Paşinyanın baş nazir seçilməməsinin pərdəarxası məqamları
Ermənistanda kütləvi etirazçılar dalğasının lideri Nikol Paşinyanın rəhbərlik etdiyi hərəkatı “məxməri inqilab” adlandırması artıq öz çərçivəsindən çıxıb və get-gedə ağır nəticələrə doğru inkişaf etməkdədir. Daha dəqiq desək, Paşinyanın parlamentdəki uğursuz çıxışı, baş nazir seçilməməsi və hakim Respublika partiyasının ona dəstək verməməsi məhz belə qənaətə gəlməyə zəmin yaradır ki, Ermənistan növbəti tənəzzül və qiyam hədəfindədir. Söz yox ki, hələ bir neçə gün öncə, Karen Karapetyanın Kremllə müzakirələr aparması, bunun ardınca, Nalbandyanın Moskva səfəri Moskvanın Serj Sarkisyanın gedişi ilə barışmayacağı qənaətində olduğunu açıq-aydın sərgiləməkdədir.
Ovannes İgityan: “58 deputat Ermənistanı rüsvay etməklə göstərdi ki, erməni xalqı çətin anlarında doğru və düşünülmüş seçim etmək qabiliyyətinə malik deyil”
Bu arada, Ermənistanın paytaxtı başda olmaqla, ölkədə kültəvi tətillərin başlaması, dövlət müəssisələrinin və xüsusilə “Zvartnos” aeroportunun bu təillərə qatılması vəziyyətin çərçivədən çıxmasını göstərir və bu məsələdə bütün günahlar bilavasitə hakim Respublika partiyasının üzərinə atılır. Politoloqlar və ictimaiyyət nümayəndələri qanın töküləcəyi halda günahkarın iqtidar olacağını bəyan edirlər.
Misal üçün, beynəlxalq əlaqələr üzrə mütəxəssis, politoloq Ovannes İgityan erməni mediasına verdiyi açıqlamasında deyib ki, Respublika partiyası Nikol Paşinyana dəstək verməməklə iğtişaşların başlanğıcını qoyub. “Respublika partiyası öz səsverməsi ilə göstərdi ki, bu təşkilat partiya deyil və oraya öz maraqlarını güdən adamlar toplaşıb və hər biri nəzarət rıçağındadırlar”-deyə qeyd edən politoloq bildirib ki, parlamentdəki səsvermə nəticəsində məhz 58 deputat Ermənistanı dünyada rüsvay etdi: “Bu 58 deputat Ermənistanı rüsvay etməklə göstərdi ki, erməni xalqı çətin anlarında doğru və düşünülmüş seçim etmək qabiliyyətinə malik deyil. Düzdür, bu belə deyil, ancaq sərhədlərdən kənarda belə bir nəticə, yəni 58 nəfərin qərarı bu cür düşünməyə vadar edir. Ölkədən kənarda parlament çoxluğunun namizədi seçmədiyi bildirilir.Təəssüfdoğurucu və kədərli olsa da, bu reallıqdır”.
Qaquik Qəmbəryan: “Serj Sarkisyan, onun partiyası və deputatları reallıqdan qopardılmış şəxsləridir”
1in.am saytının siyasi təhlilçisi Aram Amatuni isə öz şərhində yazır ki, Respublika partiyası Nikol Paşinyann baş nazirliyə olan namizədliyinə səs verməməklə, Ermənistanın düşdüyü siyasi böhranın həll olunmasının qarşısı aldılar. “Dövlət maraqlarının əleyhinə şəxsi maraqlar güdüldü və bu heç bir erməniyə yaxşı nə isə vəd etmir”-deyə Amatuni təhlilində yazır.
“Mən bir dəfə sosial şəbəkədə yazmışdım ki, Serj Sarkisyan reallıqdan qopardılmış şəxsdir. İndi isə dəqiqləşdirərək deyirəm ki, bu məsələ yalnız ona deyil, onun idarə etdiyi bütün partiya üzvlərinə aiddir”. Bu fikirlərlə isə digər erməni politoloqu Qaqiuk Qəmbəryan çıxış edib. Onun sözlərinə görə, nəninki Sarkisyan və onun partiyadaşları, eləcə də parlament fraksiyasındakı adamları da reallıqdan qoparaq, ölkəni uçuruma doğru sürükləməkdədir.
Beləliklə, fakt budur ki, baş nazir seçilə bilməyəndən sonra N.Paşinyan hətta daha öncə Kremllə münasibətlərini inkişaf etdirəcəyini desə də, Rusiyanın hakim siyasi dairələri onun bu səmimiyyətinə inanmadıqlarını ortaya qoydular. Belə olmasa idi, hər halda Respublika partiyasının deputatları onun namizədliyinə səs verərdilər. Baş verənlər isə belə proqnoz verməyə şərait yaradır ki, artıq Ermənistan növbəti və daha ağır qarşıdurmalar astanasındadır və ölkə ictimaiyyəti, xüsusilə etirazçılar və tətilçilər qandan yaxa qurtara bilməyəcəklər.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB