycanda xristian-pravoslav, yəhudi dininə etiqad edən insanlar, müxtəlif millətlərin nümayəndələri də yaşayırlar. Azərbaycanlılar başqa dinlərə münasibətdə həmişə dözümlü olublar və bunu bizə Quran, Həzrəti-Məhəmməd vəsiyyət edibdir. Amma ən mühüm odur ki, bu xeyirxah, müqəddəs vəsiyyət yerinə yetirilsin. Azərbaycanlıların bu vəsiyyəti müqəddəs tutması xalqımızın çox mühüm keyfiyyəti, xüsusiyyətidir və biz bununla fəxr edə bilərik”.

Ölkəmizin inkişafı naminə bütün vətəndaşlarımızın ölkədaxili həmrəyliyinə nail olmaq, vətənimizi erməni düşmənlərindən xilas etmək, ordumuzun möhkəmlənməsi və müdafiə qüdrətinin artması üçün Ulu öndər bütün Azərbaycan xalqına İslam dini ətrafında birləşməyi tövsiyə edərək 1993-cü il 5 sentyabr tarixində Təzəpir məscidində dindarlar qarşısındakı çıxışında demişdir: “Biz bu yolla gedəcəyik. Biz öz islam dinimizi qoruyub saxlayaraq, bizim dinimizə, əxlaqımıza, mənəviyyatımıza təcavüzlərin qarşısını alaraq heç bir başqa millətə, heç bir başqa dinə təcavüz etməyəcəyik. Hər bir millətə mənsub olan insana, hər dinə hörmətlə yanaşmışıq və yanaşacağıq. Bu, Allahın əmridir, bu bizim Ulu peyğəmbərimiz Məhəmməd əleyhissəlamın bizə tövsiyəsidir. Ona görə də Azərbaycan xalqının bu ağır dövrdə birləşməsi İslam dininin böyük mənəvi dəyərlərinə söykənir və ümidvaram ki, bizim dindarlarımız, bizim din aləmində fəaliyyət göstərən şəxslərimiz Azərbaycanın bütün vətəndaşları İslamın buyurduğu yolla gedərək Vətəni qorumaq əzmi, qəhrəmanlıq əzmi, vətənpərvərlik əzmi tərbiyə etməlidirlər”.

Burada ölkəmizin ağır durumda olduğu bir vaxtda Heydər Əliyev insanlarda birləşmək və həmrəyliyə nail olmaq kimi islamın tarixi ənənəsini yada salaraq Allahın buyurduğu və Peyğəmbərimizin tövsiyəsini dindarlara xatırlatmaqla keçən əsrdə 90-cı illərin əvvələrində ölkəmizin ağır günlərində vətənimizi işğalçılardan qorumaq və xalqımızda vətənpərvərlik və qəhrəmanlıq əzmini gücləndirməyi vurğulamışdır.

4.İslam həmrəyliyindən bəşəri həmrəyliyə doğru. Qeyd etmək lazımdır ki, Heydər Əliyev 1993-cü il xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldiyi vaxtdan müsəlman ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmləndirilməsinə xüsusi diqqət yetirmişdir. Xüsusən İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Dövlət və Hökümət başçılarının 1994-cü il 13 dekabr tarixində Kasablanka (Mərakeş) Zirvə Toplantısında Heydər Əliyevin geniş məzmunlu çıxışı İslam dünyasında həmrəyliyin genişləndirilməsinin zəruri olduğunu bir daha təsdiq etdi. Toplantıdakı çıxışında Heydər Əliyev Müsəlman ölkələrinin başçılarına müraciət edərək islam ölkələri arasında birliyin, həmrəyliyin mühüm əhəmiyyət daşıdığını və Azərbaycanın islam dünyası ilə əməkdaşlığının genişlənməsinin əhəmiyyətini vurğulayaraq demişdir: “Azərbaycan Respublikasının Prezidenti kimi mən öz qardaşlarımla-müsəlman dövlətlərinin başçıları ilə şəxsi münasibətlər yaratmağa, aramızda həmrəyliyi möhkəmlətməyə böyük əhəmiyyət verirəm. Əminəm ki, Mərakeşdəki Zirvə görüşü Azərbaycanın bütün İslam dünyası ilə əməkdaşlığının genişlənməsinə və dərinləşməsinə kömək edəcəkdir”.

Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən İslam Konfransı Təşkilatının bir müsəlman ölkəsi kimi Azərbaycana siyasi dəstək göstərdiyini xüsusi qeyd edən Heydər Əliyev bu təşkilatın fəaliyyətini yüksək qiymətləndirmiş və bu təcrübənin davam etdirilməsini zəruri hesab etmişdir: “Öz qətnaməsində Ermənistan Respublikasının müstəqil Azərbaycana qarşı təcavüzünü pisləmiş İslam Konfransı Təşkilatının fəaliyyətini biz yüksək qiymətləndiririk. O bu münaqişənin aradan qaldırılması işində iştirak edən beynəlxalq təşkilatlara müvafiq müraciətlər göndərmişdir. Hesab edirəm ki, belə tədbirləri davam etdirmək lazımdır və çox ümidvarıq ki, İslam Konfransı Təşkilatının hər bir üzvü bu tədbirləri dəstəkləyəcəkdir”.

Bu toplantıdakı çıxışında Heydər Əliyev bir çox müsəlman ölkələrinin Azərbaycandakı qaçqınlara qayğı ilə yanaşdığını və onlara sosial yardım etməsini xüsusi olaraq vurğulamış və həmin ölkələrin rəhbərlərinə minnətdarlıq etmişdir: “Bu mötəbər kürsüdən mən öz qardaşlarıma-Türkiyənin, İranın, Pakistanın, Səudiyyə Ərəbistanının və bir çox başqa ölkələrin, İslam xeyriyyəçiliyi təşkilatının rəhbərlərinə təşəkkür edirəm. Onlar xalqımızın müsibətinə öz münasibətlərini dərhal bildirərək qaçqınları ən zəruri əşyalarla təmin etmişlər və bu gün də bizə yardım göstərməkdədirlər”.

Buradan göründüyü kimi Kasablanka Zirvə görüşündə Heydər Əliyev Ermənistanın təcavüzü nəticəsində ölkəmizin düşdüyü ağır vəziyyəti görüş iştirakçılarına çatdırmaqla yanaşı, dünyanın başqa bölgələrində baş verən qırğın və dağıntılara da diqqəti cəlb etmiş və müxtəlif bölgələrdə yaşayan müsəlman və qeyri-müsəlmanların taleyinə biganə qalmamağı nümayəndələrə bəyan etmişdir. Buradan göründüyü kimi Heydər Əliyev bu görüşdə bir müsəlman ölkəsinin başçısı kimi təkcə Azərbaycanın problemlərini yox, eyni zamanda digər bölgələrdə yaşayan müsəlman və qeyri-müsəlmanların da problemlərini həll etmək üçün İslam Konfrans Təşkilatına üzv olan ölkələrin başçılarına müraciət etmişdir.

O bu haqda demişdir: “Öz çıxışımda mən xalqımın ağrı-acılarından danışdım. Bununla yanaşı, Bosniya və Hersoqovinada, Kəşmirdə, Fələstində, dünyanın bütün qaynaq nöqtələrində milliyətindən və dinindən asılı olmayaraq başqa xalqların da dərdi və istirabları məni narahat edir. Bosniya və Hersoqovinada son vaxtlar yaranmış vəziyyət xüsusi təşviş və ürək ağrısı doğurur. Orada qırğın və dağıntılar dəhşətli miqyas almışdır. Ona görə də biz qanlı qırğının dərhal dayandırılması üçün və bu münaqişənin ədalətli aradan qaldırılmasına nail olmaq üçün bütün imkanlarımızdan istifadə etməliyik, var qüvvəmizi sərf etməliyik . Nitqimi bitirərək, mən aramızdakı həmrəyliyə, İslam Konfransı Təşkilatının prinsiplərinə və məqsədlərinə sadiq olduğumu bildirirəm, sülh, sabitlik və tərəqqi naminə hamını öz səylərini birləşdirməyə çağırıram. Mən sizin hamınıza və xalqlarınıza səadət və amin-amanlıq arzulayıram”.

Ümumiyyətlə Heydər Əliyevin Kasablanka görüşündəki təsirli və mənalı çıxışı Ulu öndər təkcə bir İslam dövlətinin başçısı kimi yox, həm də dünya xalqlarını bəşəri həmrəyliyə çağıran bir lider kimi dünyada tanıtmışdır. Yuxarıda dediyimiz kimi Heydər Əliyevin İslam həmrəyliyi ideyası təkcə İslam ölkələrinin birliyi ilə məhdudlaşmır. Araşdırmalar və həyati faktlar göstərir ki, Heydər Əliyevin İslam həmrəyliyi ideyası Bəşəri həmrəyliyə istiqamətlənmiş qlobal mahiyyət kəsb edir. Ulu Öndərin Bəşəri həmrəyliyə nail olmaq ideyasını onun ləyaqətli davamçısı İlham Əliyev davam etdirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin İslam dünyası ilə Qərb dünyası arasındakı əməkdaşlıq əlaqələrində Bakı prosesinin rolundan bəhs edərək demişdir: “Bakı prosesi 2008-ci ildə başlamışdır. O vaxt biz Avropa şurasına üzv ölkələrin nazirlərinin toplantısına müsəlman ölkələrinin nazirlərini dəvət etmişdik. Beləliklə, ilk dəfə olaraq İslam Əməkdaşlıq Təşkilatını və Avropa Şurasını təmsil edən nazirlər bir araya gəlmişdir. Ondan sonra 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatının xətti ilə burada keçirilən Konfransa biz Avropa Şurasına üzv ölkələrin nazirlərini dəvət etdik. Bildiyiniz kimi, son illər ərzində Bakıda iki dəfə Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Biz hesab edirik ki, belə tədbirlərin keçirilməsinə böyük fayda və böyük ehtiyac vardır”.

Hələ vaxtilə Ulu öndər Heydər Əliyev müsəlman ölkələrinin dini liderlərinin və ictimai xadimlərinin beynəlxalq səviyyədə təşkil olunmuş tədbirlərdə görüşlərinin əhəmiyyətini həmişə dəyərləndirmişdir. Heydər Əliyev xüsusən, müsəlman ölkələrinə qarşı qərəzli münasibətlərin çoxaldığı indiki dövrdə beynəlxalq görüşlərin İslam həmrəyliyinin möhkəmlənməsinə təkan verdiyini qiymətləndirmişdir. Bu baxımdan “Müasirlik və dini-mədəni dəyərlər” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına göndərdiyi təbrik məktubunda islam həmrəyliyinin möhkəmləndirilməsində bu cür tədbirlərin əhəmiyyətindən bəhs edərək demişdir: “Müsəlman alimləri və din xadimlərinin dinimizin mühüm aktual problemlərini müzakirə etməsi sırf elmi-dini əhəmiyyəti ilə yanaşı, müsəlman dövlətləri və xalqları arasında qardaşlıq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, islam həmrəyliyinin daha da möhkəmlənməsinə xidmət edir. Dünyanın bir çox yerlərində islam dininin əsaslarına, müsəlman ölkələrinə qarşı qərəzli həmlələrin aparıldığı müasir dövrdə bu, xüsusilə böyük əhəmiyyət kəsb edir. Belə görüşlər həmçinin müştərək tarixi, mədəni, mənəvi ənənələrə malik olan, oxşar tale və inkişaf yolu keçmiş ölkələrimizin qarşısına çıxan problemlərin həllində bir-birimizin təcrübəsindən səmərəli istifadə etmək imkanlarını genişləndirir.

Sakit Hüseynov,

AMEA-nın Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru

[email protected]

Bütün xəbərlər Facebook səhifəmizdə