Əhməd Davudoğlu: ""Dondurulmuş münaqişələr" sülh yolu ilə öz həllini tapmalıdır"

Əhməd Davudoğlu: ""Dondurulmuş münaqişələr" sülh yolu ilə öz həllini tapmalıdır"

Strasburqda Avropa Şurası Nümayəndələr Komitəsinin (AŞNK) növbəti sessiyası keçirilib. SİA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, AŞNK-nın hazırkı sədri, Antonio Miloşoskinin rəhbərliyi ilə keçirilən toplantıda quruma sədrlik Makedoniyadan Türkiyəyə ötürülüb. Daha sonra, Avropa Şurası və Gürcüstandakı münaqişə, Kiprdəki vəziyyət, Avropa Şurası ilə ATƏT arasında əməkdaşlıq, eləcə də bu ilin sentyabrın 22-də Bakıda keçirilmiş Avropa Şurasına üzv ölkələrin idman nazirlərinin qeyri-formal toplantısının nəticələri də sessiyada müzakirə edilib.

 

Toplantının sonunda AŞNK-ya sədrlik növbəti altı ay müddətinə Türkiyəyə keçib.

 

A. Miloşoski ümidvar olduğunu bildirib ki, Türkiyənin sədirliyi dövrdə qurumun fəaliyyəti daha geniş arealı əhatə edəcək və mühüm işlər görüləcək. O, daha sonra ölkəsinin AŞNK-da altı ay ərzindəki sədrliyi haqda hesabat verib. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə quruma rəhbərlik edəcəyi dövr üçün ölkəsinin prioritetlərini açıqlayaraq bildirib ki, Türkiyənin qurumdakı sədrliyi ərzində əsas prioritetləri və məqsədi Avropa Şurasının Avropada, eləcə də bütün dünyada təsirini artırmaq, Türkiyənin əsas diqqətini isə AŞ İnsan Hüquqları üzrə Komissarı, İrqçilik və Qeyri-Tolerantlığa Qarşı Avropa Komitəsi və İşgəncələrə Qarşı Avropa Komitəsi kimi qurumların müstəqil nəzarət mexanizmlərinə yönəldəcək. O, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsində aparılan islahatlara önəm veriləcəyini, Aİ-nin Avropa İnsan Hüquqları Konvensiyasına qoşulması prosesinin sürətləndirilməsi də digər vacib məsələ kimi Türkiyənin prioritetləri sırasındadır.

 

Daha sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu mətbuat nümayəndələri üçün konfrans keçirib. " Türkiyədə mətbuatına son zamanlar dövlət tərəfindən təziqlər edilir" sualına cavabında Əhməd Davudoğlu belə bir halların mövcud olmadığını bildirib. O, qeyd edib ki, mətbuat tam azad formada fəaliyyət göstərir.

 

Eyni zamanda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu keçirdiyi mətbuat konfransında Avropa İttifaqının Türkiyəyə dair dəyərləndirmə hesabatı ilə bağlı ünvanlanan sualada münasibət bildirib: "Avropa Komissiyası öz hesabatını açıqlayıb. Bu gün Türkiyədə bir çox sahədə irəliləyişlər var və bu yaxınlarda Konstitusiyaya edilən dəyişikliklər hesabatda müsbət addım kimi əksini tapıb. Bizim məqsədimiz demokratiyanın ən yüksək səviyyənin əldə olunmasıdır. Biz bütün təklifləri müzakirə etməyə hazırıq və bütün təkliflərə cavab verməyə də hazırıq. Avropa Komissiyasının hesabatı bugünkü reallığı, vəziyyəti əks etdirir. Bununla belə, hesabatın nəticələrindən irəli gələn məsələləri öz fəaliyyətimizə daxil edəcək, bu istiqamətdə lazımi işləri görəcəyik. Lakin bu, Türkiyənin bu gün sadalanan dəyərlərə - demokratiya, insan haqları, söz azadlığı və s. hörmət baxımından bütünlüklə qeyri-qanuni şəraitdə olması fikrinə gəlməməlidir. Bu o deməkdir ki, biz sadəcə əlavə irəliləyişlər həyata keçirməliyik və biz də bunu edəcəyik".

 

Azərbaycanlı jurnalistin "Türkiyə Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə "dondurulmuş münaqişələr"in həllinə hansı təkliflər verə bilər" sualına cavabında: "Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri kimi mən "dondurulmuş münaqişələr" adlandırılan münaqişələrinin sülh yolu ilə öz həllinin tapmasının tərəfdarıyam. Təbii ki, bu münaqişələri biz diqqət mərkəzində saxlayacayıq"- deyə, cavablandırıb.

 

Qeyd edək ki, AŞNK sədrliyini qəbul edən Türkiyə 2011-ci ilin mayına kimi bu vəzifəni icra edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə