Gəncənin Təbriz qəsəbəsinin sakinlərinin şikayətlərinə səbəb əraziyə qaz xəttinin çəkilişinin yarımçıq qalmasıdır. Əvvəla qısa məlumat verək ki, qəsəbə yeni salınıb və Göygöl rayon ərazi vahidliyinə tabedir. Ancaq kommunikasiya- işıq, qaz xəttləri Gəncə şəhərinə yaxın olduğu üçün mavi yanacğın çəkilişidə Gəncə şəhər Qaz İstismarı İdarəsinə həvalə olunub.
SİA-nın bölgə müxbiri ilə söhbət zamanı sakinlər bildiriblər ki, hər yeni salınan qəsəbə kimi burada yaşayanlarda mənzillərinə mavi yanacağı şəxsi vəsaitləri hesabına çəkdirmək istəyiblər. Burada yaşayan təxminən 40-a yaxın ev sahibinin hər biri qazdan istifadə etmək üçün adıçəkilən qruma, yəni Gəncə şəhər Qaz İstismarı İdarəsinin rəsmilərinə 600 manat ödəyiblər. Lakin mart ayından bu günədək çəkilən qaz xəttləri əsas xəttə qoşulmur.
Sakinlərin döymədikləri qapı qalmayıb, ancaq dərdlərinə əlac edən yoxdur. Üstəlik verdikləri pullar geri qaytarılmır. Deyirlər ki, Gəncə Qaz İstismarı İdarəsi günü-günə sataraq vaxt qazanır. Şəhər İcra Hakimiyyətindən isə birmənalı şəkildə bildiriblər ki, qəsəbəyə qaz verilməyəcək. Səbəb kimi ərazinin Gəncə şəhərinin deyil, Göygöl rayonunun tabeliyində olması göstərilir.
"Bizdən pul yığıblar, ancaq gəlib qazı çəkmirlər. Şəhər İcra Hakimiyyətinə gedirik, deyirlər ərazi Göygöl rayonuna baxır və Gəncədən qəsəbəyə qaz verilə bilməz. Pulu kimə vermisiz gedin alın. Ödədiyimiz məbləğidə keçmiş rəisə verdiyimizdən Gəncədə kimə üz tutacağımızı bilmirik", - deyə sakinlər narazılıqlarını dilə gətiriblər.
İndi insanlar məcbur olub qaz balonlarından və odundan istifadə edir. Vətəndaşların sözlərinə görə, yalan vədlərə aldandıqlarından qışın tədarükünüdə görməyiblər. Məsələyə münasibət bildirən Gəncə şəhər Qaz İstismarı İdarəsinin rəis müavini Şubay Nəsibov əhalidən pul yığıldığını etiraf edir. Yəni vətəndaşlar deyilənə əməl edib, qaz xəttinin çəkilişini "ciblərinin gücünə" reallaşdırmaq istəyiblər. Ancaq prosesin qəmbərqulusu çıxdığından əhalinin tələbləri yerinə yetirilmir.
"Yaranan problem aidiyyəti qurumların qarşısında qaldırılıb. Yəqin yaxın günlərdə problem öz həllini tapacaq", Ş.Nəsibov bildirib.
Görünür qəsəbə sakinləri hələ bir müddət də gözləməli olacaqlar. Qarşıdan gələn şaxtaları günlər isə gözləməyəcək. Hər halda bundan sonra nə etməli olacaqlarını qurum rəsmiləri aydınlaşdırmalıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB