Bakıda “Gənclər ekoloji inkişaf uğrunda” beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb - TƏDBİR

Bakıda “Gənclər ekoloji inkişaf uğrunda” beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb - TƏDBİR
Bu gün Bakıda "Gənclər ekoloji inkişaf uğrunda" beynəlxalq elmi-praktiki konfransı öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, iki gün davam edəcək konfransın məqsədi gənc alim, ekspert, mütəxəssis, iş adamları, ictimai təşkilatlar və KİV nümayəndələrini yalnız təbiətin qorunması məsələlərində deyil, həmçinin yeni əsrin ekoloji xüsusiyyətlərini nəzərə ala bilən yeni innovativ iqtisadiyyatın və elmin quruluşunda da iştirakını stimullaşdırmaq, iqtisadi, sosial maraqları nəzərə almaqla davamlı inkişaf və sağlam ətraf mühit uğrunda tədbirlərin həyata keçirilməsinə həvəsləndirməkdir. Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard iştirak ediblər.

Tədbirdə həmçinin ABŞ, Almaniya, Avstriya, İsveçrə, Qazaxıstan, Pakistan, Rusiya, Tacikistan, Türkiyə və başqa xarici ölkələrdən olan gənc alimlər, tədqiqatçılar, istehsal şirkətlərinin tədqiqatçı-mütəxəssisləri, müvafiq ixtisaslar üzrə magistr və ali məktəb tələbələri, eləcə də ekologiya sahəsində işləyən QHT nümayəndələri iştirak ediblər.

Konfransla bağlı jurnalistlərə açıqlama verən İntiqam Babayev bildirib ki, konfrans prezident İlham Əliyev tərəfindən elan olunan "Ekologiya ili" çərçivəsində keçirilir. Onun sözlərinə görə, ekologiyanın sağlam olması evimizin, vətənimizin sağlam olmasıdır, gənclər də bu vətənin gələcəyi olduğu üçün ona görə bu tədbirin iştirakçıları məhz gənclərdir: "Biz çalışdıq ki, konfrans çərçivəsində gənclər mövzü ətrafında fikir mübadiləsi aparsınlar, xaricdən gələn həmkarları ilə təcrübə mübadiləsi həyata keçirsinlər. Ola bilsin ki, gələcək fəaliyyət üçün müəyyən nəticələr əldə olunsun. Bundan əlavə, tədbir vasitəsilə Azərbaycanda ekologiya ilə bağlı görülən işlər haqqında dünya ictimaiyyətinə məlumat çatdırılacaq, eyni zamanda gələcəkdə burada iştirak edən Azərbaycan və xarici ölkədən gələn təşkilatlar arasında layihələrin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılacaq".

Daha sonra konfransla bağlı jurnalistlərə danışan Hüseynqulu Bağırov bildirib ki, Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması ilə bağlı çox işlər görülür. Onun sözlərinə görə, məhz bu artan xəttin məntiqi davamı kimi cari il "Ekologiya ili" elan edilib: " Bununla da artıq bütün xalq bu problem ətrafında düşünməyə cəlb edilib. İndi hər bir vətəndaş düşünməlidir ki, mən ətraf mühitlə bağlı nə edə bilərəm. Bu baxımdan bu cür konfransların keçirilməsi təqdirəlayiqdir. Bu işlərdə gənclərin rolunu müəyyənləşdirmək çox vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə