BŞTİ: “Bakının hər hansı bir qəsəbəsində elektrik və ya qazla problem olacağı halda, bu problem məktəbdə də yaşanacaq”-AÇIQLAMA

BŞTİ: “Bakının hər hansı bir qəsəbəsində elektrik və ya qazla problem olacağı halda, bu problem məktəbdə də yaşanacaq”-AÇIQLAMA
Güman edirik ki, qış fəslində paytaxt məktəblərdə elə də qlobal problemlər yaşanmayacaq. Bu barədə SİA-ya açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı məlumat verib. O bildirib ki, iki il bundan öncə Təhsil Nazirliyi və "Azəristilik" ASC-nin dəstəyi ilə məktəblərin istilik sistemində ciddi dəyişikliklər edilib, yeniləşdirilib, tam təmir olunub. Onun sözlərinə görə, paytaxtda yerləşən ümumtəhsil məktəblərinin demək olar ki, yarısının fərdi qazanxanası var, yarısı isə mərkəzləşdirilmiş qaydada işıq, qaz və ya istiliklə təmin olunur. "Bizim fikrimizcə, bu il elə də ciddi fəsadlar olmamalıdır. Noyabrın 15-dən etibarən rəsmi şəkildə qış mövsümünə keçid başlanır və bu vaxtdan məktəblərin istilik təchizatı ilə təminatına start veriləcək. Təhsil Nazirliyinin və "Azəristilik" ASC-nin dəstəyi ilə bütün məktəblərin istilik sistemləri yeniləşdirilib. Bizim əsas narahatçılığımız mərkəzləşdirilmiş qaydada elektrik və ya mavi qazla təmin olunan məktəblərlə bağlıdır. Yəni məktəbin yerləşdiyi Bakının hər hansı bir qəsəbəsində elektrik və ya qazla problem olacağı halda, bizim istəyimizdən asılı olmayaraq məktəbdə də bu problem yaşanacaq. Ona görə düşünürük ki, gələcəkdə imkan daxilində bütün məktəblərdə fərdi qazanxanalar yaradılsın ki, məktəblərin yerləşdiyi hər hansı bir ərazidə problem yaşanacağı halda onlar bu narahatlıqdan kənar olsunlar. Bugünə olan məlumata görə, məktəblərin artıq 50%-nin fərdi qazanxanası var və bu istiqamətdə də işlər görülür", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə