“Söz və mətbuat azadlığı Azərbaycanın ən başlıca prinsiplərindən biridir” MÖVQE
“Bu gün Ümumdünya Mətbuat və Söz Azadlığı günüdür. Sözün həqiqi mənasında bu gün həm tarixinə, həm də yarandığı şəraitə görə əhəmiyyət kəsb edir. 1993-cü ildən etibarən 3 may Ümumdünya Mətbuat və Söz Azadlığı günü kimi qeyd olunur. Azad sözün şərəfinə elan olunmuş bu gün bilirsiniz ki, soyuq müharibənin başa çatması gününə təsadüf edir”. Bunu SİA-ya açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktorun sözlərinə görə, ötən əsrin son onilliyində - 1991-ci ildə bir çox ölkələrin jurnalistləri Parisdə toplanaraq belə bir günün təsis olunmasına təşəbbüs göstəriblər: “1993-cü ildə Namibiyanın paytaxtı Vindhuk şəhərində YUNESKO belə bir qərar qəbul etmişdi ki, 3 may tarixi Ümumdünya Mətbuat və Söz Azadlığı günü kimi qeyd olunsun. Eyni zamanda 1993-cü ilin 20 dekabr tarixində BMT Baş Assambleyası belə bir qərar qəbul etdi. Təbii ki, Azərbaycan da bu günü çox yüksək səviyyədə qeyd edir. Burada əsas məqsəd insanların söz, fikir azadlığından sərbəst şəkildə yararlanmasıdır. Bununla belə jurnalistikanın cəmiyyət üçün nə qədər önəm kəsb etdiyi ən ümdə məsələ olub. Azərbaycanda bu sahədə kifayət qədər uğur işlər reallaşdırılıb və həyata keçirilib. Xüsusilə qeyd etmək istəyirəm ki, söz, mətbuat azadlığı Azərbaycanın ən başlıca prinsiplərindən biridir ki, demokratik prinsiplərin bərqərar olması, demokratik prinsiplərin inkişaf etməsi üçün Azərbaycanda dövlət səviyyəsində bu sahəyə xüsusi önəm verilib.
Vurğulamaq istəyirəm ki, Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu sahəyə xüsusi önəm verildi və diqqət yetirildi. 1998-ci il avqustun 6-da Ümummilli Lider Heydər Əliyevin qərarı ilə senzura ləğv edildi. Müstəqil medianın inkişafı məhz həmin tarixdən başladı. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının yeni Qanunu qəbul edildi. O qanunki Avropanın, dünyanın bir çox ölkələri üçün nümunə oldu. Bir sözlə Azərbaycanda mətbuat üzərindən dövlət nəzarət mexanizmi aradan qaldırıldı və uğurlu inkişafa nail olundu”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB